SSRİ-də ən qanlı terror aktını azərbaycanlı törədib
1-10-2026, 11:54

SSRİ-də ən qanlı terror aktını azərbaycanlının törətdiyini bilirsinizmi? Təəssüf ki, belədir.
Bort nömrəsi CCCP-42379 olan Tu-104 təyyarəsi Moskva-Çelyabinsk-Novosibirsk-İrkutsk-Çita marşrutu ilə hərəkət edirdi. Uçuş 1973-ci il mayın 17-də axşam saatlarında başlamışdı.
Təyyarə İrkutskda endikdə onun göyərtəsinə 32 yaşlı Kirovabad (Gəncə) sakini Çingiz Yunis oğlu Rzayev mindi. Artıq mayın 18-də, Moskva vaxtı ilə təxminən 03:30-da, Çitaya enməyə hazırlaşanda Çingiz Rzayev təyyarənin Çinə uçmasını tələb etdi, əks halda kustar üsulla hazırladığı bombanı partladacağını bildirdi.
1970-ci ildə ata-oğul Brazinskasların Türkiyəyə təyyarə qaçırmalarından sonra (bu barədə status yazmışam), sərhədə yaxın ərazilərdə uçan təyyarələrdə milis nəfərləri olurdu. Bu təyyarədə də vardı.
Pilot kabinəsinə keçmək istəyən Çingiz Rzayevə milis Yojikov arxadan atəş açdı. Güllə terrorçunun ürəyindən dəydi, amma ölməzdən əvvəl bombanı işə sala bildi. Partlayış nəticəsində təyyarə parçalandı və burada olan 72 sərnişin və 9 heyət üzvünün hamısı həlak oldu.
SSRİ-də təkcə aviasiya sahəsində deyil, ümumilikdə ən qanlı terror aktı olan bir hadisədir.
Yadigar Sadigli

