Azərbaycan – Türkiyə - sarsılmaz qardaşlıq

11-11-2026, 16:38           
Azərbaycan – Türkiyə - sarsılmaz qardaşlıq
Qardaş Türkiyə bu gün nəinki regionda baş verən siyasi və geosiyasi
proseslərdə, eyni zamanda, qlobal miqyasda mühüm qərarların qəbulunda
söz sahibi olan dövlətlərdən biridir. Türkiyənin beynəlxalq nüfuzunun, siyasi
və iqtisadi gücünün artması, regional və dünya siyasətində mövqelərinin
möhkəmlənməsi, şübhəsiz ki, Azərbaycanı da sevindirir. Çünki Azərbaycan
üçün Türkiyənin güclənməsi həm də türk dünyasının güclənməsi, ortaq
maraqlarımızın və milli mənafelərimizin daha etibarlı müdafiəsi deməkdir.
Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri arasında nadir
nümunə hesab olunur. Bu münasibətləri yalnız diplomatik əlaqələr, siyasi
əməkdaşlıq və iqtisadi tərəfdaşlıq çərçivəsində dəyərləndirmək mümkün
deyil. Bizi birləşdirən ortaq tarix, etnik köklər, dil, din, mədəniyyət və mənəvi
dəyərlərdir. Bu bağlılıq zamanın sınaqlarından keçərək daha da
möhkəmlənib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi "Bir
millət, iki dövlət" kəlamı Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini
ifadə edən tarixi bir prinsipə çevrilib.
44 günlük Vətən müharibəsi iki qardaş ölkə arasındakı birliyin və
həmrəyliyin nə qədər möhkəm olduğunu bütün dünyaya bir daha nümayiş
etdirib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Azərbaycanın haqq işinə açıq və birmənalı dəstəyini ifadə edib.
Müharibədən sonra, 2021-ci il iyunun 15-də Şuşada imzalanan tarixi Şuşa
Bəyannaməsi isə iki dövlət arasındakı münasibətləri rəsmən müttəfiqlik
səviyyəsinə yüksəldib. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin gələcək
inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, regional təhlükəsizlik,
qarşılıqlı müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat və digər sahələrdə
əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm hüquqi-siyasi zəmin
yaradıb. Şuşa Bəyannaməsi həm də dünyaya ünvanlanmış mühüm mesaj
olub: Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq,
ortaq maraqlarını birlikdə qoruyacaq.
Lakin iki qardaş dövlət arasında mövcud olan bu sarsılmaz
münasibətlər, təbii ki, hamını sevindirmir. Azərbaycan-Türkiyə birliyinin
yaratdığı güclü siyasi və geosiyasi reallıqlar bəzi dairələri ciddi şəkildə
narahat edir. Məhz buna görə də zaman-zaman iki ölkənin münasibətlərinə
kölgə salmaq, xalqlarımız arasında süni narazılıq yaratmaq, ortaq
maraqlarımıza zidd olan fikirləri gündəmə gətirmək cəhdləri müşahidə
olunur. Belə qüvvələr müxtəlif mövzulardan istifadə edərək Azərbaycanı
əsassız ittihamlarla hədəfə almağa çalışırlar. Xüsusilə onlar Azərbaycan-
İsrail münasibətlərini məqsədli şəkildə təhrif edir, ölkəmizin Fələstin
məsələsindəki mövqeyini şübhə altına almağa cəhd göstərirlər. Halbuki
Azərbaycanın xarici siyasəti müstəqil milli maraqlara, qarşılıqlı faydalı
əməkdaşlıq prinsiplərinə əsaslanır. Deməli, ölkəmizin müxtəlif dövlətlərlə
əməkdaşlığını bir-birinə qarşı qoymaq və bundan siyasi manipulyasiya
vasitəsi kimi istifadə etmək cəhdləri heç bir məntiqə sığmır. Dini məsələlər
üzərindən ölkəmizə qarşı populist və məsuliyyətsiz ittihamlar səsləndirmək,
reallığı təhrif etməklə ictimai rəyə təsir göstərməyə çalışmaq
qəbuledilməzdir.
Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və bu birliyin
sarsılmazlığı hər iki ölkənin dövlət başçılarının çıxışlarında dəfələrlə ifadə
olunub. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla
Şuşada keçirilən görüşlərdən sonra mətbuata bəyanatında bu məsələyə
xüsusi toxunaraq bildirib ki, iki xalq və iki lider heç kimə imkan verməz ki,
onların arasına girsin, yaxud şəxsi maraqları naminə birliklərinə,
qardaşlıqlarına və həmrəyliklərinə kölgə salsın.
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyini və qardaşlığını
sarsıtmaq istəyənlərin heç vaxt öz arzularına çatmayacağını da xüsusi
vurğulayıb. Prezident İlham Əliyevin sözləri ilə desək: "Bizi birləşdirən ortaq
tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir.
Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün
dövlətlərarası münasibətlər də inkişaf edir". Şübhəsiz, bu fikirlər iki ölkə
arasındakı münasibətlərin hansı möhkəm təməl üzərində qurulduğunu
aydın şəkildə göstərir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan-Türkiyə
münasibətlərini "sönməz məşəl" adlandıraraq Türkiyənin və türk millətinin
hər zaman Azərbaycanın yanında olacağını, ölkəmizin sevincini də,
kədərini də bölüşəcəyini bəyan edib. Bu, sadəcə, diplomatik ifadə deyil,
Türkiyənin Azərbaycana münasibətdə dəyişməz siyasi iradəsinin və
qardaşlıq mövqeyinin təzahürüdür.
Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağda aparılan quruculuq və
bərpa işlərindən danışarkən bu istiqamətdə Azərbaycanın səylərini yüksək
qiymətləndirib. Yeri gəlmişkən, Türkiyə dövlətinin dəstəyi ilə Cəbrayılda
Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzinin və Ağıllı Tingçilik
Mərkəzinin yaradılması iki ölkə əməkdaşlığının yeni nümunəsi kimi diqqət
çəkir. Bu, işğaldan azad olunmuş ərazilərin ekoloji bərpasına və
yaşıllaşdırılmasına mühüm töhfə verir. Türkiyənin Qarabağ və Şərqi
Zəngəzurda təhsil infrastrukturunun qurulmasına verdiyi dəstək də xüsusi
əhəmiyyət daşıyır. Ərdoğan Ağdamda 14 500 kvadratmetr sahəni əhatə
edən, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlandığını və onun
növbəti il istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib. Bütün bunlar
bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri möhkəm tarixi
təmələ, qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslanır. Bu
münasibətləri kənar qüvvələrin təxribatları, əsassız ittihamları və siyasi
manipulyasiyaları ilə zəiflətmək mümkün deyil. Bir sözlə, Azərbaycan-
Türkiyə birliyinin təməli möhkəmdir, məşəli də daim yanacaq.
Qvami Məhəbbətoğlu – araşdırmaçı jurnalist












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]