HÖRMƏTLİ VÜQAR HƏMİDOV! AZƏRİQAZ RƏHBƏRLİYİNƏ SUALIM VAR: VETERAN OLMAĞIM SİZİ NARAHAT EDİR?
18-11-2026, 00:10

Mən II Qarabağ müharibəsinin veteranıyam. Vətən uğrunda döyüşmüş, torpaqlarımızın azadlığı naminə həyatımı təhlükəyə atmışam. Bu gün isə işlədiyim dövlət müəssisəsində hüquqlarımı qorumaq üçün mübarizə aparıram!
İndiyədək heç bir töhmətim və intizam tənbehim olmayıb. 10-cu dərəcəli, Kommersiya şöbəsinin sıravi mühəndisiyəm. Lakin mənə ünvanlanan məktubda məhdud sayda əməkdaşın çıxış imkanına malik olduğu məxfi sənədi paylaşdığım iddia edilir.
Cənab Vüqar Həmidov, sualım var: Sıravi mühəndis olaraq həmin məxfi sənədə necə çıxış əldə edə bilərdim? Hansı səlahiyyətlərim olub? Buna dair hansı sübutlarınız var?
Mən həmin sənədi Telegram platformasında açıq yayımlanan səhifədən əldə etmişəm və izahat vermək üçün dəvət olunduğum quruma həmin səhifəni də təqdim etmişəm.
Heç bir əvvəlki intizam tənbehim olmadığı halda hansı əsasla əməkhaqqımın dörddəbir hissəsi tutulur? Bu qərar hansı hüquqi əsaslara söykənir?
Bu müəssisədə qanunlar kimə və necə tətbiq olunur?
Prezident İlham Əliyev müharibə veteranlarına diqqət və qayğının vacibliyini dəfələrlə vurğulayıb. Bəs Azəriqaz rəhbərliyi bu dövlət siyasətinə nə dərəcədə əməl edir?
Mən heç kimdən güzəşt istəmirəm! Sadəcə qanun, ədalət və halal zəhmətimin qarşılığını tələb edirəm!
Mənimlə bağlı iddianız varsa, sübutlarınızı ortaya qoyun! Sənədi haradan əldə etdiyimi göstərmişəm. Bəs məxfi sənədə çıxışım olduğunu nə ilə sübut edirsiniz?
Vətən uğrunda döyüşmüş bir insanın öz işlədiyi müəssisədə haqsızlıqla üzləşməsi nə dərəcədə doğrudur?
Mən Vətən qarşısında borcumu yerinə yetirmişəm! İndi Azəriqaz rəhbərliyindən bu məsələyə obyektiv və ədalətli yanaşmağı, qanunlara hörmətlə yanaşmağı tələb edirəm!
Dasqin Abbasov

