Xankəndidən verilən Zəfər mesajı

11-11-2026, 08:48           
Xankəndidən verilən Zəfər mesajı
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi
müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi
nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını
şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi
təsadüfi məkan seçimi deyil. Bu, 2020-ci ildə döyüş meydanında başlanan
prosesin 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə tamamlanmasının
rəmzi ifadəsidir.
2020-ci ilin Qələbəsi yalnız hərbi əməliyyatların uğurlu nəticəsi deyil,
Azərbaycanın siyasi, ideoloji və geostrateji baxımdan yeni mərhələyə
keçididir. Bu hadisənin mahiyyəti ərazi nəzarətinin bərpası ilə məhdudlaşmır,
regional münasibətlər sistemində ölkənin mövqeyinin dəyişməsi və milli
özünüdərkin güclənməsi də həmin tarixi nəticənin tərkib hissəsidir. Bu
Qələbə bir tərəfdən uzun illər davam etmiş ərazi münaqişəsinin hərbi-siyasi
həllinə yol açmış, digər tərəfdən Azərbaycanın regional münasibətlər
sistemində mövqeyini dəyişdirmiş, dövlətin suverenlik imkanlarını
genişləndirmiş və milli özünüdərk prosesinə yeni məzmun qazandırmışdır.
Məsələyə tarixi ardıcıllıq və siyasi səbəb-nəticə əlaqələri müstəvisindən
yanaşdıqda aydın olur ki, 44 günlük Vətən müharibəsi qəfil meydana çıxmış
hadisə deyil, uzunmüddətli dövlət quruculuğu, iqtisadi potensialın
gücləndirilməsi, diplomatik fəaliyyət, hərbi modernləşmə və milli iradənin
səfərbər edilməsi proseslərinin nəticəsi idi.
Prezident Xankəndidən səsləndirdiyi müraciətdə vaxtilə dediyi
“Qarabağ Azərbaycandır və nida” bəyanatına qayıdaraq vurğulayıb: “O vaxt
Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik.
Mən bildirmişdim ki, “Qarabağ Azərbaycandır və nida”. O nida işarəsini biz
2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük
antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı
korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına
aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə
təslim olmuşdur”.
Xankəndidəki keçmiş icra hakimiyyəti binasının Zəfər Muzeyinə
çevrilməsi də eyni məntiqi davam etdirir. Prezident həmin binanın vaxtilə
separatçıların fəaliyyət göstərdiyi məkan olduğunu xatırladaraq deyib: “Artıq
Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun
məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana
qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O
binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk
növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi
həmin o binada Zəfər Muzeyi yerləşəcək”.
Dövlət başçısı keçmiş separatçı rəhbərlərin Bakıda cəzalarını aldıqlarını
da bildirib. Belə bir binanın muzeyə çevrilməsi işğal dövrünün simvollarının
yeni tarixi yaddaş məkanına çevrilməsi anlamına gəlir.
Zəfər tağına aparan pillələrin hər birində müharibənin bir gününün həkk
olunması isə tarixi yaddaşın başqa bir ifadəsidir. Prezidentin “Bu Zəfər tağına
gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk
olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44
günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır. Bütün bu məsələlər
təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda,
şəhidlərimizin qanı da həkk olunub” sözləri Qələbənin həm də böyük insan
fədakarlığı hesabına əldə olunduğunu xatırladır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin 44 günü
Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. Prezidentin
sözlərinə görə, 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi.
Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll etdi.
“Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət,
vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında
qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş
meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan
Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə
Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt
döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı,
bir güllə atılmadan, bir şəhid vermədən”, – deyə Prezident bildirib.
Bunun ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz
qaytarılması hərbi üstünlüyün diplomatik nəticəyə çevrilməsini göstərdi.
