165 ailə Zaur Mikayılovun əlində əsir-yesir qalıb - Mehriban Əliyevaya MÜRACİƏT

7-10-2026, 11:28           
165 ailə Zaur Mikayılovun əlində əsir-yesir qalıb -
Bakının Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətinə aid binadan mənzil alan 165 ailə tragikomik vəziyyətlə üzləşib. Səbəb odur ki, Yeni Günəşlinin AB massivində yerləşən binada yaşayan sakinlərin fasiləsiz su təminatı olsa da, onlardan aylıq su pulu borcu tələb olunmur. Nəticədə uzun müddətdir ki, abonentlərin su pulu borcu üst-üstə yığılır və günün birində istəniləndə külli miqdarda borcun olduğu üzə çıxacaq. Elə bu səbəbdəndir ki, sakinlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəfələrlə müraciət edib, Suraxanı rayon Su-Kanal İdarəsindən hər ay borcun yığılmasını xahiş edib, amma indiyə qədər qulaqardı edilməkdədir.
Ana Xəbər-ə məlumat verən sakinlərin sözlərinə görə, bir müddət əvvəl onların müraciətinə cavab verildi. Belə ki, qurumun əməkdaşları binaya göndərildi, vəziyyətlə tanış oldular və sakinlərin ad-soyadı istənildi ki, kodlaşma aparılsın. Mənzil sahibləri də sevindi ki, nəhayət, addım atılır, su pulu borcu yığılacaq. Yəni görün dünyanın hansı vaxtıdır ki, artıq vətəndaşlar pul vermək, ödəniş etmək üçün az qala yalvarır, ADSEA isə puldan imtina edir - bu dərəcədə absurd mənzərə!
Kəsəsi, vətəndaşların sözlərinə görə, qurum əməkdaşları o vaxtdan bəri kodlaşmanı başa çatdırmayıblar. Nə sirrdirsə, 156 mənzilin kodlaşması qurtarmaq bilmir. Halbuki su idarəsi özü maraqlı olmalıdır ki, sərfiyyata görə aylıq ödəniş olunsun. Necə ki hər yerdə belədir, burada qeyri-adi hal yoxdur. Sadəcə, vətəndaşların narahatlığı odur ki, borc üst-üstə yığıldıqca gələcəkdə ödənişi çətinləşəcək. Nə qədər gec deyilsə, abonentlər aylıq su pulu borcunu normal qaydada ödəsinlər. Halbuki bu vəziyyət məntiqlə onları narahat etməməlidir, deməlidirlər ki, nə yaxşı, pul vermədən, havayı sudan istifadə edirik. Amma bina sakinləri məsuliyyəti dərk edir və qayda-qanun çərçivəsində ödəniş olunmasını istəyir. Lakin bu müraciətlər heç bir fayda vermir.
Ona görə də sakinlər I Vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Çünki bundan öncə binanın bir sıra problemlərinin həllində Mehriban Əliyevanın böyük dəstəyi və nəzarəti olub. Ona görə sakinlər ADSEA-nın bu laqeydliyinə son qoyulması üçün hörmətli Mehriban Əliyevadan dəstək gözləyirlər.
Sakinlər müraciətində qeyd edir ki, agentlik və onun sədri Zaur Mikayılov 165 ailənin səsinə səs vermir, su pulu verməyə hazır olduqları halda yığım həyata keçirmir.
Bu səbəbdən, məsələni dövlət rəhbərliyinin diqqətinə çatdırmaqla problemin həllinə kömək gözlənilir.
"Hörmətli Mehriban xanım, biz dəfələrlə
"Azərsu" və onun rəhbərliyinə müraciət etmişik. Lakin heç bir nəticəsi yoxdur. Bizə aydın deyil ki, ölkənin hər yerində 3 gün su pulu borcunu gecikdirən vətəndaşın suyu kəsildiyi halda, bizdən aylardır niyə borclar alınmır? Axı bu gülməli vəziyyətdir. Bir var pul verməkdən imtina edəsən, bir də var ki, pul verirsən, almırlar. Axı bu vəsaitlər dövlət büdcəsinə daxil olur. Biz qeyri-adi nəsə istəmirik. Hətta illərlə su pulu borcu alınmasa, nə xoş halımıza. Amma belə məsuliyyətsizlik olmaz. Biz vətəndaş olaraq dərk edirik ki, işıq, qaz, su pulu ödənilməlidir, amma qarşı tərəf sanki dərk etmir. Bir müddət əvvəl kodlaşma üçün sakinlərin siyahısı da təqdim olundu, məsələnin həllinə söz verildi, amma hələ də bir xəbər yoxdur. Axı bizim su pulu borcumuz üst-üstə yığılır. Günün birində gəlib deyəcəklər ki, hər mənzilin misal üçün 300-500 manat borcu var, ödəniş olmasa suyu kəsirik. Bu problemlə üzləşməmək üçün indidən xahiş edirik ki, su borcu hesablansın. Təəssüf ki, bizi eşidən yoxdur. Odur ki, hörmətli Mehriban xanım, Sizdən köməklik gözləyir və "Azərsu"nun məsələni həll etməsini xahiş edirik", - deyə sakinlər müraciətdə vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]