Bu il üçüncü dəfə qeyd ediləcək əlamətdar şəhər günləri

17-09-2026, 10:42           
Bu il üçüncü dəfə qeyd ediləcək əlamətdar şəhər günləri
Azərbaycan xalqının müasir tarixi həm sınaqlarla, həm də böyük zəfərlərlə zəngindir. Qarabağ məsələsi isə bu tarixdə ən ağrılı, eyni zamanda ən qürurlu səhifələrdən biridir. İllər boyu xalqımızın yuxusuna haram qatmış işğal 2020-ci ildə Vətən müharibəsi ilə sona yetdi. Azərbaycan Ordusu, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, polad iradəsi və xalqın birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Lakin həmin vaxt Qarabağda yaranmış yeni reallıq arzuladığımız kimi deyildi. Qeyri-qanuni silahlı dəstələrin bölgəni tərk etməməsi, mina təhlükəsinin davam etməsi, diversiya hadisələrinin baş verməsi Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıran əsas maneələr idi.
2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatı bölgədə yeni mərhələ açdı. Ermənistan kapitulyasiya aktına imza atdı, amma praktiki olaraq bəyanatın bütün müddəaları yerinə yetirilmədi. Qarabağda hələ də Ermənistan ordusunun tör-töküntüləri mövcud idi. Onların fəaliyyəti bir tərəfdən bölgədə yaşayan əhali üçün təhlükə yaradırdı, digər tərəfdən isə Azərbaycanın dövlətçiliyinə açıq hörmətsizlik idi. Xüsusilə mina terroru hər gün həyatımıza acı xəbər gətirirdi. Onlarla hərbçi və mülki şəxs bu minaların qurbanına çevrilirdi. 2023-cü ilin sentyabrında baş verən partlayış nəticəsində bir neçə hərbçimizin həlak olması isə bardağı daşıran son damla oldu. Bu hadisədən dərhal sonra Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatın ən böyük xüsusiyyəti onun məqsədli və məhdud xarakter daşıması idi. Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhalinin təhlükəsizliyi isə diqqətlə qorundu. Bu, Azərbaycanın gücünün yanında humanist dəyərlərə sadiqliyinin də göstəricisi idi.
24 saata yaxın davam edən əməliyyat Azərbaycanın hərbi gücünün növbəti göstəricisi oldu. Dəqiq və hədəfli zərbələr nəticəsində Ermənistan ordusunun qalıqları zərərsizləşdirildi, mühüm hərbi obyektlər sıradan çıxarıldı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycanın suverenliyi tam bərpa olunub, Qarabağda dövlət bayrağımız artıq əbədi dalğalanır. Bu sözlər hər birimimizdə böyük qürur hissi yaratdı”.
2023-cü ilin sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Qarabağda dövlət idarəçiliyi tam bərpa olundu, ölkəmizin ərazi bütövlüyü faktiki olaraq təmin edildi, oradakı qeyri-qanuni silahlı dəstələr tərksilah edildi və bölgədə sabitlik, təhlükəsizlik bərqərar oldu. Ən əsası, Azərbaycan göstərdi ki, suverenlik yalnız kağız üzərində yazılan prinsip deyil, real siyasi iradə və hərbi güclə qorunan dəyərdir. Bu siyasi iradənin əsas müəllifi isə dövlət başçısı İlham Əliyev cənablarıdır.
Bu, həm də siyasi, diplomatik və psixoloji baxımdan böyük bir dönüş nöqtəsi idi. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, lakin eyni zamanda öz hüquqlarını qorumaqda heç kəsə güzəştə getməyəcək. Əməliyyat nəticəsində bölgədə uzunmüddətli sülh üçün yeni imkanlar yarandı.
Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq üçüncü dəfə qeyd olunur.
Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.
Artıq Qarabağda həyatın dirçəlməsi, infrastruktur layihələrinin genişlənməsi və əhalinin rifahının yüksəldilməsi üçün maneələr aradan qalxdı. Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Xankəndi, Ağdərə, Ağdam, Kəlbəcər və Xocalı şəhərləri və bir sıra kəndlər də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.


Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]