Deməli, bu qanun layihəsi tam tərsinə, korrupsiyada maraqlı olanların dairəsini genişləndirəcək...
7-10-2026, 11:32

“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin bəzi müdəaları haqqında mətbuatda yazıları gördüm, hüquqşünas olmasam da, yayılan məlumatlarda o qədər uyğunsuzluq, məntiqsizlik var ki, saymaqla bitməz.
Birincisi, normal məhkəmə sistemi olan ölkədə belə bir qanuna ehtiyac yaranmaz, ikincisi, korrupsiyanın təsnifatı mücərrəddir. Azərbaycanda məişət korrupsiyası çox deyil, ASAN xidmət bu məsələni xeyli azaldıb, harda qalıbsa, bu ikitərəfli yoldur, yəni, vətəndaşa da sərf edir – məsələn, 100 manatlıq rəsmi cəriməyə 20 manat qeyri-rəsmi ödəniş etsə, bu haqda kimə, niyə məlumat versin ki?!
Gələk büdcə korrupsiyasına – bu haqda adi vətəndaşın məlumatı yoxdur, sübutu yoxdur, deməli, bu qanun sadəcə qisasçılığa, iş yerlərində intriqanın yaranmasına və quplaşmalara səbəb olacaq. Qanun layihəsində yazılıb ki, sitat “korrupsiya haqqında məlumatların təşkilat daxilində səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, yuxarı vəzifəli şəxsə təqdim edilməsi nəzərdə tutulur”.
Yəni, A dövlət-hökumət qurumunda, və ya, şirkətində işləyən, tutalım B kod adlı şəxs, hansısa korrupsiya əməlindən şübhələnir, nə etməlidir?! Bəli, gedib onu HƏMİN TƏŞKİLATDA yuxarı vəzifəli şəxsə deməlidir, yaxşı, HƏMİN TƏŞKİLATDA yuxarı vəzifəli şəxsin bilgisi daxilində olmayan korrupsiya əməli ola bilərmi?! Çətin, nadir hallarda. Bu qanun təklifi qəbul edilsə, iş yerlərində böyük konfliktlər yaranacaq, sonda hər şey məlumat verənin başında çartlayacaq.
Sürətlə çalışan ədalətli məhkəmə sistemi bu məsələni “donosbazlarsız” da çözə bilər. Əsas hədəfimiz müstəqil məhkəmə sistemi olmalıdır, bir çox məsələlər də o zaman həllini tapacaq.
Korrupsiya elə bir cinayət növüdür ki, sübutların toplanması vacib məsələdir. Adi vətəndaş nə zaman sübut toplaya bilər? Bəli, həmin təşkilatda imza, və ya səlahiyyət sahibi olsa! Bəs o nə zaman şikayət edə bilər?! Bəli, onun payına nəsə düşməsə! Deməli, bu qanun layihəsi tam tərsinə, korrupsiyada maraqlı olanların dairəsini genişləndirəcək...
Natig Jafarli
TEREF

