Amerika bankından xəbərdarlıq: Texnologiya şirkətlərində investisiya köpüyü yarana bilər
Dünən, 15:44
“Bank of America”nın strateqləri texnologiya şirkətlərində investisiya köpüyünün yaranması barədə xəbərdarlıq ediblər.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, “Nasdaq 100” texnologiya indeksi süni intellekt sahəsi ilə əlaqəli cəmi bir neçə şirkətin səhmlərinin bahalaşması hesabına artmaqda davam edir. Bankın mütəxəssisləri hesab edirlər ki, belə vəziyyət narahatlıq doğurur və texnologiya şirkətlərinin səhmlərində investisiya köpüyünün əlamətləri görünür.
Bundan əvvəl “The Wall Street Journal” qəzetinin aparıcı köşə yazarı Ceyms Makintoş bildirmişdi ki, 2030-cu ilədək dünyada məlumat mərkəzlərinə çəkilən xərclər 7 trilyon dollara çata bilər. Onun fikrincə, bu, iqtisadiyyat üçün risklər yaradır və partlaya biləcək investisiya köpüyünün formalaşmasına səbəb ola bilər.
“WSJ” xatırladır ki, bu cür proseslər əvvəllər də iqtisadiyyat üçün fəlakətli nəticələrə səbəb olub. Son illərdə yaranan kiçik lokal “köpüklər” borc vəsaitləri hesabına maliyyələşdirilmədiyi üçün iqtisadi artıma ciddi zərbə vurmayıb. Onlar partladıqda investorlar pul itirib, lakin maliyyə sistemi dayanıqlı olaraq qalıb.