Qarabağ İrəvan və Moskvanı yenidən “əlbəyaxa” etdi – Zaxarovadan təhqiramiz açıqlama!

8-11-2026, 10:24           
Qarabağ İrəvan və Moskvanı yenidən “əlbəyaxa” etdi –
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan rəsmisinin 2020-ci ildə 44 günlük müharibə zamanı Rusiyanın fəaliyyətsiz qalması barədə açıqlamasına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Zaxarova Ermənistan rəsmisinin ittihamlarını rədd edərək Qarabağda hərbi əməliyyatların məhz Rusiyanın vasitəçiliyi ilə dayandırıldığını bildirib.

Ermənistan rəsmisi Alen Simonyan 2020-ci ilin payızında Rusiyanın müharibəni dayandırmaq üçün heç bir təsirli addım atmadığını söyləyib.

Simonyan həmin dövrdə Rusiya tərəfinə yalvardığını bildirib:

“Mən sözün əsl mənasında rusların ayaqlarına düşərək deyirdim: Axı biz sizin qardaşlarınızıq, müttəfiqlərinizik, bu müharibəni dayandırın. Həmin dövrdə Rusiya heç bir təsirli addım atmırdı, bizim uşaqlarımız isə Qarabağda həlak olurdu”.

Mariya Zaxarova bu açıqlamaya cavabında bildirib:

“Onun o vaxt kimin ayağına düşdüyünü bilmirik. Bəlkə də, indi də bunu etməyə davam edir. Bölgədə qan tökülməsini məhz Rusiya dayandırdı, başqa heç kim”.

Rusiya XİN rəsmisi xatırladıb ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli bəyanat imzalanıb.

Həmin bəyanatla Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

“Bunlar mücərrəd addımlar deyil, konkret və təsirli tədbirlər idi. Bundan əvvəl ən yüksək səviyyədə çoxsaylı təmaslar həyata keçirilmişdi. Nəticədə bölgədə Rusiya sülhməramlı kontingenti yerləşdirildi”, – Zaxarova vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]