Xətaidə 7 illik idarəçilik - Rafiq Quliyevin fəaliyyəti nə ilə yadda qalıb? - Araşdırma
13-11-2026, 17:49

Xətai rayonunun son yeddi illik inkişaf mənzərəsi ilə bağlı apardığımız araşdırma bir sıra maraqlı rəqəmləri və sualları üzə çıxarıb. Sənaye istehsalının həcmi, məşğulluq göstəriciləri, ağacların kəsilməsi, şəhərsalma problemləri, kollektorların üzərində tikilən evlər və sakinlərin şikayətləri rayon rəhbərliyinin fəaliyyətinin daha ciddi qiymətləndirilməsini zəruri edir.
Bizimesr.info xəbər verir ki, Bakı şəhərinin inzibati rayonlarından biri olan Xətai paytaxtın həm əhali sıxlığı, həm sənaye potensialı, həm də şəhərsalma baxımından əhəmiyyətli ərazilərindən hesab olunur. Rayonun inkişafı, infrastruktur problemlərinin həlli və əhalinin sosial rifahının yaxşılaşdırılması yerli idarəetmənin qarşısında dayanan əsas vəzifələrdəndir.
Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Beləliklə, onun rəhbərliyi artıq yeddi ilə yaxın müddəti əhatə edir.
Maraqlıdır, bu müddət ərzində Xətai rayonunda hansı dəyişikliklər baş verib? İqtisadi inkişaf hansı səviyyədədir? Yeni zavod və fabriklər tikilibmi? Əhalinin məşğulluq vəziyyəti yaxşılaşıbmı? Yaşıllıq sahələri genişlənib, yoxsa tikinti və obyektlərin inşası naminə məhv edilib? Bəs illərdir sakinləri narahat edən kommunal və şəhərsalma problemləri nə dərəcədə həll olunub?
Bizimesr.info bu suallara cavab tapmaq üçün rayonun statistik göstəricilərini, icra hakimiyyətinin hesabatlarını, dövlət qurumlarının açıqlamalarını və mediada yayımlanan faktları araşdırıb.
332 min nəfər əhalisi olan rayonda inkişafın real göstəriciləri hansılardır?
Xətai Rayon İcra Hakimiyyətinin rəsmi məlumatına əsasən, rayonun ərazisi 31,6 kvadratkilometr, əhalisi isə 332 min nəfərdən artıqdır. Dövlət Statistika Komitəsinin 2024-cü il yanvarın 1-nə olan məlumatında əhalinin sayı 332 195 nəfər göstərilir.
Bu rəqəmlər Xətainin Bakı şəhərinin ən sıx məskunlaşmış rayonlarından biri olduğunu göstərir. Rayonun ərazisində köhnə yaşayış binaları, yeni tikilmiş çoxmərtəbəli komplekslər, sənaye müəssisələri, ticarət obyektləri və iri şəhərsalma layihələri yerləşir. Xüsusilə Əhmədli, Köhnə Günəşli, NZS və digər yaşayış massivlərində infrastrukturun vəziyyəti əhalinin gündəlik həyatına birbaşa təsir göstərir.
Rəsmi məlumatlara görə, rayonda 39 orta məktəb, 47 uşaq bağçası, 4 ali təhsil müəssisəsi, 17 dövlət və 19 özəl səhiyyə müəssisəsi fəaliyyət göstərir.
Belə bir ərazidə əhalinin artan ehtiyaclarının qarşılanması üçün təkcə yeni yaşayış binalarının inşası əlbətdə kifayət deyil. Məktəb və bağçaların tutumu, kanalizasiya sistemi, yollar, parkinq imkanları, yaşıllıq sahələri və kommunal xidmətlər də əhalinin sayına uyğun inkişaf etdirilməlidir.
Məhz bu məqamda əsas suallar meydana çıxır - əhali sıxlığı artdığı halda infrastruktur eyni sürətlə yenilənirmi? Yeni yaşayış komplekslərinin tikintisi ilə yanaşı, mövcud yaşayış massivlərinin problemləri nə dərəcədə həll edilir?
Sənaye istehsalı 698,9 milyon manatdır, bəs yeni zavod və fabriklər haradadır?
Xətai rayonu tarixən Bakı şəhərinin sənaye əhəmiyyətli ərazilərindən biri olub. Burada neft emalı, gəmiçilik, toxuculuq, energetika və digər istehsal sahələri formalaşıb. Rayonun rəsmi məlumatlarında Heydər Əliyev adına Neft Emalı Zavodu, Bakı İstilik Elektrik Mərkəzi, Bakı Avtomobil Sənaye ASC, Z.Tağıyev adına Toxucu-Tikiş Sənaye Kombinatı, Radioquraşdırma zavodu və digər müəssisələrin adları çəkilir.
Lakin bu müəssisələrin mövcudluğu onların hamısının hazırda eyni istehsal gücü ilə işləməsi demək deyil. Eyni zamanda, onların əksəriyyətinin yaradılması Rafiq Quliyevin rəhbərliyi dövründən xeyli əvvələ təsadüf edir.
Xətai RİH-in 9 yanvar 2026-cı ildə keçirilən hesabat yığıncağında açıqlanan məlumatlara əsasən, 2025-ci ilin əvvəlindən rayonun sənaye sahələrində 698,9 milyon manatlıq məhsul istehsal edilib. Xidmət sahələrinin həcmi isə 861 milyon manata çatıb.
İlk baxışdan bu, kifayət qədər böyük iqtisadi göstəricidir. Ancaq statistik rəqəmlərin arxasında cavablandırılmalı başqa suallar da var. 2019-cu ildə Xətai rayonunda sənaye məhsulunun istehsal həcmi nə qədər idi? Sonrakı illərdə bu göstərici hansı templə artıb? İstehsalın artımı yeni müəssisələrin yaradılması hesabına baş verib, yoxsa əvvəldən fəaliyyət göstərən iri sənaye müəssisələrinin istehsalından formalaşıb? Ən əsası, Rafiq Quliyevin rəhbərliyi dövründə rayonda neçə yeni zavod və fabrik tikilərək istifadəyə verilib?

