Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərləri yeni reallıqları dünyaya göstərir

16-09-2026, 08:44           
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərləri yeni reallıqları dünyaya göstərir
Beynəlxalq diplomatik korpus nümayəndələrinin Xankəndi, Şuşa və Kəlbəcərə səfərləri diplomatların Qarabağ və Şərqi Zəngəzurda gedən prosesləri birbaşa yerində müşahidə etmələri baxımından əhəmiyyətlidir. Bu ərazilərdə aparılan bərpa və quruculuq işlərinin miqyası, yeni yaradılan infrastruktur, yaşayış məntəqələrinin yenidən qurulması və insanların doğma torpaqlarına qayıdışı yerində müşahidə edildikdə proses haqqında daha dolğun təsəvvür formalaşır.
Burada mühüm məqamlardan biri odur ki, diplomatik korpusun bir çox nümayəndəsi azad edilmiş ərazilərə əvvəlki illərdə də səfər edib. Onlar həmin ərazilərin işğaldan azad edildikdən dərhal sonrakı vəziyyətini, dağıdılmış şəhər və kəndləri, yararsız infrastrukturu görüblər. İndi isə Xankəndi, Şuşa, Kəlbəcər və digər ərazilərdə qısa müddət ərzində baş verən dəyişiklikləri müqayisə etmək imkanına malikdirlər.
Qarabağ və Şərqi Zəngəzurda təhlükəsiz yaşayış mühitinin yaradılması, minalardan təmizləmə işlərinin aparılması, dövlət idarəçiliyinin və sosial xidmətlərin təşkili, iqtisadi fəaliyyət üçün şəraitin formalaşdırılması paralel şəkildə həyata keçirilir. Diplomatik nümayəndələrin bütün bunlarla yerində tanış olması onlara regionda mövcud vəziyyəti, baş verən dəyişiklikləri və həyata keçirilən işlərin real miqyasını birbaşa görmək imkanı yaradır.
Uzun illər beynəlxalq gündəmdə bu ərazilər əsasən münaqişə və təhlükəsizlik məsələləri ilə assosiasiya olunurdu. İndi isə gündəlikdə bərpa, məskunlaşma, iqtisadi inkişaf, nəqliyyat və enerji infrastrukturu, turizm, yaşıl enerji və regional əməkdaşlıq imkanları kimi mövzular getdikcə daha çox yer tutur.
Diplomatik korpusun belə səfərləri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallıqları beynəlxalq ictimaiyyətə birbaşa göstərmək üçün effektiv vasitədir. Diplomatların prosesi öz gözləri ilə görməsi, əvvəlki vəziyyətlə indiki mənzərəni müqayisə etməsi və nəticə çıxarması xüsusi əhəmiyyət daşıyır.


İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]