İnsanabənzər robotlar hazırlayan “Figure AI” necə yarandı? - Milyardlarla dollarlıq startapın hekayəsi
19-11-2026, 17:25

Süni intellekt artıq yalnız suallara cavab verən və mətn hazırlayan texnologiya deyil. Dünyanın müxtəlif şirkətləri bu texnologiyadan istifadə edərək insanlarla eyni mühitdə işləyə, əşyaları daşıya və gündəlik tapşırıqları yerinə yetirə bilən robotlar hazırlamağa çalışırlar. Bu sahədə diqqət çəkən şirkətlərdən biri ABŞ-də yaradılmış “Figure AI” startapıdır.
Valyuta.az xəbər verir ki, şirkət insanabənzər robotların hazırlanması və onların istehsalat, logistika, eləcə də gələcəkdə məişət işlərində istifadəsi üzərində çalışır. “Figure AI”nin əsas hədəfi fiziki əmək tələb edən işlərin bir hissəsini robotlar vasitəsilə avtomatlaşdırmaqdır.
“Figure AI”-ı kim yaradıb?
“Figure AI” 2022-ci ildə amerikalı sahibkar Brett Adkok (Brett Adcock) tərəfindən Kaliforniya ştatında yaradılıb. Şirkətin baş ofisi hazırda San-Xose şəhərində yerləşir.
Adkok robototexnika sahəsinə gəlməzdən əvvəl də bir neçə texnologiya biznesi qurub. O, işə qəbul platforması olan “Vettery”nin təsisçisi olub. Platforma 2018-ci ildə “Adecco” şirkətinə satılıb. Daha sonra elektriklə işləyən uçuş aparatları hazırlayan “Archer Aviation” şirkətinin yaradılmasında iştirak edib. Sahibkar 2022-ci ildə diqqətini insanabənzər robotların hazırlanmasına yönəldib. O, yeni şirkətinin ilkin maliyyələşdirilməsi üçün şəxsi vəsaitindən 100 milyon dollar ayırıb. Bununla da “Figure AI”nin fəaliyyətinə başlanılıb.
Şirkətin əsas məqsədi nədir?
“Figure AI”-ın əsas məqsədi insanlara bənzər, lakin süni intellektlə idarə olunan və müxtəlif fiziki tapşırıqları yerinə yetirə bilən robotlar yaratmaqdır. Şirkət xüsusilə işçi qüvvəsi çatışmazlığının aradan qaldırılmasına, təhlükəli və təkrarlanan işlərin avtomatlaşdırılmasına diqqət yetirir. Burada əsas ideya yalnız bir işi görən robot deyil, fərqli mühitlərə uyğunlaşa bilən universal robot hazırlamaqdır. Məsələn, belə robotların avtomobil zavodlarında hissələri daşıması, anbarlarda məhsulları çeşidləməsi, gələcəkdə isə evlərdə gündəlik işlərə kömək etməsi nəzərdə tutulur.
İlk robotlardan avtomobil zavoduna qədər
“Figure AI” 2023-cü ildə ilk insanabənzər robotu olan “Figure 01” modelini təqdim edib. Bu, şirkətin ilkin texnologiyalarını nümayiş etdirmək məqsədi daşıyırdı. 2024-cü ildə isə daha təkmilləşdirilmiş “Figure 02” modeli hazırlanıb. Həmin il şirkət Almaniyanın avtomobil istehsalçısı BMW ilə əməkdaşlığa başlayıb. Robotlar BMW-nin ABŞ-nin Cənubi Karolina ştatındakı Spartanburq zavodunda sınaqdan keçirilib. Burada onların avtomobil istehsalında istifadə olunan metal hissələri daşımaq və yerləşdirmək imkanları yoxlanılıb.
Şirkətin açıqladığı nəticələrə əsasən, “Figure 02” robotları təxminən 11 ay ərzində 1250 saat fəaliyyət göstərərək 90 mindən çox metal hissənin daşınması və yerləşdirilməsi prosesində iştirak edib. Bununla belə, BMW-dəki layihə genişmiqyaslı daimi tətbiq deyil, məhdud sınaq və qiymətləndirmə mərhələsi olub. 2025-ci ildə şirkət “Helix” adlı süni intellekt sistemini təqdim edib. Bu sistem robotların kameralar vasitəsilə ətraf mühiti qavramasına, verilən tapşırıqları anlamasına və uyğun hərəkətlər etməsinə imkan yaratmaq məqsədi daşıyır.
“Figure AI” daha sonra “Figure 03” modelinin istehsalına keçib. 2026-cı ilin oktyabrında yayılan məlumatlara görə, şirkət artıq 1000-ci “Figure 03” robotunu hazırladığını bildirib. Növbəti “Figure 04” modelinin layihələndirilməsi də davam etdirilir.