İcra hakimiyyətinin hesabatında 698,9 milyon manatlıq istehsal göstəricisi təqdim edilsə də, yeni yaradılmış sənaye müəssisələrinin sayı, onların istehsal gücü və təmin etdikləri daimi iş yerləri barədə ayrıca müqayisəli məlumat yoxdur. Digər tərəfdən, sənaye istehsalının nominal həcminin artması avtomatik olaraq real iqtisadi inkişaf demək deyil. Bunun üçün inflyasiya, istehsalın fiziki həcmi, məhsuldarlıq və müəssisələrin məşğulluğa təsiri də nəzərə alınmalıdır. Beləliklə, 698,9 milyon manatlıq istehsal rəqəmi açıqlansa da, bu göstəricinin rayonun iqtisadi həyatına və sakinlərin sosial vəziyyətinə konkret təsiri hələ də açıq qalır.
Xətai rayonunda işsizlərin sayı nə qədərdir?
Rayonun sosial-iqtisadi vəziyyətini qiymətləndirmək üçün ən mühüm göstəricilərdən biri məşğulluqdur.
Xətai RİH-in 2025-ci il üzrə hesabatında 7 957 nəfərin işlə təmin (?) olunduğu bildirir. Bundan başqa, 189 nəfərin özünüməşğulluq proqramına cəlb edildiyi, peşə hazırlığı kurslarından sonra 417 nəfərin işlə təmin olunduğu qeyd edilir. Eyni hesabatda 896 aztəminatlı ailənin sosial yardımla əhatə edildiyi göstərilir.
Lakin burada mühüm bir məsələ var - 7 957 nəfərin işlə təmin edilməsi hansı metodologiya əsasında hesablanıb? Bu şəxslər harda işləyir? Bu faktlar açıq göstərilmir. Sadəcə rəqəmlər var.
Bu sualların cavabı olmadan 7 957 nəfərlik rəqəmi yeni yaradılmış daimi iş yerlərinin sayı kimi təqdim etmək düzgün olmaz.
Daha vacib məsələ isə rayon üzrə faktiki işsizlərin sayıdır. Xətai RİH-in açıq hesabatında 2019-cu ildəki işsizlik göstəricisi ilə 2025-ci ilin göstəricisi arasında müqayisə aparılmır. İşsizliyin hansı səviyyədə olduğu, neçə nəfərin iş axtardığı və neçə nəfərin uzun müddət işsiz qaldığı barədə də dolğun məlumat verilmir. Beləliklə, məşğulluqla bağlı müsbət rəqəm açıqlansa da, rayonun real əmək bazarının vəziyyətini qiymətləndirmək üçün yetərli məlumat yoxdur. Xüsusilə sənaye müəssisələrinin yerləşdiyi Xətai rayonunda yeni iş yerlərinin yaradılması, peşə hazırlığı və yerli sakinlərin istehsal sektorunda məşğulluğu əsas prioritetlərdən biri olmalı idi. Beləliklə, bu hissədə yalnız rəqəmlər var, işsizlərin sayı ilə hesablanmayacaq qədərdir.
8 min ağac əkilib... Bəs məhv edilən ağacların hesabını kim aparır?

