Tikintidə azalma, mənzildə bahalaşma – Bazarda nə baş verir?

18-11-2026, 15:18           
Tikintidə azalma, mənzildə bahalaşma – Bazarda nə baş verir?
Azərbaycanda tikinti sektorunda müşahidə olunan geriləmə iqtisadiyyatın bu sahəsindəki mövcud vəziyyət və gələcək perspektivlərlə bağlı suallar yaradır. İlin ilk 10 ayında tikintidə yaradılan əlavə dəyərin 7 faiz azalması bu tendensiyanın səbəblərini, daşınmaz əmlak bazarına və ümumi iqtisadi fəallığa mümkün təsirlərini gündəmə gətirir.
Tikinti sektorunda 7 faizlik geriləmənin arxasında hansı əsas iqtisadi amillər dayanır? Bu, dövlət investisiyalarının azalması, özəl sektorun ehtiyatlı davranması, yoxsa tikinti bazarında tələbin zəifləməsi ilə bağlıdır?
Tikinti sektorunun kiçilməsi fonunda mənzil qiymətlərinin yüksək səviyyədə qalmasını necə izah etmək olar?
İqtisadçı Eldəniz Əmirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tikinti sektorundakı geriləmənin bir neçə əsas səbəbi var.

Onun sözlərinə görə, bu səbəblərdən birincisi dövlət investisiya layihələrində dinamikanın zəifləməsidir.

İqtisadçı hesab edir ki, ilin sonuna doğru dövlət investisiyalarının aktivliyində artım gözlənilir və bu, tikinti sektorundakı geriləmənin azalmasına təsir göstərəcək:

“Düşünürəm ki, ilin sonuna doğru investisiya aktivliyi artacaq və 7 faizlik azalma göstəricisi kifayət qədər yaxşılaşacaq. Ola bilər ki, gözlənilən artım tam təmin olunmasın, amma bütün hallarda hazırkı səviyyədə azalma müşahidə edilməyəcək. Çünki ilin əvvəlində vəsaitlərin az ayrılması, müəyyən xərclərlə bağlı məsələlər nəticədə belə bir vəziyyətə gətirib çıxarıb. Bu, səbəblərdən biridir”.

Eldəniz Əmirov ikinci səbəb kimi özəl investisiyaların tikinti sektoruna yönəldilməsinin azalmasını göstərib. O, mənzil tikintisindəki dinamikanın da ümumi göstəricilərə təsir etdiyini vurğulayıb. İqtisadçının fikrincə, bütün bu amillər nəticə etibarilə tikinti sektorunda 7 faizlik azalmaya gətirib çıxarır.

İqtisadçı mənzil bazarında qiymətlərin artmasına da münasibət bildirib. Onun sözlərinə görə, tikinti materiallarının, torpağın, işçi qüvvəsinin və enerjinin bahalaşması mənzil qiymətlərinin yüksəlməsinə təsir edən əsas amillərdəndir.

“Burada bir məqamı da nəzərə almaq lazımdır ki, tikinti sektorunda müşahidə olunan azalma birbaşa mənzil bazarı ilə bağlı deyil. Bu geriləmə daha çox dövlət investisiya layihələri ilə əlaqəlidir. Mənzil bazarında qiymət artımı isə əsasən paytaxtda və paytaxtətrafı ərazilərdə müşahidə olunur. Bu da urbanizasiya proseslərindən, əhalinin daha çox paytaxtda məskunlaşmağa üstünlük verməsindən qaynaqlanır”-deyə o bildirib.

Eldəniz Əmirov qarşıdakı dövrdə tikinti sektorunda müşahidə olunan geriləmənin əhəmiyyətli dərəcədə aradan qalxacağını proqnozlaşdırıb.

İqtisadçı hesab edir ki, dördüncü rübün nəticələri də ümumi göstəricilərə əlavə olunduqdan sonra geriləmə xeyli azala, hətta tamamilə aradan qalxa bilər:

“Qarşıdakı dövrdə böyük ehtimalla bu geriləmə böyük ölçüdə aradan qalxacaq. Çünki dövlət investisiya layihələrinə artıq ikinci rübdən başlayaraq bir çox istiqamətlərdə start verilib və ilin sonunadək də bu proses davam edəcək. Dördüncü rübün göstəriciləri də nəzərə alındıqda tikinti sektorundakı geriləmənin böyük ölçüdə azalması və ya tamamilə aradan qalxması mümkündür”.
































Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]