İnsanı süni intellektin gələcəyinə kim hazırlayır?
11-09-2026, 17:44

Texnologiyaya qeyri-ciddi yanaşmaq avamlıqdır.
Texnologiya insandan daha sürətli təhlil və araşdırma apara, qərar və plan verə bilir. Bu texnologiyalar öz-özünü inkişaf etdirir. Söhbət AI sistemlərindən gedir.
Bu templə davam etsə, 2030-cu ildən sonrakı dünyaya biz hazır deyilik.
Bu texnologiyaların əldə etdiyi məlumatları necə və harada istifadə edəcəyini biz insanlar proqnozlaşdıra bilməyəcəyik. Saniyələr içində müxtəlif elektron bazalara və təhlükəsizlik sistemlərinə müdaxilə edə bilən texnologiyalar insanlıq üçün təhlükəyə çevrilə bilər.
Müəyyən sahələrin mütəxəssislərini işsiz qoyduğunu artıq müşahidə edirik. Məsələn, biznes proses menecerinin işini artıq rahat görə bilir. Bu, sadəcə bir misaldır. Yüzlərlə peşə sahibini əvəz edir.
Lakin dəhşətlisi budur ki, müəyyən peşə üzrə mütəxəssis olmayan şəxs AI-nin verdiyi həll yollarına aldanaraq mütəxəssisə ehtiyac duymur. Çünki AI-nin səhvlərini görmür.
AI isə hələlik məlumat toplayır və öyrənir. Bir günə qədər...
O gün nə olacaq?
Problem AI-nin bir gün “insana çevrilməsi” deyil. Problem insanın yaratdığı çox güclü sistemi idarə etmək qabiliyyətini itirməsidir.
Və bəlkə də indidən cavab axtarmalı olduğumuz sual budur: Biz süni intellekti gələcəyə hazırlayırıq. Bəs insanı süni intellektin gələcəyinə kim hazırlayır?
Xəyyam Əsgərov
HR/İdarəetmə üzrə beynəlxalq standartlar üzrə ekspert