Xətai rayonunda son illərdə ən çox müzakirə edilən məsələlərdən biri yaşıllıq sahələrinin taleyidir. İcra hakimiyyətinin 2025-ci il hesabatında rayon ərazisində 8 minədək müxtəlif növ ağac, 70 mindən çox gül və dekorativ kol əkildiyi bildirilir. Eyni zamanda, 150 hektar yaşıllıq sahəsinin qorunması, suvarılması və onlara müntəzəm qulluq göstərilməsi barədə məlumat verilir.
Bundan başqa, 8 Noyabr prospekti - Zığ yolu boyunca 12 kilometrlik ərazidə yaşıllaşdırma işlərinin aparıldığı qeyd olunur. Ancaq bir məqam diqqətdən yayınmır: ağac əkmək qədər mövcud ağacları qorumaq da yerli idarəetmənin vəzifəsi deyilmi? Bu suala cavab vermək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xətai rayonu ilə bağlı açıqladığı faktlara baxmaq kifayətdir.
Xətai rayonunda 14 mart 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. | Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti
Nobel prospekti- 29 ağac və kol bitkisi məhv edilib
2020-ci il sentyabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nobel prospekti 187 ünvanında ağacların kəsilməsi ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. Məlum olub ki, “Real-Park” MMC-nin istifadəsində olan ərazidə 29 ağac və kol bitkisi məhv edilib. Təbiətə 14 880 manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib. Toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Məzahir Rüstəmov küçəsi - obyektin genişləndirilməsi zamanı ağac kəsilib
2020-ci il iyunun 11-də nazirliyin açıqlamasında Xətai rayonu, Məzahir Rüstəmov küçəsində obyektin genişləndirilməsi zamanı bir iydə ağacının kəsildiyi, iki meyvə ağacının isə tikilinin daxilində qaldığı bildirilib. Obyekt sahibi 2 800 manat cərimələnib. Tikintinin dayandırılması üçün Xətai RİH-ə və Bakı Şəhər Şəhərsalma və Arxitektura İdarəsinə müraciət edildiyi açıqlanıb.

8 Noyabr prospekti - 5 ağac kəsilib
2021-ci il avqustun 6-da Ekologiya Nazirliyi 8 Noyabr prospekti 189 ünvanında “Real-Park” MMC tərəfindən aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyini açıqlayıb. Təbiətə 5 280 manat ziyan dəydiyi müəyyənləşdirilib və sənədlər Baş Prokurorluğa göndərilib.
Sarayevo küçəsi - avtomobil dayanacağı üçün ağaclar məhv edilib
2022-ci il oktyabrın 24-də nazirlik Sarayevo küçəsi, 22 saylı binanın arxasında ağacların kəsilməsi faktını açıqlayıb. Araşdırma nəticəsində ağacların avtomobil dayanacağı salınması məqsədilə “Turan 97” MMC tərəfindən kəsildiyi və təbiətə 8 580 manat ziyan dəydiyi müəyyən olunub. Nazirlik həmin ərazidə kəsilmiş ağacların əvəzinə yenilərinin əkildiyini də bildirib.
General Mehmandarov küçəsi, 84 - 2026-cı ilin noyabrında yeni narazılıq

