Naqif Həmzəyevin qaldırdığı pərdə: Xalq qorxur, məmur kef edir - Vitrində abadlıq, arxa küçələrdə reallıq: Regionlarda nələr baş verir?
13-11-2026, 10:46

Naqif Həmzəyevin Milli Məclisdəki çıxışı illərdir regionlarda göz yumulan, amma hər kəsin bildiyi bir həqiqəti – "fasad demokratiyasını" və məmurların yerlərdə yaratdığı feodal ab-havasını yenidən gündəmə gətirdi.
Həqiqətən də, ölkənin əksər regionlarında vəziyyət eynidir: icra hakimiyyətinin binasından və ya mərkəzi küçələrdən baxanda hər şey günəş kimi parıldayır, yeni asfalt, səliqəli səkilər, gül-çiçək... Amma həmin o bir-iki əsas prospektdən cəmi yüz metr kənarda yerləşən küçələrə keçəndə sanki başqa bir ölkəyə, illərlə unudulmuş məkanlara düşürsən. Sanki o arxa küçələrdə insan yaşamır, vergi ödənmir, vətəndaş yoxdur.
Ayrılan pullar hara gedir? Və ya jurnalistin "günahı"

Ən ağrılı yerlərdən biri də məhz budur: həmin o regionların inkişafı, abadlaşdırılması üçün dövlət büdcəsindən kifayət qədər külli miqdarda vəsait ayrılır.
Amma həmin pulların hara xərcləndiyi, necə silindiyi dərin bir qaranlıqdır. Bir az yağış yağan kimi asfaltın üzülüb getməsi, hər il eyni yerlərin təmir adı ilə yenidən qazılması artıq biabırçı bir adətə çevrilib.
Və bu reallığı işıqlandırmağa cəsarət edən jurnalistlər isə dərhal hədəfə alınır həmin məmurlar tərəfindən. Rayonlarda yerli məmurlar özlərini dövlət qulluqçusu yox, elə bil ki, o torpağın, o vəzifənin varisi – feodal ağası hesab edirlər.
Jurnalist çölü, zibili, dağılmış körpünü çəkəndə məmurun dərhal qanı qaralır, çünki onun "gül kimi"göndərdiyi hesabatı korlanır. Başlayırlar təqiblərə, işdən çıxarmağa çalışmağa, hədə-qorxuya. Çünki bilirlər ki, problem həll olunmasa da, üstünü örtmək olar.
Ziyafət Əsgərovun "heç nədən xəbəri yoxdur" mövqeyi
Deputat Naqif Həmzəyevin bu haqlı etirazına Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun reaksiyası isə təəssüf və təəccüb doğurmaya bilməz.
Adamda belə bir hiss yaranır ki, bəzi yüksək vəzifəli şəxslər, parlament rəhbərliyi illərdir tamam başqa bir Azərbaycanda yaşayırlar. Ya həqiqətən regionlardakı acınacaqlı reallıqdan xəbərsizdirlər (ki, bu özü ayrıca bir bəladır), ya da hər şeyi gözəl bilirlər, sadəcə, göz yummağı üstün tuturlar.
Ziyafət Əsgərovun "Səlahiyyətiniz var, istifadə edin, varmı belə fakt?" – deyə sərt çıxması, məsələni anbaan deputatın üzərinə yıxması açıq-aşkar bir təzyiqdir.
Ay Ziyafət müəllim, məgər xəbəriniz yoxdur ki, rayonlarda hər kəs bir-iki nəfərdən qorxur? Məgər bilmirsiniz ki, deputatın səlahiyyəti kağız üzərində nə qədər geniş olsa da, yerli icra strukturlarının yaratdığı o "toxunulmazlıq divarı"nı aşmaq heç də həmişə asan deyil?
Jurnalistin işdən çıxarılması faktını soruşmaqdansa, elə həmin o rayonlardakı məmur özbaşınalığını araşdırmaq lazımdır. Fakt axtarırsınızsa, açın regiondakı müstəqil medianın arxivinə baxın, görün neçə jurnalist həqiqəti yazdığına görə təzyiqlə üzləşib.
Məmur düşüncəsi nə vaxt dəyişəcək?
Cənab Prezident dəfələrlə xəbərdarlıq edib ki, məmurlar xalqa xidmət etməlidir, vicdanla işləməlidir, əks halda nəticələri ağır olacaq. Amma hələ də elə məmurlar var ki, onlar üçün vətəndaş yalnız cibinə giriləcək, pul qoparılacaq bir "obyekt"dir. Onlar xalqın haqqını tapdalamaqdan çəkinmirlər, çünki hələ də başa düşməyiblər ki, zaman dəyişib.
İstənilən halda, bu cür sərt müzakirələr, Naqif Həmzəyev kimi deputatların açıq danışması cəmiyyət üçün vacibdir. Problemləri xalça altına süpürmək dövrü bitməlidir.
Ziyafət Əsgərov kimi rəsmilər də reallıqdan qopmaq əvəzinə, regionlardakı bu eybəcər idarəçilik üsuluna qarşı sərt mövqe sərgiləməlidirlər. Çünki gözləri bağlamaqla gerçəklik dəyişmir – sadəcə gec-tez başımıza daha böyük problemlər kimi qayıdır.
Sima Babayeva
TEREF

