Ermənistanda revanşistlər Paşinyana qarşı səfərbər olur – Azərbaycanın tələblərinə “YOX” çağırışı
11-11-2026, 00:09

Ermənistanda revanşist dairələr Azərbaycanla sülh prosesinin mühüm məsələlərindən biri olan konstitusiya dəyişikliklərinə qarşı çıxışlarını sərtləşdirirlər. Ölkənin Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan Nikol Paşinyan hakimiyyətinin Konstitusiyanı dəyişdirmək hüququnun olmadığını iddia edərək referendumun keçirilməsinə qarşı çağırış edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ananyan bu barədə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının altıncı ildönümü münasibətilə yayımladığı açıqlamada bildirib.
Keçmiş məmur 44 günlük müharibənin nəticələrini Ermənistan üçün “kapitulyasiya” adlandırıb və Paşinyan hökumətini sonrakı illərdə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla həmin məğlubiyyətin siyasi nəticələrini möhkəmləndirməkdə ittiham edib.
Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından narazılıq
Ananyan Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını, sərhədlərin delimitasiyasını və Tavuş istiqamətində əldə edilmiş razılaşmaları “güzəşt” kimi qiymətləndirib.
O, həmçinin Qarabağ ermənilərinin geri qayıtması məsələsinin siyasi gündəmdən çıxarılmasından, ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməsindən və Azərbaycanın Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində müzakirələrdən narazılığını ifadə edib.
Keçmiş məmur Paşinyan hökumətini “erməni cəmiyyətinin tarixi yaddaşını”, “milli simvollarını” və kilsə ilə münasibətlərini dəyişdirməyə çalışmaqda da ittiham edib.
“Bu hakimiyyət Konstitusiyanı dəyişməməlidir”
Ananyanın əsas etirazı Ermənistan Konstitusiyasının dəyişdirilməsi təşəbbüsü ilə bağlıdır.
O, konstitusiya islahatlarının Azərbaycan rəhbərliyinin açıq tələbləri ilə üst-üstə düşdüyünü iddia edərək bunu qəbuledilməz sayıb.
“Konstitusiya məğlubiyyətin nəticələrini legitimləşdirmək və ya xarici məcburiyyəti konstitusion səviyyədə təsbit etmək vasitəsi ola bilməz”, – deyə Ananyan bildirib.
Keçmiş məmur konstitusiya islahatları ideyasını bütövlükdə rədd etmədiyini, lakin onların hazırkı hakimiyyət tərəfindən həyata keçirilməsinə qarşı olduğunu vurğulayıb.
“Referenduma yox!”
Ananyan çıxışının sonunda Ermənistan cəmiyyətini konstitusiya dəyişikliklərinə qarşı çıxmağa çağırıb:
“Bu hakimiyyət dövründə və cəmiyyətdə belə dərin parçalanma şəraitində istənilən konstitusiya islahatına ‘YOX’, konstitusiya referendumuna ‘YOX’!”
Beləliklə, keçmiş məmurun açıqlaması Ermənistanın revanşist dairələrinin Qarabağ məsələsinin siyasi gündəmdən çıxarılması və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlarla barışmaq istəmədiyini bir daha göstərir.