Xətai rayonunda yaşıllıqların taleyi ilə bağlı sonuncu narazılıqlardan biri Köhnə Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi, 84 ünvanında yaşanıb. 2026-cı il noyabrın əvvəlində sakinlər yol kənarındakı ağacların gecə saatlarında kökündən çıxarıldığını bildiriblər. Xəzər TV-nin noyabrın 3-də yayımladığı materialda da ərazidə ağacların bir hissəsinin çıxarıldığı, digərlərinin budaqlarının kəsildiyi göstərilib. Mövzu ilə bağlı yayılan materiallarda Xətai RİH-dən münasibət almaq cəhdlərinin nəticəsiz qaldığı bildirilib.
Beləliklə, bir tərəfdən 8 minədək ağac əkilməsi barədə hesabat təqdim olunur, digər tərəfdən isə rayonun müxtəlif ünvanlarında ağacların tikinti və digər məqsədlərlə məhv edilməsi barədə rəsmi qurumların təsdiqlədiyi faktlar mövcuddur. Bu faaktlara görə, 8 min ağac əkilməsini hətta rəqəmlərlə göstərmək rayonun ekoloji vəziyyətinin yaxşılaşdığını sübut etmək üçün yetərli deyil.
Qanunsuz tikintilər: 50-dən çox obyekt sökülüb, bəs niyə problem davam edir?

Xətai rayonunda şəhərsalma və tikinti nəzarəti də ciddi araşdırma tələb edən istiqamətlərdəndir. RİH-in 2025-ci il hesabatında qanunsuz tikintilərin qarşısının alınması məqsədilə 50-dən çox özbaşına tikilinin söküldüyü bildirilib. Lakin 50-dən çox tikilinin sökülməsi ilə bağlı hansı ünvanlarda, hansı hüquqi əsaslarla və hansı müddətdə tədbirlər görüldüyü açıqlanmayıb. Yenə quru rəqəmlər... Daha maraqlısı odur ki, söküntülərlə bağlı hesabatların verildiyi dövrdə rayonda icazəsiz tikinti ilə bağlı yeni faktlar da ortaya çıxıb.
General Mehmandarov və Rüfət Əsgərov küçələrinin kəsişməsi
2942-ci məhəllədə, General Mehmandarov və Rüfət Əsgərov küçələrinin kəsişməsində yerləşən ərazidə aparılan tikinti işləri ilə bağlı sakinlərin şikayətləri mediada işıqlandırılıb. Burada diqqətçəkən məqam odur ki, icazəsiz tikinti faktı rəsmi cavabla təsdiqlənib. Lakin tikilinin sonrakı taleyi, onun sökülüb-sökülməməsi bəlli deyil. Yəqin ki, sökülməyib.
Xudu Məmmədov küçəsi – sakinlərin hərəkət imkanları ilə bağlı narazılıq

2026-cı ildə Xudu Məmmədov küçəsi, 29 ünvanı və 86 saylı məktəbin yaxınlığında da tikinti və ərazinin zəbt edilməsi ilə bağlı sakinlərin şikayətləri mediada yayımlanıb. Sakinlər gediş-gəliş yollarının daraldığını, uşaqların məktəbə getməsinin çətinləşdiyini və ərazidə gələcək tikinti planlarından narahat olduqlarını bildiriblər. Ərazidə iş aparan şəxslər isə yeni çoxmərtəbəli bina tikilmədiyini, köhnə kafenin bərpa edildiyini bildiriblər.

