Taksi parklarında qanunsuzluq - Ban nömrələri FƏRQLİDİR

15-11-2026, 10:18           
Taksi parklarında qanunsuzluq -
Qəzaya düşən taksi avtomobilinin nömrəsi eyni model, eyni rəng avtomobil üzərinə taxılır, ban nömrəsi isə fərqli olur.
Taksi fəaliyyəti göstərən bəzi şirkətlərin avtomobillərlə bağlı qanunsuz əməliyyatlar apardığı iddia olunur.
Belə ki, qəza törədən və ya zədələnən taksi avtomobilinin dövlət qeydiyyat nişanının eyni marka, model və rəngdə olan başqa avtomobilə taxılaraq yenidən xəttə buraxıldığı bildirilir.

Bununla bağlı Ajans.az-a danışan Taksi Sürücüləri İctimai Birliyinin rəhbəri Elşad Eldarov bildirib ki, bəzi taksi parklarında qəza törətmiş avtomobilin əvəzinə sahibkara yeni avtomobil təqdim olunur.

Lakin zədələnmiş avtomobilin dövlət qeydiyyat nişanı yeni avtomobilə taxılaraq həmin nəqliyyat vasitəsi yenidən taksi xidmətinə cəlb edilir.

Elşad Eldarov bildirib ki, bu cür hallarla bağlı şifahi şəkildə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib, məsələni Taksi departamentinin nümayəndələrinə də çatdırıb.

Amma ona bu halların fiziki olaraq araşdırılmasının mümkün olmadığı bildirilib.

Birlik rəhbəri qeyd edib ki, taksi fəaliyyəti üçün verilən buraxılış kartı konkret avtomobilə aid olur. Həmin kartda nəqliyyat vasitəsinin ban nömrəsi, dövlət qeydiyyat nişanı, rəngi və digər məlumatlar əks olunur. Bundan əlavə, avtomobilin vizual görüntüsü xüsusi tətbiq vasitəsilə qeydə alınır.

Onun iddiasına görə, bəzi parklar bu tələblərdən yayınaraq bir avtomobilə aid dövlət qeydiyyat nişanını başqa nəqliyyat vasitəsinə keçirirlər.

Bu zaman avtomobillərin ban nömrələrinin uyğunluğu lazımi qaydada yoxlanılmır.

O hesab edir ki, belə hallar gələcəkdə həmin avtomobillərin iştirakı ilə baş verə biləcək qəza və ya digər hüquqazidd hadisələrin araşdırılmasında ciddi problemlər yarada bilər.

O, xüsusilə Bolt və Yango platformalarında fəaliyyət göstərən bəzi taksi parklarında bu cür halların müşahidə edildiyini iddia edib.

Bildirib ki, əvvəllər hər iki platformada qanun pozuntuları və müxtəlif manipulyasiyalarla əlaqədar bəzi parkların fəaliyyəti dayandırılsa da, yoxlamalar davamlı olmalıdır.

Onun fikrincə, problemin qarşısını almaq üçün AYNA tərəfindən bütün taksi parklarında genişmiqyaslı audit aparılmalı, Dövlət Yol Polisi tərəfindən isə yollarda reydlər təşkil edilməlidir.

O təklif edib ki, yoxlamalar zamanı yalnız avtomobillərin hazırkı vəziyyəti deyil, əvvəlki aylardakı fəaliyyət statistikası da araşdırılsın. Xüsusilə qəza törətmiş avtomobillərin sonradan hansı nəqliyyat vasitələri ilə əvəz olunduğu və həmin avtomobillərin taksi xidmətində istifadə edilib-edilmədiyi müəyyənləşdirilməlidir.

Eldarov əlavə edib ki, bəzi taksi parklarında sertifikatı olmayan sürücülərin fəaliyyət göstərməsi və sürücü profillərinin dublikatlarının yaradılması halları da mövcuddur.

Onun sözlərinə görə, bu istiqamətdə də mütəmadi yoxlamalara ehtiyac var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]