Fransadakı Renuar muzeyinin soyulması ilə bağlı maraqlı detallar üzə çıxıb
9-09-2026, 10:08
Cinayətkarlar Fransanın cənubundakı Kan-sür-Mer kommunasında yerləşən fransız impressionisti Pyer Oqüst Renuarın muzeyindən rəsm əsərlərini oğurlamaq üçün üç dəqiqədən də az vaxt sərf ediblər.
TASS xəbər verir ki, bu barədə Marsel prokurorluğundan bildirilib.
"Üç dəqiqədən az bir müddətdə onlar rəssamın divarlardan asılmış dörd tablosunu - "Madam Kolonna Romano", "Quyunun yanında gənc qadın", "Madam Stefan Pişonun portreti" və "Koko mütaliə edərkən" əsərlərini çıxarıblar. Bu tablolar muzeyin kolleksiyasındakı ən dəyərli dörd sənət əsəri idi", - deyə qurumdan qeyd olunub.
Qeyd edilib ki, həyəcan siqnalı işə düşüb və bir neçə dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Cinayətkarlar qaçarkən muzeyin bağçasına iki rəsm əsərini - "Madam Stefan Pişonun portreti" və "Koko mütaliə edərkən" tablolarını atıblar.
Əlavə olunub ki, soyğunçular binaya pəncərədən daxil olublar.