BVF-dən dünya iqtisadiyyatı ilə bağlı kritik xəbərdarlıq - Üç əsas təhlükə

Dünən, 17:24           
BVF-dən dünya iqtisadiyyatı ilə bağlı kritik xəbərdarlıq -
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva dünya iqtisadiyyatının süni intellekt, yüksək enerji qiymətləri və artan dövlət borcları fonunda ciddi qeyri-müəyyənlik dövründən keçdiyini bildirib.

Valyuta.z istinadən xəbər verir ki, Georgiyeva Taylandda keçiriləcək BVF-Dünya Bankının illik toplantıları öncəsi Sinqapurda çıxış edib. O, qlobal iqtisadi artımın aşağı səviyyədə qalmasının qarşısını almaq üçün hökumətləri təcili siyasət addımları atmağa çağırıb.

BVF rəhbəri qlobal dövlət borcunun yaxın dövrdə dünya üzrə ÜDM-in 100 faizini keçəcəyini açıqlayıb. Onun sözlərinə görə, hökumətlər büdcə intizamını gücləndirməli və süni intellektin iqtisadiyyata gətirəcəyi dəyişikliklərə hazırlaşmalıdır.

Georgiyeva bildirib ki, dünya iqtisadiyyatı hazırda iki fərqli şokun təsiri altındadır. Bir tərəfdən Yaxın Şərqdəki münaqişələr enerji təchizatına mənfi təsir göstərir, digər tərəfdən isə süni intellektə yatırımlar tələbi artıraraq inflyasiya təzyiqini gücləndirir.

Onun sözlərinə görə, bu iki prosesin təsiri ölkələr arasında bərabər bölüşdürülmür. Süni intellektdən əldə olunan iqtisadi üstünlüklərin bir sıra ölkələri kənarda qoyması qlobal iqtisadi bərabərsizliyi daha da dərinləşdirə bilər.

Georgiyeva yeni BVF proqnozlarında ən ciddi aşağı istiqamətli düzəlişlərin müharibələrdən zərər çəkən iqtisadiyyatlarla bağlı olacağını deyib. Bu ölkələr arasında infrastrukturu ciddi dağılan Ukrayna, eləcə də İranın hücumlarından zərər çəkən və enerji ixracı kəskin azalan Körfəz ölkələrinin də yer alacağı gözlənilir.

BVF rəhbəri bildirib ki, neftin qiymətinin bir barel üçün 100 dollar ətrafında qalması və emal güclərinin çatışmazlığı enerji bazarında təzyiqi artırır. O, Körfəz regionunda müharibə sabah başa çatsa belə, yüksək enerji qiymətlərinin təsirinin müəyyən müddət davam edəcəyini vurğulayıb.

Georgiyevanın sözlərinə görə, yüksək enerji qiymətləri inflyasiyanı, əsas faiz dərəcələrini və istiqraz gəlirlərini artırır. ABŞ, Almaniya və Yaponiyada 10 illik dövlət istiqrazlarının gəlirliliyinin tarixi yüksək səviyyələrdə qalması da narahatlıq doğuran amillərdən biridir.

O, xüsusilə inkişaf etmiş ölkələrin artan borc yükünə diqqət çəkərək, hökumətlərin etibarlı büdcə intizamı planları hazırlamasının vacibliyini qeyd edib.

Georgiyeva süni intellektin dünya iqtisadiyyatı üçün böyük imkanlar yaratdığını da bildirib. BVF araşdırmalarına əsasən, süni intellekt düzgün tətbiq olunarsa, qlobal iqtisadi artıma hər il təxminən 0,5 faiz bəndi əlavə töhfə verə bilər.

Onun sözlərinə görə, qlobal iqtisadi artımın 3 faizdən 3,5 faizə yüksəlməsi 10 il ərzində dünya iqtisadiyyatına ASEAN ölkələri qrupunun iqtisadiyyatı ölçüsündə əlavə dəyər qazandıra bilər.

Bununla yanaşı, BVF rəhbəri süni intellektin kütləvi iş yerlərinin itirilməsi və kibertəhlükəsizlik riskləri kimi problemlər də yarada biləcəyini vurğulayıb.

Georgiyeva hökumətləri işçi qüvvəsinin bacarıqlarının artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi, bürokratiyanın azaldılması və biznes üçün daha əlverişli mühit yaradılması istiqamətində struktur islahatlarını sürətləndirməyə çağırıb.

“Lazımi siyasət addımlarını atmağı daha çox gecikdirə bilmərik. Alətlər sizin əlinizdədir, indi onları istifadə etmək üçün müdrikliyə sahib olun”, deyə BVF rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]