Xətai RİH də həmin ərazinin özəl mülkiyyətdə olduğunu açıqlayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, həmin vaxt ərazidə tikinti-quraşdırma işləri aparılmayıb və hasarlama cəhdinin qarşısı alınıb.
Bu epizodda tərəflərin açıqlamaları fərqlidir. Lakin hadisənin özü şəhər mühitində tikinti, hasarlanma və sakinlərin hərəkət imkanlarının qorunması məsələsinin nə qədər həssas olduğunu göstərir.
Xətai RİH-in qarşısında duran sual: qanunsuz tikililər niyə tikildikdən sonra aşkar olunur?
Əgər 50-dən çox özbaşına tikili "sökülübsə", deməli, rayonda tikinti nəzarəti ilə bağlı tədbirlər görülüb. Ancaq eyni zamanda icazəsiz tikintilər barədə yeni faktların ortaya çıxması nəzarət mexanizminin effektivliyini sual altına alır. Tikinti işləri başlanmazdan əvvəl qarşısı alınmalı olan pozuntuların sonradan aşkar edilməsi həm sakinlərə, həm də şəhərsalma sisteminə əlavə problemlər yaradır.
Kollektorun üzərində 22 ev: illərlə davam edən tikintiyə kim nəzarət edib?
Xətai rayonunun idarəçilik problemləri sırasında 2026-cı ilin aprelində Rəşid Bağırov küçəsində baş verən kollektor qəzası xüsusi yer tutur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin açıqlamasına görə, diametri 1 200 millimetr olan tullantı su kollektoru üzərində evlərin tikilməsi nəticəsində xəttdə çökmə baş verib. Qəza ətraf ərazilərdə suyun toplanmasına səbəb olub. Kollektorun üzərində yerləşən evlərdən biri komissiyanın qərarı ilə sökülüb və təmir-bərpa işlərinə başlanılıb.
Sonradan məlum olub ki, kollektorun üzərində ümumilikdə 22 ev yerləşir. Onlardan 8-nin qəza zonasına 100–200 metr məsafədə olduğu və aparılan təmir işlərinə maneçilik törətdiyi bildirilib.
Bu hadisə rayonun tikinti nəzarəti sistemində illərlə diqqətdən kənarda qalmış ciddi problemin olduğunu göstərir.
Əgər magistral kanalizasiya kollektorunun üzərində 22 yaşayış evi inşa edilibsə, bu tikililərin tikintisinə hansı qurumlar nəzarət edib? Su idarəsinin razılığı hansı sənədlər əsasında verilib? İcra hakimiyyətinin həmin tikililərdən xəbəri olubmu? Əgər bu evlər illər əvvəl inşa edilibsə, niyə təhlükəli vəziyyət yalnız qəza baş verdikdən sonra geniş şəkildə gündəmə gəlib?
Əlbəttə, hadisəyə görə birbaşa Rafiq Quliyevin şəxsi məsuliyyətini təsdiqləyən hüquqi nəticə olmadan onu konkret qanun pozuntusunda ittiham etmək olmaz. Ancaq onun rəhbərlik etdiyi rayonun ərazisində bu miqyasda tikinti və kommunikasiya problemi mövcud olubsa, idarəetmə və nəzarət mexanizmləri ciddi qiymətləndirilməlidir.
Kommunal təsərrüfat: sakinlərin problemləri nə vaxt köklü həll ediləcək?
Xətai rayonunda sakinlərin narazılıq etdiyi digər istiqamət kommunal xidmətlərdir. Kanalizasiya xətlərinin vəziyyəti, zirzəmilərə su dolması, köhnə istilik sistemləri, liftlərin işləməməsi və yolların təmirindən sonra yaranan problemlər ayrı-ayrı ünvanlarda mediaya çıxarılıb.
Məsələn, 2025-ci ilin yanvarında Telnov küçəsi, 18 ünvanındakı binanın sakinləri zirzəmiyə mütəmadi su yığılmasından şikayət ediblər. Aidiyyəti su qurumu isə ərazidə yığılan suyun qrunt suları olduğunu bildirib.
2026-cı ilin sentyabrında Rəşid Bağırov küçəsi, 36 ünvanında kollektor qəzasının fəsadlarının tam aradan qaldırılmaması ilə bağlı sakinlərin şikayətləri yenidən gündəmə gəlib. Sakinlərin bildirdiyinə görə, problemin ilkin əlamətləri hələ 2014-cü ildən mövcud olub. Onların sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem köklü şəkildə həll edilməyib və evdə ciddi zədələnmə baş verdikdən sonra genişmiqyaslı tədbirlərə başlanılıb.

