"Uber" “Serve Robotics”dəki bütün səhmlərini satdı
13-08-2026, 17:34

"Uber" avtonom çatdırılma robotları hazırlayan “Serve Robotics” şirkətindəki bütün səhmlərini satıb. Tərəflər arasında robotların istifadəsi və əməliyyat modeli ilə bağlı fikir ayrılıqlarının yarandığı bildirilir.
Valyuta.az xəbər verir ki, şirkətin tənzimləyici quruma təqdim etdiyi sənədlərə əsasən, satış aprelin 1-dən iyunun 30-dək olan ikinci rübdə həyata keçirilib.
Martın sonuna “Uber” “Serve Robotics”in 2 milyondan çox səhminə sahib olub. Həmin vaxt səhmlərin ümumi dəyəri təxminən 17,5 milyon dollar təşkil edib. Satışdan əldə olunan məbləğ isə açıqlanmayıb.
“TechCrunch”ın məlumatına görə, “Uber”in bütün səhmlərini satması “Serve Robotics” üçün gözlənilməz olub. Şirkətin qərardan yalnız rəsmi sənədlərin yayımlanmasından sonra xəbər tutduğu bildirilir. Bununla belə, “Uber” 2025-ci ildən etibarən şirkətdəki payını tədricən azaldırdı.
“Serve Robotics”in əsası “Uber”in 2020-ci ildə 2,65 milyard dollara satın aldığı “Postmates”in robototexnika bölməsi əsasında qoyulub. Bölmə 2021-ci ildə “Serve Robotics” adı ilə müstəqil şirkətə çevrilib. “Uber” startapa investisiya yatırmaqla yanaşı, 2022-ci ildə onunla çatdırılma üzrə əməkdaşlığa başlayıb.
2023-cü ilin mayında tərəflər əməkdaşlığı genişləndirərək “Serve Robotics”in 2 minədək çatdırılma robotunun ABŞ-nin müxtəlif bazarlarında “Uber” tətbiqinə inteqrasiya edilməsini planlaşdırıblar. Lakin son dövrdə robot parkının koordinasiyası, restoranların sistemə inteqrasiyası və robotlardan istifadə modeli ilə bağlı tərəflərin fərqli yanaşmalarının olduğu bildirilir.
“Serve Robotics”in həmtəsisçisi və baş direktoru Ali Kaşani bildirib ki, “Uber” üzərindən həyata keçirilən çatdırılmalar 2022-ci ilin birinci rübündən 2026-cı ilin birinci rübünədək davamlı artıb. İkinci rübdə isə bu tendensiya dəyişib. O, azalmanı robotlardan gözləniləndən daha az istifadə olunması ilə əlaqələndirib.
Eyni dövrdə “Serve Robotics”in adı açıqlanmayan digər yemək çatdırılması tərəfdaşı vasitəsilə həyata keçirdiyi çatdırılmalar bir rüb ərzində təxminən 50% artıb.
Kaşani mövcud şəraitdə “Uber”lə 2027-ci ilin əvvəlində başa çatacaq əməkdaşlıq müqaviləsinin yenilənməsinin məqsədəuyğun görünmədiyini də bildirib.
“Uber”in səhmlərini satması iki şirkət arasındakı kommersiya əməkdaşlığının da sona yaxınlaşa biləcəyinə işarə edir. Bununla belə, “Uber” avtonom nəqliyyat sektorundan geri çəkilmir. Şirkət son illərdə 30-dan çox avtonom nəqliyyat texnologiyası şirkətinə investisiya yatırıb və ya onlarla tərəfdaşlıq qurub.
“Serve Robotics” isə ABŞ-də 2 mindən çox robotla fəaliyyət göstərdiyini və 4 mindən çox restorana xidmət etdiyini bildirir.

