Avtobus konduktoru sərnişinin başını bir neçə dəfə qapıya çırpıb - Bu ölkədə
13-11-2026, 16:54

Rusiyanın Novosibirsk şəhərində avtobus konduktoru sərnişinin başını bir neçə dəfə qapıya çırparaq onu salondan qovub.
32gun.az bildirir ki, bu barədə "İnsident Novosibirsk" "Telegram" kanalı məlumat yayıb.
Hadisə 3 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Nəqliyyat vasitəsi Kalinin küçəsi ilə irəliləyərkən konduktor sərnişinlərdən birini salondan çıxarmaq qərarına gəlib və onun başını bir neçə dəfə qapıya vurub. Eyni zamanda polisə avtobus salonunda ilkin ehtimallara görə sərxoş olan və dava-dalaş salan qadın barədə məlumat daxil olub. Bildirilib ki, sərnişin nalayiq ifadələr işlədib və qeyri-adekvat davranıb. O, polis bölməsinə aparılıb və barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsi (xırda xuliqanlıq) ilə inzibati protokol tərtib edilib.
Həmçinin məlum olub ki, eyni konduktor daha əvvəl də avtobusda qalmaqal yaradıb. Belə ki, kartla ödəniş terminalı işləmədiyi zaman o, gediş haqqını nağd şəkildə qəbul etməkdən imtina edib və sərnişindən nəqliyyat vasitəsini tərk etməyi tələb edib. Şahidlərin iradlarına isə təhqiramiz söyüşlərlə cavab verib. Həmin hadisədən sonra qadının işdən çıxarılmasına qərar verilib.

