Sabah yox, elə bu gecə faciə baş verə bilər! - Video

16-11-2026, 08:44           
Sabah yox, elə bu gecə faciə baş verə bilər! - Video
Bu axşam Pirşağıdan Sumqayıta, dənizkənarı yolla, Görədil istiqamətində hərəkət edərkən qarşılaşdığım mənzərəni görməzlikdən gəlmək mümkün deyil. Yolun ortasına aşmış elektrik dirəyi var. Ətraf qaranlıqdır, yağış yağır, heç bir xəbərdarlıq nişanı qoyulmayıb. Ən dəhşətlisi isə odur ki, bu dirək sürücülərin qarşısına qəfil çıxa bilər. Mən avtomobili cəmi 30-40 kilometr sürətlə idarə etdiyim halda onu vaxtında görməkdə çətinlik çəkdim. İndi təsəvvür edin, həmin yoldan daha sürətlə hərəkət edən avtomobil keçərsə, nə baş verə bilər? Söhbət hansısa ehtimaldan getmir. Təhlükə elə indi, bu dəqiqə yolun ortasındadır.
Üstəlik, dirək işıqforun bir qədər yaxınlığında yerləşir. Yəni sürücülərin onsuz da diqqətli hərəkət etməli olduğu bir ərazidə əlavə və kifayət qədər ciddi təhlükə yaradılıb.

Bu, artıq adi yol problemi deyil. Bu, açıq-aşkar qəza riskidir. Həmin ərazi hazırda sürücülər üçün ölüm tələsinə çevrilib.

Belə təhlükəli vəziyyətin aradan qaldırılması üçün hansısa mürəkkəb layihəyə, böyük maliyyəyə, aylarla davam edəcək işlərə ehtiyac yoxdur. Əvvəlcə əraziyə məsul qurumun əməkdaşları gəlməli, yolu təhlükəsiz vəziyyətə gətirməli, heç olmasa xəbərdarlıq nişanları və qoruyucu vasitələr yerləşdirməlidir. Sonra isə aşmış dirəyin götürülməsi və problemin tam həlli təmin olunmalıdır.

Amma görünən odur ki, hələlik heç kimin vecinə deyil.

Bizdə qəribə bir idarəçilik vərdişi formalaşıb. Təhlükə göz qabağındadır, problem ortadadır, insanların həyatı risk altındadır, amma məsuliyyət daşımalı olanlar sanki həmin ərazidən heç vaxt keçmirlər. Keçirlərsə də, görmürlər. Görürlərsə də, reaksiya vermirlər.

Sonra qəza baş verir. Kimsə yaralanır, bəlkə də həyatını itirir. Bundan sonra başlayır araşdırmalar, açıqlamalar, məsul şəxslərin müəyyənləşdirilməsi, başsağlığı mesajları... Hərə bir cümlə qurur, hərə öz məsuliyyətindən yayınmağa çalışır. Halbuki bütün bunların qarşısını almaq üçün bir hadisənin baş verməsini gözləmək lazım deyil.

Mənim sualım çox sadədir: İnsanların təhlükəsiz hərəkət etməsi üçün həmin yolda kimin məsuliyyəti var? Elektrik dirəyinin aşaraq avtomobillərin hərəkət hissəsində qalmasına kim nəzarət etməlidir? Niyə bu təhlükə aradan qaldırılmır? Niyə sürücülər hər dəfə yola çıxanda özlərini gözlənilməz təhlükələrlə üz-üzə hiss etməlidirlər?

Dövlətin, qurumların, xidmət sahələrinin vəzifəsi yalnız baş vermiş hadisələrə reaksiya vermək deyil. Əsas məsuliyyət hadisənin qarşısını almaqdır. İnsanların həyatını qorumaqdır. Bir təhlükəni vaxtında görmək, onu aradan qaldırmaqdır.

Bunun üçün kimsənin ölməsini gözləmək lazım deyil.

Aidiyyəti qurumlara səslənirəm: Pirşağı-Sumqayıt dənizkənarı yolunun Görədil istiqamətindəki həmin əraziyə təcili baxış keçirilsin, aşmış elektrik dirəyi götürülsün və yol təhlükəsiz vəziyyətə gətirilsin.

Çünki orada baş verə biləcək qəzanın məsuliyyətini heç bir xəbərdarlıq lövhəsi, heç bir başsağlığı və heç bir sonrakı açıqlama aradan qaldırmayacaq.

İnsan həyatını qorumaq üçün əvvəlcə insanın başına bəla gəlməsini gözləməmək lazımdır.

İradə Cəlil, Bizimyol.info













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]