Günəşli yatağında və Neft Daşlarında işçilərin gündəlik yaşayış və məişət şəraiti ilə bağlı problemlər vaxtında həll olunmur.

7-10-2026, 17:01           
Günəşli yatağında və Neft Daşlarında işçilərin gündəlik yaşayış və məişət şəraiti ilə bağlı problemlər vaxtında həll olunmur.
Neftçi yazır ki:
Bu gün Günəşli yatağında və Neft Daşlarında yaranmış sosial problemlərlə bağlı narahatlığımı sahə üzrə məsul şəxslərin diqqətinə çatdırmaq istəyirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, bu ərazilərdə sosial vəziyyət son dövrlərdə xeyli çətinləşib. İşçilərin gündəlik yaşayış və məişət şəraiti ilə bağlı problemlər vaxtında həll olunmur.
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB -nin sədri Mirvari Gahramanli yazır. Mirvari Gahramanli daha sonra yazır:
Xüsusilə qeyd etmək istəyirəm ki, hazırda Azneft İB üzrə sosial sahədə çalışan bəzi əməkdaşların bu istiqamətdə kifayət qədər təcrübəsinin və ixtisaslaşmış biliklərinin olmaması ciddi narahatlıq yaradır. Sosial sahə başqa istiqamətdir və burada dənizdə çalışan neftçilərin gündəlik problemlərini, onların yaşayış və məişət şəraitini, qidalanma, yataqxana və digər sosial məsələləri dərindən bilmək və yerində qiymətləndirmək tələb olunur.
Təəssüf ki, hazırkı vəziyyətdə başqa sahələrdən sosial istiqamətə əməkdaşların gətirilməsi və onların bu sahənin xüsusiyyətlərinə kifayət qədər bələd olmaması nəticəsində sosial məsələlərin həllində müəyyən çətinliklər yaranır. İşçilər arasında belə bir fikir də formalaşıb ki, bəzi təyinatlarda əsas meyar sahə üzrə təcrübə və peşəkarlıq deyil, şəxsi və qohumluq əlaqələridir. Belə yanaşmaların olub-olmamasının obyektiv şəkildə araşdırılması vacibdir.
Ən böyük problem isə odur ki, Neft Daşlarında və digər dəniz obyektlərində çalışan neftçilərin real problemlərini dinləyən, onların müraciətlərini aidiyyəti rəhbərliyə çatdıran və məsələlərin həllini sonadək izləyən məsul şəxslərin sayı kifayət qədər deyil. Nəticədə sahədə yaranan problemlər bəzən rəhbərliyin diqqətinə vaxtında və tam şəkildə çatdırılmır.
Məişət avadanlıqları ilə bağlı problemlər də uzun müddətdir öz həllini tapmır. Bir sıra avadanlıqların işlək vəziyyətdə olmaması işçilərin gündəlik yaşayışına birbaşa təsir göstərir. Bu problemlər vaxtında həll edilmədikdə isə ən çox əziyyət çəkən yenə də dənizdə çalışan sıravi neftçilər olur.
Digər tərəfdən, dənizdə çalışan neftçilərin iş və yaşayış şəraitinə xüsusi diqqət yetirilməlidir. Onlar ailələrindən uzaqda, ağır və mürəkkəb şəraitdə uzun müddət dənizdə çalışırlar. Dəmir konstruksiyalı vaqon-evlərdə isti havalarda yaranan yüksək temperatur işçilərin yaşayış və istirahət şəraitinə ciddi təsir göstərir. Belə şəraitdə çalışan insanlardan yüksək nəticə gözləməklə yanaşı, onların normal yaşayış və istirahət şəraitinin təmin edilməsi də rəhbərliyin əsas vəzifələrindən biri olmalıdır.
Hesab edirəm ki, sosial sahə formal şəkildə deyil, real olaraq işçinin yanında olmalıdır. Dənizdə çalışan neftçinin hansı şəraitdə işlədiyi, harada yatdığı, necə qidalandığı və hansı məişət problemləri ilə üzləşdiyi yerində araşdırılmalıdır. Problemlər hesabatlarda deyil, məhz sahədə görünür.
Günəşli yatağında, Neft Daşlarında və digər dəniz obyektlərində sosial vəziyyətin yerində araşdırılmasına, işçilərlə birbaşa görüşlərin keçirilməsinə və onların problemlərinin aidiyyəti rəhbərliyə çatdırılmasına və həllinin nəzarətdə saxlanılmasına ehtiyac duyulur
Çünki neftçi illərlə dənizdə, ağır şəraitdə öz əməyini ortaya qoyur. Onun ən böyük haqqı isə əməyinə hörmət edilməsi, normal yaşayış şəraitinin yaradılması və problemini dinləyən, onu müdafiə edən məsul şəxslərin olmasıdır.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]