ABŞ-da həyəcan: FTB-ın məxfi cinayət məlumatları bazası haker hücumuna məruz qalıb
22-11-2026, 12:14

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hüquq-mühafizə orqanlarının istifadə etdiyi mühüm milli məlumat bazasının ehtimal olunan haker hücumuna məruz qalmasını araşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü məsələ ilə tanış olan mənbə bildirib.
Söhbət Milli Cinayət İnformasiya Mərkəzindən (NCIC) gedir. FTB tərəfindən idarə olunan bu elektron məlumat bazasından yerli, ştat və federal səviyyəli hüquq-mühafizə orqanları istifadə edir. Burada axtarışda olan şəxslər, itkin düşənlər, cinayət tarixçəsi, oğurlanmış əmlak və digər hüquqi məlumatlar saxlanılır.
Mümkün kiberhücumun miqyası və hansı məlumatların təsirləndiyi hələlik məlum deyil. FTB məsələ ilə bağlı şərh verməkdən imtina edib. Hadisə barədə ilk olaraq CNN məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp da "Fox News" telekanalına müsahibəsində hadisədən xəbərdar olduqlarını təsdiqləyib.
“Bu barədə indicə xəbər tutduq və deyə bilərəm ki, bu, yaxşı hal deyil”, – deyə o bildirib.
Hadisə ABŞ-da dövlət və özəl sektorda bir sıra rəqəmsal sistemlərdə nasazlıqların qeydə alındığı bir vaxta təsadüf edir. Tramp administrasiyasının rəsmiləri həmin problemlərin kiberhücumlarla deyil, kompüter sistemlərinin yenilənməsi və təhlükəsizlik boşluqlarının aradan qaldırılması ilə bağlı olduğunu bildirmişdilər. Bununla belə, FTB məlumat bazasına mümkün hücumun həmin nasazlıqlarla əlaqəli olduğuna dair hələlik sübut yoxdur.
FTB əvvəllər də haker hücumlarının hədəfinə çevrilib. Sentyabr ayında qurum işə qəbul portalına edilən mümkün hücumu araşdırmağa başlayıb. Həmin vaxt "ShinyHunters" adlı haker qrupu FTB əməkdaşları və işə müraciət edən şəxslərlə bağlı böyük həcmdə məlumat əldə etdiyini iddia etmişdi.
Bundan başqa, mart ayında FTB nəzarət əməliyyatları və istintaqlarla bağlı həssas məlumatların saxlandığı daxili sistemində şübhəli fəaliyyət aşkarlandığını açıqlamışdı.

