CƏNAB PREZİDENT, VETERANIN SƏSİNİ EŞİDİN!
22-11-2026, 00:07

Mən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş, Vətən qarşısında borcumu yerinə yetirərkən sağlamlığımı qurban vermiş bir veteranam.
Bu gün məni düşündürən çox sadə, lakin həyati əhəmiyyət daşıyan bir sual var:
Vətən uğrunda sağlamlığını qurban verən veteranın hüquqlarını kim qoruyacaq?
Cənab Prezident İlham Əliyev dəfələrlə veteranlara diqqət və qayğı göstərilməsinin, onların incitilməməsinin vacibliyini vurğulayıb. Mən də bir veteran kimi dövlət qurumlarında bu mövqeyə hörmətlə yanaşılacağına inanmışam.
Lakin hazırda qarşılaşdığım vəziyyət məndə ciddi narahatlıq doğurur.
Heç bir töhmət və ya şiddətli töhmət almamağıma baxmayaraq, əmək haqqımın 1/4 hissəsinin tutulması ilə üzləşmişəm.
Mənim sualım konkret və aydındır:
Əmək haqqımdan 1/4 hissənin tutulması hansı qanuni əsasla həyata keçirilir?
Əgər barəmdə heç bir intizam tənbehi tətbiq edilməyibsə, əmək haqqımdan bu məbləğin tutulmasının hüquqi və faktiki səbəbi nədir?
Mən heç kimdən xüsusi imtiyaz tələb etmirəm. Mən yalnız qanun qarşısında ədalətli münasibət göstərilməsini, hüquqlarımın qorunmasını və veteran kimi mənə hörmətlə yanaşılmasını istəyirəm.
Mən Vətənin ən ağır günlərində Azərbaycan uğrunda döyüşmüş, sağlamlığımı bu yolda qurban vermişəm. Bu gün isə öz hüquqlarımı qorumaq üçün müraciət etməyə məcbur qalmışam.
Cənab Prezident!
Siz veteranlara diqqət və qayğı göstərilməsinin vacibliyini dəfələrlə vurğulamısınız. Mən də Sizdən xahiş edirəm:
Müraciətimə diqqət yetirilsin, “Azəriqaz” rəhbərliyinin əmək haqqımdan 1/4 hissənin tutulması ilə bağlı qərarı araşdırılsın və bu tutulmanın qanuni əsasları yoxlanılsın.
Əgər araşdırma nəticəsində tutulmanın qanunsuz olduğu müəyyən edilərsə, hüquqlarım bərpa olunsun və tutulmuş vəsait mənə geri qaytarılsın.
Veteranın Vətən qarşısındakı xidmətinə hörmət yalnız sözlə deyil, ədalətli münasibət və qanunun tələblərinə əməl olunması ilə də göstərilməlidir.
Mənim istəyim birdir: ƏDALƏT!
Vətən uğrunda sağlamlığımı qurban vermişəm. İndi isə haqqımın və qanuni hüquqlarımın qorunmasını istəyirəm!
Dasqin Abbasov

