AZƏRİQAZDA “STRUKTUR DƏYİŞİKLİYİ”: AŞAĞIDA ŞTAT YOXDUR, YUXARIDA DEPARTAMENT ÇOXDUR!
15-11-2026, 00:07

Azəriqazda maraqlı bir idarəçilik modeli tətbiq olunur. Regionlarda illərlə çalışan, qaz xətlərinə xidmət edən, abonentlərin problemlərini həll edən, qəza zamanı gecə-gündüz çalışan əməkdaşların ştatları ləğv edilir. Səbəb isə həmişəki kimi eynidir: struktur dəyişikliyi və optimallaşdırma.
Amma qəribə mənzərə yaranır: aşağıda işçilərin sayı azalır, mərkəzdə isə yeni departamentlər yaradılır.
Məsələn, Azəriqaz İstehsalat Birliyində Tənzimləyici münasibətlər və normativ idarəetmə departamenti yaradılır.
Regionda çalışan işçiyə deyilir:
— Ştatın ləğv olunur!
Mərkəzdə isə yeni strukturun qapısı açılır:
— İdarəetmə genişlənir!
Bu necə optimallaşdırmadır? Əgər məqsəd xərcləri azaltmaq və səmərəliliyi artırmaqdırsa, niyə xidmət göstərən əməkdaşların sayı azalır, idarəetmə aparatının strukturu isə genişlənir?
Qaz təsərrüfatının əsas yükünü daşıyan işçilər ixtisar edilir, amma yeni departamentlərin yaradılmasına ehtiyac yaranır. Bəs abonentin problemini kim həll edəcək? Qəza zamanı kim xidmət göstərəcək? Regionlarda işçi çatışmazlığı necə aradan qaldırılacaq?
Unutmaq olmaz ki, qaz təsərrüfatı kabinetlərdə deyil, sahələrdə işləyən insanların əməyi ilə ayaqda qalır.
OPTİMALLAŞDIRMA işçini azaltmaq, idarəçilik aparatını böyütmək demək deyil!
İctimaiyyətin cavab gözlədiyi əsas suallar bunlardır:
1. İxtisarların iqtisadi əsaslandırılması nədir?
2. Yeni departamentlərin yaradılması hansı zərurətdən irəli gəlir?
3. Bu dəyişikliklər büdcəyə nə qədər qənaət gətirəcək?
4. Regionlarda xidmət keyfiyyətinə və qəza təhlükəsizliyinə necə təsir edəcək?
Azəriqaz rəhbərliyindən bu suallara aydın və əsaslandırılmış cavab gözlənilir.
Çünki qazın təzyiqi düşəndə problem yaranır, amma idarəçilik aparatının təzyiqi artanda bunun hesabını işçi və abonent ödəməməlidir!
Dasqin Abbasov
TEREF

