Naxçıvan sakinlərinin rahatlığını pozan pivəxana - “Riva Pub” FOTO/VİDEO

21-09-2026, 09:36           
Naxçıvan sakinlərinin rahatlığını pozan pivəxana - “Riva Pub” FOTO/VİDEO
Naxçıvan şəhəri, 11-ci məhəllənin sakinləri mənə şikayət məktubu göndəriblər. Şikayətçilərin iddialarına görə, məhəllələrində, az qala divarlarına bitişik vəziyyətdə “Riva Pub” adlı bir pivəxana açılıb. Hər gün pivəxanaya toplaşan gənclər yeyib-içdikdən sonra səs salıb onları narahat edir. Dəfələrlə bu barədə Ali Məclisə, Prezidentin səlahiyyətli nümayəndəsinə, Prokurorluq və məhkəmə orqanlarına müraciət etsələr də heç bir tədbir görülmür.
Mənə göndərilən məktubdan bəzi sətirlər:
“Gecə saatlarında obyektdə içki qəbul edən şəxslər terasda və pəncərələrimizin bilavasitə altında yüksək səslə danışır, qəhqəhə çəkir və açıq-aşkar söyüş söyürlər; bu səslər və nalayiq ifadələr birbaşa evlərimizin içərisinə, hətta yataq otaqlarımıza qədər gəlib çatır. Ən ağır və ən dözülməz məqam odur ki, bu söyüşləri evlərimizdə böyütdüyümüz körpə uşaqlarımız — o cümlədən 13 aylıq körpəmiz — və yeniyetmə qızlarımız eşidir; bu isə uşaqların psixoloji sağlamlığına və ailə mühitinə birbaşa mənfi təsir göstərir”;
“Bu problemlə bağlı biz dəfələrlə həm şifahi (102 xidmətinə zənglərlə), həm də yazılı qaydada aidiyyəti dövlət orqanlarına — Daxili İşlər Nazirliyinə, Naxçıvan Şəhər Polis İdarəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə, Naxçıvan Şəhər İcra Hakimiyyətinə, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna, Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Səlahiyyətli Nümayəndəliyinə müraciət etmişik. Təəssüf ki, bu günə qədər məsələnin mahiyyətinə uyğun təsirli və nəticəli tədbir görülməmişdir. Üstəlik, dövlət orqanlarının cavabları öz-özlüyündə problemin real olduğunu təsdiq edir və hətta bir-biri ilə açıq ziddiyyət təşkil edir. Belə ki, Naxçıvan Şəhər Polis İdarəsi 30.06.2026-cı il tarixdə saat 02:22-də edilmiş zəng əsasında obyekti işlədən şəxsi idarəyə dəvət etmiş, həmin şəxs törətdiyi əməli səmimi etiraf etmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir”.
Şikayət məktubunun tamamını sabah yayımlayacağam.
Hələlik isə “hadisə yerindən” çəkilmiş video-görüntüləri təqdim edirəm.
Heydər Oğuz















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]