Bu hadisələr kommunal infrastrukturun yalnız qəza baş verdikdən sonra təmir olunması ilə kifayətlənməyin mümkün olmadığını göstərir.
Əlbəttə, kanalizasiya, su və istilik sistemlərinin idarə olunması yalnız rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Bu sahələrdə ixtisaslaşmış qurumlar da məsuliyyət daşıyır. Lakin yerli icra hakimiyyətinin ərazi üzrə koordinasiya, sakinlərin müraciətlərinin aidiyyəti qurumlara çatdırılması və problemlərin həllinə nəzarət funksiyası da nəzərə alınmalıdır.

Rafiq Quliyevin rəhbərliyi dövründə rayon sakinlərinin müraciətlərinin necə cavablandırılması da fəaliyyətin qiymətləndirilməsi üçün vacib göstəricidir. İcra hakimiyyətinin 2025-ci il hesabatında vətəndaş müraciətləri, qəbul edilən şəxslər və həll olunan məsələlərlə bağlı statistik məlumatlar təqdim edilib. Lakin istər media sorğuları, istərsə də vətəndaş müraciətlərinin cavablandırılmadığı statisrikası daha çoxdur. Bunu əhali arasında soğru keçirmərlə rahat görmək mümkündür.

Məsələn, sakin ağacların kəsilməsi ilə bağlı şikayət edirsə, həmin ağacların qorunması təmin oluna bilmir. Çünki, artıq o ağaclar çıxarılıb. İcazəsiz tikinti ilə bağlı müraciət daxil olursa, tikinti dayandırıldıqdan sonra obyekt sökülmür? Kanalizasiya problemi ilə bağlı müraciət olunursa, artıq küçələr suyun işindədir... Bunlar vətəndaş müraciətlərinin real nəticəsini göstərən meyarlardır. Xətai rayonunda müxtəlif ünvanlarda təkrarlanan şikayətlər isə bəzi problemlərin yalnız ayrı-ayrı müraciətlərə cavab verməklə həll olunmadığını göstərir.

Rafiq Quliyevin Xətai Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətinin yeddi ilə yaxın dövrünü qiymətləndirdikdə, rayonun müəyyən sahələrdə yeniləndiyini, abadlıq və şəhərsalma layihələrinin həyata keçirildiyini, sənaye və xidmət sahələrində iqtisadi fəaliyyətin davam etdiyini görürük. Lakin digər tərəfdən, ağacların kəsilməsi ilə bağlı rəsmi təsdiqlənmiş faktlar, icazəsiz tikinti halları, kollektor üzərində yaşayış evlərinin inşa edilməsi, kommunal problemlər və sakinlərin təkrarlanan şikayətləri idarəçilik sisteminin effektivliyi ilə bağlı böyük narahatlıqların varlığını ortaya qoyur.
Dəfələrlə şikayət etsək də, baxan yoxdur” - NZS sakinləri bərbad yollarla bağlı narazıdır Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz 25/30 saylı poçtun yanı, Gəncə Mərasim Evinin arxasında yerləşən yolların
Xüsusilə kollektor üzərində 22 evin aşkar edilməsi, tikintiyə icazə sənədləri olmadan işlərin aparıldığının rəsmi cavablarla təsdiqlənməsi və ağacların müxtəlif ünvanlarda məhv edilməsi kimi faktlar rayonun tikinti və ekoloji nəzarət mexanizmlərinin yenidən qiymətləndirilməsini zəruri edir. Yəni, rayonda abadlıq işlərinin aparılması statistikası ilə sakinlərin gündəlik problemlərinin həlli eyni şey deyil.
Sənaye istehsalının milyonlarla manatla ölçülməsi əhalinin məşğulluq probleminin həll olunduğunu, minlərlə ağac əkilməsi yaşıllıqların qorunduğunu, onlarla tikilinin sökülməsi isə qanunsuz tikintilərə qarşı effektiv nəzarət yaradıldığını avtomatik sübut etmir. Rafiq Quliyevin rəhbərliyi dövründə Xətai rayonunda hansı real inkişafın əldə edildiyini müəyyənləşdirmək üçün müstəqil və müqayisəli statistik hesabatın hazırlanmasına bir daha ehtiyac var.
Yəni, yeddi ilə yaxın müddətdə rayonun görkəmi dəyişsə belə, insanların yaşayış şəraiti dəyişməyib.
Bizimesr.info mövzu ilə bağlı araşdırmanı davam etdirəcək.
Bizimesr.info

