Şimali Kiprdə batan gəmidə 4 Azərbaycan vətəndaşı olub
31-08-2026, 07:44

Şimali Kipr sahillərində bu gün batan sərnişin gəmisində 4 Azərbaycan vətəndaşının olduğu məlum olub. Azərbaycan vətəndaşlarının hamısının qəza zamanı xilas edildiyi və hazırda vəziyyətlərinin yaxşı olduğu bildirilib.
TEREF xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu APA-nın Türkiyə bürosuna açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, gəmidə olan Azərbaycan vətəndaşlarından ikisi sərnişin, digər ikisi isə ekipaj üzvü olub. Dörd azərbaycanlının da xilas edildiyi bildirilir.
Həsənoğlu bildirib ki, sərnişin kimi gəmidə olan iki Azərbaycan vətəndaşına xəstəxanada lazımi tibbi yardım göstərilib. Müayinədən və ambulator tibbi müdaxilədən sonra onların hər ikisi xəstəxanadan evə buraxılıb.
Gəminin ekipajında çalışan Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov da xilas edilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan çıxmalarına icazə verilib. Hazırda hər iki şəxsin səhhətinin yaxşı olduğu bildirilir.
İtkin düşənlər arasında azərbaycanlı yoxdur
Qeyd edək ki, sərnişin gəmisi bu gün Şimali Kipr sahillərində, Girnə yaxınlığında qəza keçirərək batıb. Gəminin göyərtəsində ümumilikdə 267 nəfərin olduğu açıqlanıb.
Hadisədən sonra genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Son məlumata əsasən, 242 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. Hazırda 17 nəfərin axtarışı davam etdirilir.
Məlumata görə, axtarışda olan 17 nəfərin arasında Azərbaycan vətəndaşı yoxdur.
Hadisə ilə bağlı araşdırma davam edir. Gəminin hansı səbəbdən əvvəlcə yan tərəfə yatması, daha sonra isə çevrilərək tamamilə batmasının səbəbləri araşdırılır. Şimali Kipr rəsmiləri qəzanın dəqiq səbəbinin istintaq nəticəsində müəyyənləşdiriləcəyini bildiriblər.

