Xankəndi, Xocavənd və Xocalıda ən müasir infrastruktur qurulub
17-09-2026, 10:22

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hazırlanmasında strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Bunun praktik nəticələrini ölkə başçısının Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı görmək mümkündür. Belə ki, bütün yaşayış məntəqələri ən mütərəqqi təcrübə əsasında inşa olunur.
Hazırda “Böyük Qayıdış” proqramının icrası plan üzrə davam edir. Qarabağ və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə müvafiq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, müxtəlif müəssisələrdə işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır və bu say günü-gündən artır. Prezident İlham Əliyevin Xocavənd və Xocalıya son səfəri zamanı növbəti yeni yaşayış məntəqələrinin yüksək standartlara uyğun şəkildə inşa olunduğunun, sosial infrastrukturun qurulduğunun, burada məskunlaşan əhalinin firavan yaşayışı üçün hər cür şərait yaradıldığının şahidi olduq.
2023-cü il 19 centyabr antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq üçüncü dəfə qeyd olunur.
23 saatlıq antiterror əməliyyatlarının 2-ci ildönümü ərəfəsində sakinlərlə görüşən Prezident İlham Əliyev bir daha vacib mesajlar verdi. Bəyan etdi ki, 2 il əvvəl həyata keçirilən əməliyyatlar zəruri idi. Çünki Ermənistan dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymurdu. Azərbaycan üçün isə əsas missiya suverenliyin tam bərpası idi və xalqımızın iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə alması bu müqəddəs missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verdi. Bu gün Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi yüksək səviyyəli bərpa-quruculuq işləri dövlətimizin iradəsini və niyyətini göstərir.
Azad olunmuş ərazilərdə həmçinin təhlükəsizlik tədbirləri də davam etdirilir. Bura qayıdan vətəndaşların təhlükəsizliyinin təminatı başlıca vəzifələrdən biridir. Bu xüsusda ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Eyni zamanda əhalinin məşğulluğunun təmin olunması istiqamətində də kompleks addımlar atılır. Bir sözlə, cənab Prezident də bildirdi ki, "burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur."
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