Bu müharibənin strateji nəticəsi ondan ibarət oldu ki, Azərbaycan hərbi
uğuru siyasi nəticəyə çevirməyi bacardı. Müharibələr tarixində bütün döyüş
qələbələri mütləq siyasi uğurla nəticələnmir. Hərbi üstünlüyün davamlı nəticə
verməsi üçün düzgün diplomatik qərarların qəbul edilməsi, əldə olunan
mövqelərin qorunması və postmüharibə mərhələsinin idarə olunması tələb
olunur.
Şuşanın strateji əhəmiyyəti onun coğrafi mövqeyi ilə yanaşı, siyasi və
mənəvi mahiyyəti ilə də bağlı idi. Şəhərin mürəkkəb dağlıq relyef şəraitində
azad edilməsi Azərbaycan Ordusunun hərbi hazırlığını və xüsusi əməliyyat
imkanlarını nümayiş etdirdi. Şuşanın azad olunması nəticəsində Ermənistan
qüvvələrinin mövqeləri strateji baxımdan ciddi şəkildə zəiflədi, müharibənin
davam etdirilməsinin hərbi və siyasi xərcləri Ermənistan rəhbərliyi üçün artdı.
Prezident isə Azərbaycan Ordusunda bir nəfərin belə fərarilik
etmədiyini, Ermənistan rəhbərliyinin öz ordusunda 12 minə yaxın fərarinin
olduğunu etiraf etdiyini vurğulayıb. Bu müqayisə çıxışın hərbi hazırlıqla
yanaşı, döyüş ruhu və motivasiya ilə bağlı mühüm xəttini təşkil edir.
Dövlət başçısı Böyük Qayıdışın nəticələrini də diqqətə çatdırıb:“İşğal
dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli
görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan
tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri
gedir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş
ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz
doğma torpaqlarına qayıtmasının şahidləriyik”.
Azad edilmiş torpaqların yenidən qurulması yalnız binaların tikilməsi
demək deyil. Avtomobil yolları, enerji və su təchizatı, hava limanları,
məktəblər, səhiyyə və iş yerləri birlikdə regionun vahid sosial-iqtisadi sistemə
qayıtmasını təmin etməlidir.
Böyük Qayıdış yalnız demoqrafik proses kimi qiymətləndirilməməlidir.
Bu, eyni zamanda sosial ədalətin, tarixi yaddaşın, mülkiyyət münasibətlərinin
və insanların təhlükəsiz yaşayış hüququnun bərpası ilə bağlı mürəkkəb
dövlət siyasətidir. Uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz
doğma torpaqlarına qayıtması mənəvi baxımdan mühüm hadisədir. Lakin
qayıdışın davamlı olması üçün mənzil təminatı ilə yanaşı, məşğulluq
imkanlarının, məktəblərin, xəstəxanaların, kommunal xidmətlərin və
sahibkarlıq mühitinin inkişafı vacibdir.
Prezidentin müraciətinin yekun xətti milli-mənəvi dəyərlər və
Azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Dövlət başçısı bu ideologiyanın
ölkədə yaşayan bütün etnik və dini qrupları birləşdirən əsas fəlsəfə olduğunu
bildirib.
“Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan
dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan
dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri
qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi
verəcəyik”, – Prezident vurğulayıb.
Beləliklə, Xankəndidəki Zəfər tağı önündən verilən mesaj yalnız ötən
müharibənin xatırladılması deyil, dövlətin gələcək təhlükəsizlik və inkişaf
hədəfinin ifadəsidir.
Prezident İlham Əliyev müraciətinin sonunda bu hədəfi belə
müəyyənləşdirib: “Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü
olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə
gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir,
həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı
olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir”.
Bu mesaj Qələbənin qorunmasını, müstəqil siyasətin davam
etdirilməsini, iqtisadi və hərbi potensialın gücləndirilməsini, eləcə də milli
həmrəyliyin möhkəmləndirilməsini qarşıdakı dövrün əsas strateji vəzifələri
kimi ön plana çıxarır.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]