Nə qədər investisiya cəlb edib?
“Figure AI” qısa müddətdə dünyanın tanınmış texnologiya şirkətlərinin və investisiya fondlarının diqqətini cəlb edib. 2023-cü ilin mayında şirkət 70 milyon dollar, həmin ilin iyulunda isə əlavə 9 milyon dollar investisiya alıb. 2024-cü ilin fevralında 675 milyon dollarlıq maliyyələşmə raundu həyata keçirilib. İnvestorlar arasında “Microsoft”, “Nvidia”, “OpenAI Startup Fund” və “Amazon”un qurucusu Ceff Bezosla əlaqəli “Bezos Expeditions” yer alıb.
Ən böyük investisiya raundlarından biri 2025-ci ilin sentyabrında baş tutub. Şirkət 1 milyard dollardan çox kapital cəlb etdiyini açıqlayıb. Bu mərhələdə “Figure AI”-ın investisiyadan sonrakı bazar qiymətləndirməsi 39 milyard dollara yüksəlib.
2026-cı ildə hansı yeniliklərə imza atıb?
2026-cı ildə “Figure AI” robot istehsalının genişləndirilməsi istiqamətində mühüm addımlar atıb.
Apreldə şirkət “BotQ” adlı istehsal müəssisəsində 350-dən çox üçüncü nəsil robot hazırladığını açıqlayıb. İstehsal sürəti 120 gündən az müddətdə gündə bir robotdan saatda bir robota çatdırılıb. Bu isə istehsal tempinin 24 dəfə artması deməkdir. İyun ayında “Figure 03” modeli BMW-nin Spartanburq zavodunda təqdim edilib. Yeni robot əvvəlki modeldən fərqli olaraq, metal hissələri çeşidləmək, yerləşdirmək və ağır arabaları hərəkət etdirmək kimi daha mürəkkəb tapşırıqların icrasını nümayiş etdirib. Şirkət 2026-cı ilin mayında ABŞ-nin pərakəndə satış və logistika şirkəti “Catalyst Brands” ilə də kommersiya müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində robotların Nevada ştatının Reno şəhərindəki logistika mərkəzində istifadəsi nəzərdə tutulub.
Hansı ölkələrdə fəaliyyət göstərir?
“Figure AI”nin əsas fəaliyyəti ABŞ-də cəmləşib. Şirkətin baş ofisi, robotların hazırlanması və istehsal infrastrukturu bu ölkədə yerləşir. BMW və “Catalyst Brands” ilə açıqlanan robot tətbiqləri də ABŞ ərazisində həyata keçirilir. Bununla yanaşı, şirkət beynəlxalq tərəfdaşlıqlar qurur. Onun “Index” adlı məlumat toplama platforması müxtəlif ölkələrdə yaşayan insanların gündəlik fəaliyyətlərini videoya çəkməsinə və həmin görüntüləri robotların təlimi üçün təqdim etməsinə imkan verir. 2026-cı ilin oktyabrında açıqlanan göstəricilərə əsasən, platformadan 112 ölkədə istifadə edilib.
Nə qədər əməkdaşı var?
“Dealroom” platformasının 2026-cı ilin noyabr ayına aid məlumatlarına əsasən, “Figure AI”də çalışanların sayı təxminən 955 nəfərə çatıb.
Müqayisə üçün, 2023-cü ilin noyabrında şirkətin 78, 2024-cü ilin eyni ayında 209, 2025-ci ilin noyabrında isə 433 əməkdaşı olub.
Beləliklə, üç il ərzində işçi sayı 12 dəfədən çox artıb.
İnsanların gündəlik həyatını videoya çəkərək robotları öyrədir
“Figure AI”nin ən maraqlı layihələrindən biri “Index” platformasıdır. Şirkət bu sistem vasitəsilə insanların yemək hazırlamaq, paltar qatlamaq, ev təmizləmək və müxtəlif əşyaları yerləşdirmək kimi gündəlik hərəkətlərini öyrənir.
İstifadəçilər gördükləri işləri videoya çəkərək platformaya yükləyir və bunun müqabilində ödəniş əldə edə bilirlər.
Şirkətin 2026-cı ilin avqustunda açıqladığı məlumatlara görə, platformaya 16 milyondan çox video yüklənib və iştirakçılara ümumilikdə 15 milyon dollar ödənilib.
Oktyabrda yayılan məlumatlarda isə videoların sayının 37,5 milyona, tətbiqin yüklənmə sayının 1,26 milyona çatdığı bildirilib. Bu görüntülər robotların müxtəlif mühitlərdə insan hərəkətlərini öyrənməsi üçün istifadə olunur.

