Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsinlik məsələləri xüsusi önəm daşıyır
19-09-2026, 09:27

Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağa iştirak ediblər. Dövlətimizin başçısı Prezident İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilat olduğunu, müxtəlif formatlarda müzakirə olunan məsələlərin beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə etdiyini və yirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatının mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə etdiyini bildirdi.
Daha sonra Prezident İlham Əliyev çıxışında bunları qeyd etdi “Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.”
Könül Əfəndiyeva – YAP üzvü

