160 ailə zibillik içində qalıb – Sakinlər üsyan edir (VİDEO)
15-11-2026, 10:58

Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən və “Şuşa şəhərciyi” kimi tanınan yaşayış massivində antisanitar vəziyyət yaranıb.
Doğru.az xəbər verir ki, sakinlərin redaksiyamıza göndərdiyi görüntülərə əsasən, 480 saylı binanın qarşısında böyük zibil yığını əmələ gəlib. Vətəndaşların sözlərinə görə, artıq iki aydır ərazidən məişət tullantıları daşınmır.
Şikayətçilər bildirirlər ki, ərazidə yaşayan təxminən 160 ailə üfunət qoxusu və antisanitariya şəraitində yaşamağa məcburdur.
Sakinlərdən biri narazılığını belə ifadə edib:
“İki aydır bizim zibillərimiz yerdən götürülmür. Kimə müraciət ediriksə, deyirlər, əlinizə çatır, gedin qoyun ora. Biz nə edək, kimə müraciət edək? Bu birinci hal deyil, bütün qəsəbə bu gündədir. Xahiş edirik, buna bir əncam çəkəsiniz”.
Görüntülərdə zibil tullantılarının yaşayış binalarının qarşısına, yardımçı tikililərin ətrafına və avtomobillərin hərəkət hissəsinədək yayıldığı görünür.
160 ailənin yaşadığı ərazidə iki aydır davam edən bu vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlər Sabunçu Rayon İcra Hakimiyyətindən və aidiyyəti kommunal xidmətlərdən problemin təcili həllini, ərazinin zibillərdən təmizlənməsini tələb edirlər.
Görəsən, 160 ailənin iki aylıq şikayətini eşidən olacaqmı?

