Paşinyan Azərbaycan hərbçisinin dronla axtarıldığını və onun təxribat məqsədilə Ermənistana keçmədiyini bildirib
7-10-2026, 07:46

Ermənistanın baş naziri Nikol Paşinyan Şəki kəndində saxlanılan Nəsimi Musayevin mümkün dəyişdirilməsi məsələsinə də münasibət bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisi Nəsimi Musayevin bir müddət Ermənistanda qalacağını açıqlayıb.
Bestmedia.az xəbər verir ki, Paşinyan bu barədə “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ermənistan ərazisinə qanunsuz keçməkdə ittiham olunan və Sünik vilayətinin Şəki kəndində saxlanılan Azərbaycan hərbçisi ilə bağlı cinayət işi üzrə araşdırma Ermənistanda aparılacaq.
“Cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək. Ən azı müəyyən müddət ərzində o, Ermənistanda qalacaq. Hazırda istintaq gedir və o, həbsdədir” – Paşinyan deyib.
Ermənistan hökumətinin başçısı sosial şəbəkələrdə müzakirə olunan Azərbaycan hərbçisinin erməni hərbi əsirlə dəyişdirilməsi ehtimalına da toxunub. O, belə bir mübadilənin baş tutmayacağına işarə edib.
“Fərz edək ki, onlara deyirik: hərbçini qaytarmaq üçün bizə əsirlərdən birini verin. Bəs sabah bizim əsgər Azərbaycana keçsə, onda biz əvəzində kimi verəcəyik?” – Paşinyan bildirib.
Paşinyan Musayevin axtarışlarının bir neçə gün davam etdiyini, bu prosesdə dronlardan da istifadə olunduğunu təsdiqləyib. Lakin ərazinin mürəkkəb relyefi səbəbindən hərbçinin vaxtında aşkarlanmasının mümkün olmadığını deyib.
Baş nazir hadisənin necə baş verdiyinin ətraflı araşdırılmasının vacib olduğunu vurğulayıb.
Şaki sakinlərinin hərbçinin kənddə olması barədə niyə əvvəlcədən xəbərdar edilmədiyinə dair suala cavab verən Paşinyan həmin vaxt onun Ermənistan ərazisinə keçməsinə dair sübutların olmadığını bildirib.
O, Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistanı məlumatlandırdığını və axtarışlar zamanı iki ölkənin aidiyyəti qurumları arasında əlaqənin davam etdiyini qeyd edib.
Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi də Nəsimi Musayev barəsində fərarilik maddəsi ilə cinayət işi açıb.
Ermənistan baş naziri həmçinin bildirib ki, Azərbaycan hərbçisinin Ermənistan ərazisində insana xəsarət yetirdiyi təsdiqlənərsə, o, qanunvericiliyə uyğun olaraq məhkəmə qarşısına çıxarılacaq.
Paşinyan Musayevin saxlanılarkən müqavimət göstərmədiyini də deyib. Onun sözlərinə görə, hərbçinin üzərində darağı patronla dolu avtomat olub.
“İlkin məlumatlara görə, o, evdə yatıb, daha sonra ev sahibləri geri qayıdıb. Hadisə gözlənilməzlik və qarışıqlıq şəraitində baş verib” – Ermənistanın baş naziri bildirib.
Paşinyan əlavə edib ki, hadisə zamanı xəsarət alan hər iki tərəf hazırda müalicə olunur və baş verənlərlə bağlı ətraflı ifadə verə bilmirlər. Buna görə də onların sağalmasını gözləmək və daha sonra ətraflı dindirmə aparmaq lazımdır.
Ermənistanın baş naziri hadisənin diversiya olması və ya Ermənistan ərazisinə bir neçə Azərbaycan hərbçisinin keçməsi barədə yayılan məlumatları isə “tamamilə absurd” adlandırıb.
Hadisə necə baş vermişdi?
Oktyabrın 1-də Azərbaycan hərbçisi Nasimi Musayevin Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılması barədə məlumat yayılıb.
Ermənistan tərəfinin məlumatına görə, Musayev kənddəki evlərdən birinə daxil olub və evdə olan qadın və uşaqlara hücum edib. Hadisə zamanı ev sahibi Ani Avetisyan odlu silahla yaralanıb, onun iki övladı da xəsarət alıb.
Məlumata görə, qadın müqavimət göstərərək Azərbaycan hərbçisini bıçaqla yaralayıb. Daha sonra hadisə yerinə gələn Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Musayevi saxlayıblar.
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və məhkəmənin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçib.

