Qəzzada leysan və daşqınlar - 200 mindən çox fələstinlini evsiz qaldı
12-11-2026, 09:18

Qəzza zolağında yağan güclü leysan yağışları və baş verən daşqınlar minlərlə çadır və müvəqqəti sığınacağı yararsız hala salıb, 200 mindən çox fələstinlini evsiz və istiliksiz qoyub.
Bu barədə Ərəb Liqasının baş katibi Nəbil Fəhmi məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində təxminən 40 min müvəqqəti sığınacaq və 70 min çadır dağılıb. Nəticədə minlərlə ailə yaxınlaşan qış mövsümünü açıq havada keçirmək təhlükəsi ilə üzləşib.
Nəbil Fəhmi beynəlxalq ictimaiyyəti və humanitar təşkilatları Qəzza zolağında zərər çəkmiş əhaliyə təcili yardım göstərməyə çağırıb. O, həmçinin beynəlxalq humanitar səylərin əlaqələndirilməsi məqsədilə təcili yardım şəbəkəsinin yaradılması təşəbbüsünü irəli sürüb.
Təşəbbüs çərçivəsində əhalinin ərzaq, dərman, içməli su və digər ilkin tələbat malları ilə təmin edilməsi prioritet istiqamətlər olacaq.
Qeyd edək ki, noyabrın 7-də Qəzza zolağında yağan güclü yağışlar qaçqın düşərgələrində genişmiqyaslı daşqınlara səbəb olub. Yerli mülki müdafiə xidmətinin məlumatına görə, fırtına təxminən 350 min insana təsir edib.
Anklavın hakimiyyəti yaranmış vəziyyətin humanitar fəlakətə çevrilə biləcəyi barədə xəbərdarlıq edərək beynəlxalq ictimaiyyəti əhaliyə təcili şəkildə çadırlar, müvəqqəti sığınacaqlar və istilik vasitələri göndərməyə çağırıb.

