Harvarddan ayrılıb 2,5 milyard dollarlıq süni intellekt şirkəti qurdu
14-08-2026, 17:44

Profilaktik sağlamlıq üzvlük platforması “Function”ın dəyəri hazırda 2,5 milyard dollar qiymətləndirilir. Şirkətin həmtəsisçisi və kommersiya direktoru Pranita Patil (Pranitha Patil), baş direktoru Conatan Sverdlin (Jonathan Swerdlin), baş tibb direktoru doktor Mark Hayman (Dr. Mark Hyman), baş dizayn direktoru Set Vaysfeld (Seth Weisfeld), baş hüquq məsləhətçisi isə Den Sverdlin (Dan Swerdlin)dir.
Valyuta.az xəbər verir ki, “Function” istifadəçilərə 160-dan çox laboratoriya analizi, qabaqcıl MRT və KT müayinələri, həmçinin nəticələri anlamağa və növbəti addımları müəyyənləşdirməyə kömək edən süni intellekt əsaslı məlumat və tövsiyələr təqdim edir.
Şirkətin məlumatına görə, illik üzvlük haqqı 365 dollardır. Eyni həcmdə müayinələrin ayrı-ayrılıqda aparılması isə təxminən 15 min dollara başa gəlir.
“Function”ın həmtəsisçisi Pranita Patil bildirib ki, şirkətin yaradılması ideyası onun şəxsi sağlamlıq problemlərindən sonra formalaşıb. Yeniyetməlik illərində və 20 yaşlarının əvvəllərində ona polikistik yumurtalıq sindromu (PCOS) və prediabet diaqnozu qoyulub. Patilin sözlərinə görə, bu təcrübə ona səhiyyədə xəstəliklərin qarşısının alınmasına yönəlmiş yanaşmanın əhəmiyyətini göstərib.
“Qan analizlərimi izləyir və vəziyyəti özüm anlamağa çalışırdım. Səhiyyə sistemi elə qurulub ki, yalnız problem yarandıqdan sonra həkimə müraciət edirsiniz. Bu əlamətləri və göstəricilərdəki yüksəlişi daha əvvəl görsəydim, bununla bağlı tədbir görərdim”.
Harvarddan ayrılaraq “Function”ı qurmaq
Patil kompleks profilaktik sağlamlıq platforması yaratmaq ideyası yarandığı vaxt Harvard Universitetində dizayn mühəndisliyi üzrə magistr təhsili alırdı. O, belə bir xidmət axtarsa da, istədiyi məhsulu tapa bilmədiyini bildirib.
Daha sonra Conatan Sverdlinlə tanış olan Patil ideyanı həyata keçirmək qərarına gəlib və şirkəti qurmaq üçün Harvarddakı proqramını vaxtından əvvəl tərk edib.
“Adi illik tibbi müayinə sağlamlığınızın yalnız müəyyən bir andakı vəziyyətini göstərir. “Function” isə insanlara ən qabaqcıl məlumatları davamlı şəkildə təqdim edir”.
Süni intellekt sağlamlıq məlumatlarını birləşdirir
Şirkət fəaliyyətə qan və sidik üzrə laboratoriya analizləri ilə başlayıb. Patilin sözlərinə görə, əsas məqsəd əvvəldən laboratoriya nəticələri ilə yanaşı, tibbi görüntüləri, daşınan cihazlardan əldə edilən göstəriciləri və əvvəlki tibbi qeydləri vahid sistemdə birləşdirmək olub.
“Function” süni intellektdən istifadəçilərin sağlamlıq göstəricilərini izah etmək və onların nəticələr əsasında hansı addımları ata biləcəyini müəyyənləşdirmək üçün istifadə edir.
Şirkət, həmçinin müxtəlif mənbələrdən əldə olunan tibbi məlumatları birləşdirərək insanın sağlamlığının zaman ərzində bütöv mənzərəsini yaratmağa imkan verən sistem üzərində işləyir.
Patil bildirib ki, şirkətin uzunmüddətli məqsədi xidmətlərini mümkün qədər geniş auditoriyaya çatdırmaqdır.
“Məqsədimiz mümkün qədər tez səkkiz milyard insana çatmaqdır. İlk gündən fəaliyyətimizin əsas istiqaməti məhz bu olub. Süni intellekt bu məqsədə çatmağımıza kömək edir”, - deyə o, qeyd edib.
Satınalmalar şirkətin xidmətlərini genişləndirib
“Function” fəaliyyət miqyasını genişləndirmək üçün satınalmalardan da istifadə edib. Şirkət tibbi görüntüləmə xidmətlərini, “SuppCo” vasitəsilə qida əlavələri üzrə məlumat sistemini və “Getlabs” vasitəsilə evdə qan götürülməsi xidmətini öz platformasına əlavə edib.
Patilin sözlərinə görə, bütün xidmətlərin sıfırdan şirkət daxilində hazırlanması çox vaxt aparardı. Buna görə mövcud həllərin platformaya inteqrasiyası böyümə prosesini sürətləndirməyə imkan verib.
Səhiyyədə profilaktik yanaşmanı gücləndirmək
Patil hesab edir ki, süni intellekt səhiyyənin digər sahələrlə müqayisədə texnoloji geriliyini daha sürətlə aradan qaldırmağa imkan verə bilər. Bununla yanaşı, texnologiyanın tətbiqi zamanı insan amilinin və empatiyanın qorunmasının vacibliyini vurğulayıb.
Onun fikrincə, gələcəkdə insanlar sağlamlıq problemləri ciddi mərhələyə çatmamış onları müəyyənləşdirmək və vaxtında tədbir görmək üçün daha geniş imkanlara malik olacaqlar.

