Köhnə və nasaz helikopterlər, yararsız gəmilər, gecikdirilən növbələr nəticəsində maddi və mənəvi zərərə məruz qalan neftçilər yazır
22-11-2026, 09:54

ARƏM Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət:-İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
✅Köhnə və nasaz helikopterlər, yararsız gəmilər, gecikdirilən növbələr nəticəsində maddi və mənəvi zərərə məruz qalan neftçilər yazdı;
-SOCAR-da dəniz neftçilərinin əmək hüquqları və təhlükəsizliyinə qarşı laqeyd münasibət
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin dənizdə çalışan əməkdaşlarının iş növbələrinin dəyişdirilməsi ilə bağlı mövcud vəziyyət ciddi narahatlıq doğurur və aidiyyəti dövlət qurumlarının təcili müdaxiləsini tələb edir.
Xəzər dənizində yerləşən neft-qaz platformalarında çalışan SOCAR əməkdaşlarının növbə dəyişiklikləri əsasən helikopter və gəmi vasitəsilə həyata keçirilir. Lakin bu məqsədlə istifadə olunan nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ciddi suallar mövcuddur.Belə ki,:
✅SOCAR-ın dəniz neftçilərinin daşınmasında istifadə etdiyi helikopterlərin köhnəlməsi, texniki nasazlıqların dəfələrlə baş verməsi, uçuş zamanı məcburi eniş hallarının yaşanması işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.Bununla yanaşı, növbə dəyişiklikləri üçün nəzərdə tutulmuş gəmilərin də əksəriyyətinin köhnə və texniki cəhətdən yararsız vəziyyətdə olduğu bildirilir. Məlumatlara əsasən, Neft Daşlarına növbə dəyişmək üçün istifadə olunan müasir gəmilərdən biri də vaxtilə BP şirkətinə məxsus olmuş, sonradan istismarından çıxarıldıqdan sonra SOCAR tərəfindən istifadə edilməyə başlanmış gəmi hesab olunur.
Belə bir vəziyyətdə haqlı sual yaranır: SOCAR kimi böyük neft şirkətinin dənizdə çalışan əməkdaşlarının təhlükəsiz daşınmasını təmin etmək üçün niyə müasir və etibarlı nəqliyyat vasitələri kifayət qədər deyil?
✅İşçilərinə münasibətdə BP VƏ SOCAR arasındakı fərq
-BP şirkəti dəniz platformalarında çalışan əməkdaşlarının növbə dəyişikliklərini əsasən gəmi vasitəsilə həyata keçirir, zərurət yarandıqda isə helikopterlərdən istifadə edir.Verilən məlumata görə, BP şirkətinin istifadəsində olan AZE 50 və AZE 51 bort nömrəli helikopterlər müasir texnikadır və 2025-ci ildə əldə edilib.
Lakin SOCAR -ın həmin helikopterlərdən istifadə etməməsinin səbəblərindən birinin yüksək icarə xərcləri olduğu bildirilir.Əgər bu məlumat doğrudursa, çox ciddi sual yaranır:
✅Dəniz neftçilərinin həyat və sağlamlığının təhlükəsizliyi helikopterlərin icarə xərclərinə qənaət etməkdən daha az əhəmiyyətlidirmi?
SOCAR rəhbərliyindən tələb edirik ki, BP şirkəti ilə danışıqlar apararaq AZE 50 və AZE 51 helikopterlərinin SOCAR-ın dəniz platformalarında çalışan əməkdaşlarının növbə dəyişdirilməsi prosesinə cəlb edilməsi imkanlarını araşdırsın. Həmin helikopterlərin texniki, əməliyyat və uçuş təhlükəsizliyi baxımından uyğunluğu təsdiqləndiyi halda, onların icarə və ya digər müqavilə əsasında istifadəsi təmin edilsin.
✅ Azneft İB 28 MAY NQÇİ-də növbə dəyişiklikləri ən azı 5 gün gecikir ;
Məsələnin digər ciddi tərəfi isə iş növbələrinin vaxtında dəyişdirilməməsi və bunun işçilərin əmək və maddi hüquqlarına təsiridir.Xüsusilə qeyd etmək istəyirik ki, artıq bir aya yaxındır SOCAR-ın “Azneft İB 28 May Neft-Qaz Çıxarma İdarəsinin dənizdə çalışan əməkdaşlarının növbə dəyişiklikləri ciddi gecikmələrlə həyata keçirilir .Mövcud məlumatlara əsasən, ayrı-ayrı platformalar üzrə işçilərin növbə dəyişiklikləri ən azı 5 gün gecikdirilir. Nəticədə, dənizdə çalışan neftçilər müəyyən edilmiş iş növbəsindən artıq müddətdə dənizdə qalmaq, ailələrindən uzaq olmaq və istirahət hüquqlarından tam istifadə edə bilməmək məcburiyyətində qalırlar.
