Ukrayna ordusu üçün peyk interneti ətrafında çoxlu söz-söhbət var, amma əsas faktları ayırd etsək, yalnız aşağıdakılar qalır

15-11-2026, 11:34           
Ukrayna ordusu üçün peyk interneti ətrafında çoxlu söz-söhbət var, amma əsas faktları ayırd etsək, yalnız aşağıdakılar qalır
1. Ümumi təyinatlı Starlink'in özü işlək vəziyyətdədir. O, İlon Musk'ın özəl şirkətinə həm məxsusdur, həm də bu şirkət tərəfindən idarə olunur. İnternet satılır, ondan necə istifadə edəcəyini hərə özü bilər. Bazar bazardır. Hər şey ədalətlidir.
2. Starlink peyklərinin üzərində Musk'ın özəl şirkətinə deyil, ABŞ hərbi idarəsinə, yəni dövlətə məxsus olan və onun tərəfindən idarə olunan proqram və fiziki hissələr də var.
3. Ukrayna döyüş aparatlarının və ya mərmilərinin hərəkət sürəti saata 160 kilometrə çatanda bu hissələr xidmət göstərməni dərhal dayandırır. Nəticədə mərmilər nəyi və harda vuracağını bilmir.
4. Bu toxtamanın səbəbi sözü gedən hissələrin ABŞ dövlətinə məxsus olması və dövlət tərəfindən idarə olunmasıdır. Kreml deyəndə ki, "yoxsa bu mənsubiyyət ABŞ'ni döyüşün iştirakçısına çevirər", Vaşinqton hələlik ortaya ciddi əks-arqument qoya bilmir.
5. Rusların dediyi sırf nəzəri arqument deyil. Rusiyanın kosmosdakı cavab tədbirləri Starlink sistemini fiziki olaraq da məhv edə bilər. Üstəlik, ruslar özlərinin bu hərəkətini qəsdən verilmiş hərbi cavab kimi yox, təsadüf kimi də təqdim edə bilərlər.
6. ABŞ'nin indiki tərəddüdlü mövqeyini bəyənməyənlər aydın əks arqument hələ irəli sürmür. Duyğulu boşboğazlıq daha çox nəzərə çarpır.
Buna baxmayaraq, Kremlin hüquqi arqumentlərini heç etmək üçün Amerikada hazırlıq işlərinin aparıldığını da güman edirəm.
Məsələn, gələcəkdə Ukrayna ordusunun döyüş maşınlarını internetlə təmin edən müqavilədə satılan malın mahiyyətinə yenidən baxıla bilər. Məhz nəyin satıldığı və hansı anda satıldığı müqavilədə tam başqa cür yazılmaqla.
Hər ölkənin hərbi idarəsi özəl şirkətsiz də mal istehsal edib onu istənilən ölkəyə sata bilər. İndiki malların getdikcə daha çox rəqəmsal olması təsəvvürlərdə biraz çaşqınlıq yaradır. Çox güman, ABŞ ordusunun Ukrayna ordusuna satdığı malın – internetin – hüquqi çərçivəsi lazımsız anlayışlardan təmizlənəcək və bu mal mənaca silah nişangahına bənzər bir şeyə çevriləcək. Belə bir malın satışı isə kəşfiyyat mübadiləsindən və ya ABŞ ordusunun hərbi hissəsində xidmət edən adamın Ukrayna mərmisi üçün interneti birbaşa şəkildə işlək vəziyyətdə saxlamasından fərqli olaraq, hüquqi nəticə yaratmır.
Rəqəmsal hərbi mallar üçün yeni hüquqi çərçivə tam yetişənədək Rusiya-Ukrayna müharibəsi qurtarsa belə, təzə nəzəri yanaşmaya istənilən halda ehtiyac vardır və bu təzələnmənin nəticələrini ən yaxın gələcəkdə gözləməliyik.
İlqar Məmmədov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]