78 ildən sonra Şimali Koreyada ŞOK QƏRAR – Kim Çen In ölkənin bayrağını dəyişdi!

13-11-2026, 16:58           
78 ildən sonra Şimali Koreyada ŞOK QƏRAR –
Şimali Koreya 1948-ci ildə dövlət kimi qurulduqdan sonra ilk dəfə milli bayrağının ölçülərində dəyişiklik edib. Konstitusiyaya edilən düzəlişlə bayrağın uzunluq və en nisbəti yenidən müəyyənləşdirilib. Bununla belə, bayrağın əsas rəngləri və simvolları əvvəlki kimi saxlanılıb.

Referans Media xəbər verir ki, “Yonhap” xəbər agentliyinin məlumatına görə, Şimali Koreyanın rəsmi “Naenara” platformasında yayımlanan yenilənmiş konstitusiyanın 166-cı maddəsində bayrağın yeni ölçüləri əks olunub. Əvvəllər bayrağın hündürlüyünün eninə nisbəti 1:2 olduğu halda, yeni qaydaya əsasən bu göstərici 1:1,65 olaraq müəyyənləşdirilib. Beləliklə, bayrağın hündürlüyü dəyişmədən eni qısaldılıb. Bu, 1948-ci ildə ölkənin qurulmasından bəri milli bayrağın ölçülərində edilən ilk dəyişiklikdir.

Yeni düzəlişlə bayrağın əsas dizaynına toxunulmayıb. Ortadakı qırmızı zolaq, yuxarı və aşağı hissələrdəki ağ və mavi zolaqlar, eləcə də ağ dairənin içərisindəki qırmızı beşguşəli ulduz saxlanılıb. Şimali Koreyanın rəsmi izahına əsasən, qırmızı rəng Yapon müstəmləkəçiliyinə qarşı mübarizədə tökülən qanı, ağ rəng xalqın birlik və sədaqətini, mavi rəng isə müstəqillik, sülh və həmrəyliyi simvolizə edir. “N​​K News” nəşri isə yeni dizaynda ağ zolaqların əvvəlki variantla müqayisədə daha qalın göründüyünü yazıb.

Bayrağın ölçülərinin dəyişdirilməsi Şimali Koreya lideri Kim Çen Inın ölkənin milli kimliyini öz idarəçilik yanaşmasına uyğun yenidən formalaşdırmaq cəhdləri ilə əlaqələndirilir. Son illərdə Pxenyan Cənubi Koreya ilə birləşmə siyasətindən uzaqlaşaraq iki ölkəni bir-birindən ayrı və düşmən dövlətlər kimi təqdim etməyə başlayıb. Bu proses çərçivəsində ölkənin dövlət himnində də dəyişikliklər edilib.

Şimali Koreya hakimiyyəti bayrağın ölçülərinin dəyişdirilməsinin rəsmi səbəbini açıqlamayıb. Bununla belə, təxminən 78 il ərzində qorunan dövlət simvolunun ölçülərinin yenilənməsi ölkənin milli kimlik siyasətində diqqətçəkən addım kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]