Digər tərəfdən, sahildə növbəsini gözləyən işçilərin də əməkhaqqı və maddi maraqları zərər görür.
✅Növbə gecikmələri SOCAR üçün maliyyə problemi yaratmırsa bəs işçilərə dəyən maddi ziyan niyə nəzərə alınmır?
Burada xüsusilə diqqətə çatdırmaq istəyirik ki, növbə dəyişikliklərinin gecikdirilməsi SOCAR üçün əlavə maliyyə yükü yaratmırsa, şirkətin bu gecikmələrin aradan qaldırılmasında marağının nə dərəcədə olduğu sual doğurur. Məsələn, hər hansı bir vəzifənin və ya işin görülməsi üçün bir işçiyə 100 manat əməkhaqqı vəsaiti nəzərdə tutulursa, həmin məbləğin 70 manatının dənizdə növbədən artıq qalan işçiyə, 30 manatının isə sahildə növbəsini gözləyən işçiyə aid olduğu bölgü tətbiq edilirsə, gecikmənin maddi nəticələri sahildə növbəsini gözləyən işçinin üzərinə düşə bilər.
Bu, əməkhaqqının faktiki hesablanması və ödəniş mexanizmi baxımından araşdırılmalı məsələdir.Beləliklə, növbə dəyişikliklərinin gecikdirilməsi bir tərəfdən dənizdə çalışan işçinin istirahət hüququna, digər tərəfdən isə sahildə növbəsini gözləyən işçinin maddi maraqlarına mənfi təsir göstərə bilər.
✅SOCAR rəhbərliyindən və aidiyyətli qurumlardan tələb edirik:
SOCAR-ın dəniz neftçilərinin daşınmasında istifadə etdiyi bütün helikopterlərin texniki vəziyyəti müstəqil qaydada yoxlanılsın. İstismar resursunu başa vurmuş və ya uçuşa yararlı olmayan helikopterlərin istifadəsinə yol verilməsin.
Son illərdə baş vermiş texniki nasazlıqlar və məcburi eniş hadisələri araşdırılsın, onların rəsmi statistikası açıqlansın.
Növbə dəyişiklikləri üçün istifadə olunan gəmilərin texniki yararlılığı və təhlükəsizlik standartlarına uyğunluğu yoxlanılsın.
BP şirkətinin istifadəsində olan AZE 50 və AZE 51 helikopterlərinin SOCAR-ın dəniz neftçilərinin növbə dəyişdirilməsinə cəlb edilməsi üçün müqavilə və icarə imkanları araşdırılsın.
Azneft İB 28 May NQÇİ üzrə son bir ay ərzində növbə dəyişikliklərinin ən azı 5 gün gecikməsinin səbəbləri müəyyən edilsin.
Növbə gecikmələri nəticəsində işçilərin əməkhaqqına və digər əmək təminatlarına dəyən maddi zərər araşdırılsın.
Dənizdə və sahildə növbə gözləyən işçilərin əmək və istirahət hüquqlarının pozulmasına hüquqi qiymət verilsin.
Dəniz neftçilərinin təhlükəsiz daşınması üçün müasir helikopter və gəmi parkının yaradılması istiqamətində konkret tədbirlər görülsün.
Araşdırmanın nəticələri və görülmüş tədbirlər barədə ictimaiyyətə rəsmi məlumat verilsin.
✅SOCAR rəhbərliyinə müraciət edirik:
Dəniz neftçiləri ailələrindən uzaqda, ağır və təhlükəli şəraitdə ölkəmizin iqtisadiyyatı və enerji təhlükəsizliyi üçün çalışırlar.
Onların təhlükəsiz nəqliyyatla təmin edilməsi, növbələrinin vaxtında dəyişdirilməsi, əməkhaqlarının düzgün hesablanması və istirahət hüquqlarının qorunması SOCARR-ın məsuliyyətidir.
Neftçilər köhnə və nasaz helikopterlərlə təhlükəli uçuşlara məruz qalmamalı, yararsız gəmilərlə daşınmamalı və texniki problemlər səbəbindən müəyyən edilmiş növbə müddətindən artıq dənizdə saxlanılmamalıdırlar.
Neftçinin həyatı maliyyə qənaətindən üstün olmalıdır! Neftçinin sağlamlığı, təhlükəsizliyi və əmək hüquqları qorunmalıdır!
SOCAR rəhbərliyindən bu məsələlərə münasibət bildirməyi, aidiyyəti dövlət qurumlarından isə təcili araşdırma apararaq qanunvericiliyə uyğun tədbirlər görməyi tələb edirik.
Bu məsələ diqqətdən kənarda qalmamalıdır!
Mirvari Gahramanli
TEREF

