Varlılar üçün vergi cənnətinə, kasıblar üçünsə vergi cəhənnəminə çevrilən ölkəmiz…

20-11-2026, 10:26           
Varlılar üçün vergi cənnətinə, kasıblar üçünsə vergi cəhənnəminə çevrilən ölkəmiz…
Kasıbın yumurtası vergidə, varlının milyonları kölgədə

Azərbaycan hökuməti kasıbları vergiyə cəlb eləmək üçün bütün imkanlarını səfərbər edib.
Vəziyyət o həddə çatıb ki, kəndlərdə əhalinin yumurtalarını saymaq, kuryerləri vergiyə cəlb eləmək kimi tədbirlər planı artıq bir neçə aydır hökumətdə müzakirə olunur. Deputatlar da kasıblar üçün yeni vergilərin "kəşf" edilməsi üçün yarışa giriblər.

İstər hökumət, istərsə də deputatlar yaxşı bilirlər ki, onların bu təklifləri ancaq sosial dəstəyə ehtiyacı olan kasıb əhaliyə qarşı yönəlib. Hansı ki, Azərbaycan əhalisinin 80 faizindən çoxunu təşkil edən kasıb əhali artıq gündəlik dolanışıqlarında heç nəyi uc-uca bağlaya bilmir və çoxdan öləziyən ümidlərinin cücərəcəyinə olan ümidlərini də öldürüblər.

Bəs varlılar? Niyə hökumət onlara qarşı heç bir vergi "kəşf" eləməyi düşünmür?

Adi bir misal, iki gün əvvəl ölkə mətbuatı Nigar Camalın özünə 420 min manata lüks avtomobil alması ilə bəzənmişdi. Bəs Nigar Camal ötən il, bu il dövlətə nə qədər vergi ödəyib? Vergilər Xidməti, ya da xanım Camal bunu açıqlaya bilərmi?

Söhbət təkcə Nigar Camaldan getmir. Hər gün telekanallarda, sosial şəbəkələrdə və saytlarda öz sərvətlərini böyük bir həzzlə və meşşan qüruru ilə nümayiş etdirən bütün müğənnilərdən gedir. Onlar eyni həzz və qürurla öz vergi bəyannamələrini nümayiş etdirə bilərlərmi?

Hardasa 20 ildən çoxdur ki, müğənnilərin vergiyə cəlb olunmasından danışılır. Əgər doğrudan da onlar vergiyə cəlb ediliblərsə, o zaman ən çox vergi ödəyən 10 müğənninin adlarını və ödədikləri verginin miqdarını açıqlasınlar. Yarım milyonluq maşın sürüb bir neçə milyonluq villalarda, ya da mənzillərdə yaşayanların illik vergisi ən azından 100 min manatı ötməlidir. Əgər bizdə belə bir vergi ödəyicisi olan müğənni varsa, o zaman irəli çıxsın. Əgər belə bir vergi ödəyicimiz varsa, mən indidən həmin şəxsdən üzr istəyirəm.

Bu gün Bakıda şadlıq evləri minimum 50 min manatdan icarəyə verilir. Sənəddə isə icarə haqqı 4-5 min göstərilir. Eyni vəziyyət Bakının bütün küçələrində fəaliyyət göstərən dükan və bazarlara da aiddir. O cümlədən bütün xidmət obyektlərinə də. Mall-larda, palas-larda eyni vəziyyət hökm sürür. Varlı obyekt sahibləri maksimum icarə haqqı alır, ən minimum səviyyədə vergi ödəyirlər. Vergi müfəttişləri bunu bilmirlərmi? Bilirlər. Hökumətdə bilir...

Məsələ ondadır ki, mülk və obyekt sahibləri ya yüksək mənsəbli məmurlardır, ya da həmin məmurların patronajlığı altında fəaliyyət göstərən şəxslərdir. Nədənsə hökumət, xüsusən də İqtisadiyyat Nazirliyi bu sahədə baş alıb gedən xaos və dərəbəyliyin qarşısını almaq və bu böyük vergi mənbəyini doğrudan vergiyə cəlb etmək üçün heç bir şey düşünmürlər, amma kuryeri vergiyə cəlb etməyi düşünürlər və bunu qanunauyğunluq kimi təqdim edirlər.

Ölkədə büdcəni doldurmaq üçün əsas mənbələrdən biri də villaların, bahalı mənzillərin vergiyə cəlb olunmasıdır. Bu həm də korrupsiyaya qarşı mübarizədə effektli ola bilər. Çünki ölkədən pul çıxara bilməyən məmurlar pullarını əsasən daşınmaz əmlaka qoyurlar. Yəni büdcədən oğurlanan pulların böyük əksəriyyəti villaların tikintisinə, bahalı mənzil və mülklərin alınmasına sərf olunur. Bu halda niyə hökumət villalara və qiyməti 500 min manatdan artıq mənzil və obyektlərə illik 15-20 faizlik vergi təyin eləmir? Bu ədalətli olmazmı? Bu yolla dövlət həm də büdcədən oğurlanan pulları tədricən yenidən öz büdcəsinə qaytarmış olar.

Azərbaycanda heç bir kiçik biznes sahibi vergidən yayına bilmir. Amma böyük şirkətlərin vergidən yayınması haqqında çoxlu məlumatlar var. Misal üçün MTK-ların ödədiyi vergi ümumilikdə toplanan vergilərin neçə faizini təşkil edir? Normalda bu 5-10 faizi təşkil etməlidir, amma doğrudanmı bu belədir?

Tikinti sektoru və MTK-lar həm də korrupsiya pullarının rəsmiləşdirilməsi üçün əsas platformaya çevrilib. Bu sektorda baş verənlər çoxdan araşdırılmalıydı, amma araşdırılmır. Meşədən çürük armudları toplayanlara cərimə tətbiq etməyi düşünənlər niyə bunu düşünə bilmir?

Özəl klinikaların demək olar ki, hamısında pasiyentləri nəğd ödənişə məcbur edirlər, rəsmi ödəniş isə ümumi ödənişin 15-20 faizini təşkil edir. Bu problem təkcə klinikalara aid deyil, bütün biznes strukturlarına aiddir.

Bütün bunların fonunda Vergilər Xidmətinin kəndlilərin toyuq və yumurtalarını saymağa qalxması isə ən yaxşı halda biabırçılıqdır. Çünki yumurtadan alınan qəpik-quruş vergi dənizə düşən bir yağış damcısı belə olmayacaq. Əsas ağırlıq təşkil edən və büdcəyə hiss olunacaq gəlir gətirəcək sahələr isə vergi cənnətində yaşayırlar.

Yumurtaları saymaqdansa, biz nə zaman hökumətdən, ya da elə deputatlardan, hətta siyasətçilərdən bu tipli təkliflər eşidəcəyik?

Düşünürəm ki, heç vaxt. Çünki heç kim oturduğu budağı kəsmək istəməz. O üzdən də ölkəmiz varlılar üçün vergi cənnətinə, kasıblar üçünsə vergi cəhənnəminə çevrilib.
Azər Qaramanlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]