Neftçilərin həyatı kimə və nəyə görə bu qədər ucuz başa gəlir?
Dünən, 11:10

Şikayət!
Nə üçün işçilərin dəniz platformalarına təhlükəsiz və vaxtında çatdırılması təmin edilmir?
Əvvəllər neft sənayesində rəhbər vəzifələrə gələn şəxslərin böyük əksəriyyəti məhz istehsalatın aşağı pillələrindən başlayaraq fəhləlikdən, mühəndislikdən, sahə rəhbərliyindən yüksəlmiş insanlar idi. Onlar neftçinin hansı şəraitdə işlədiyini, dənizdə hansı çətinliklərlə üzləşdiyini, hasilatın hansı zəhmət hesabına əldə olunduğunu yaxşı bilirdilər.
Artıq 7 gündür ki, 28 May Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) bir sıra əməkdaşları dənizdə yerləşən neft-qaz hasilatı platformalarına işə gedə bilmirlər. Buna səbəb helikopterlərin texniki vəziyyəti, uçuşların həyata keçirilməsində yaranan nasazlıqlar və hava nəqliyyatının etibarlılığı ilə bağlı ciddi problemlərdir.
Məsələni daha da narahatedici edən odur ki, helikopterlərin uçuş zamanı dəfələrlə texniki nasazlıqla üzləşməsi barədə məlumatlar mövcuddur. Bir neçə gün əvvəl 5 saylı DDÖ-dən havaya qalxan helikopter mühərrikində yaranmış nasazlıq səbəbindən məcburi eniş etmək məcburiyyətində qalmışdır.
Nə üçün işçilərin dəniz platformalarına təhlükəsiz və vaxtında çatdırılması təmin edilmir? Helikopterlərin texniki vəziyyətinə kim nəzarət edir və baş verən nasazlıqlara görə hansı vəzifəli şəxslər məsuliyyət daşıyır?
✅Digər bir ciddi narazılıq doğuran məsələ isə işçilər sahildə gözlədiyi halda, dəniz platformalarına bəzi rəhbər şəxslərin və SOCAR, “Azneft” İB strukturlarının nümayəndələrinin helikopterlə aparılıb-gətirilməsidir.
✅Əgər sıravi neftçi 5-7 gün ərzində iş yerinə gedə bilmirsə, hansı zərurətdən və hansı prioritet əsasında rəhbər şəxslərin və komissiya nümayəndələrinin dənizə daşınması təmin edilir?
Neftçilər arasında belə bir fikir formalaşıb ki, bu səfərlərin bir hissəsi dəniz ezamiyyəti ilə bağlı ödənişlərin əldə olunması məqsədi daşıyır. Əgər belə hallar mövcuddursa, onların qanuniliyinin, iqtisadi əsaslandırılmasının və məqsədəuyğunluğunun araşdırılması vacibdir.
Helikopterin mühərriki sıradan çıxdıqda onun içərisində rəhbər də, fəhlə də, mühəndis də eyni təhlükə ilə üz-üzə qalır. Ona görə də heç bir rəhbər şəxsin rahatlığı, heç bir komissiyanın səfəri, heç bir vəzifəli şəxsin marağı neftçinin həyatından üstün ola bilməz.
Neftçi istehsalatın əsas qüvvəsidir, rəhbərliyin şəxsi maraqlarına xidmət edən vasitə deyil!
Azərbaycan neftçisinin əməyinə, sağlamlığına və həyatına hörmət edilməlidir.
Aidiyyəti dövlət qurumlarından bu müraciətdə qaldırılan məsələlərə formal deyil, real araşdırma aparılmasını və neftçilərə əsaslandırılmış cavab verilməsini tələb edirik
Mirvari Gahramanli
TEREF

