"Bu limitin tətbiqinə nə ehtiyac var?"
22-11-2026, 00:06

Nağdsız ödənişlərin təşviqi və maliyyə əməliyyatlarında şəffaflığın artırılması istiqamətində tətbiq edilən yeni tələblər ictimai müzakirələrə səbəb olub.
Belə ki, MilliÖN və digər ödəniş terminalları vasitəsilə bank kartı hesabına 500 manatdan artıq vəsait yatırılarkən şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.
Bu cür məhdudiyyətlərin vətəndaşların ödəniş vərdişlərinə və nağdsız hesablaşmaların həcminə necə təsir edəcəyi isə maraq doğurur.
Bəs bu kimi məhdudiyyətlər nağdsız ödənişlərin azalmasına səbəb olacaqmı?
REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu məhdudiyyətin heç bir mənası yoxdur.
“MilliÖN vasitəsilə insanlar bank kreditləri üzrə borclarını ödəyə bilirlər. Bankın müvafiq bölməsinə daxil olub borcu ödəyərkən bütün məlumatlar, o cümlədən ad və soyad artıq sistemdə əks olunur. Belə olan halda, bu limitin tətbiqinə nə ehtiyac var?
Bu məhdudiyyət ona görə məntiqsizdir ki, şəxsiyyətin təsdiqi tələb olunmadan yalnız 500 manatadək ödəniş etmək mümkündür. Əgər şəxsin kredit borcu 1000 manatdırsa, o zaman həmin məbləği iki dəfəyə ödəməli olacaq. Yəni bu məhdudiyyət tamamilə mənasızdır”.
Ekspert qeyd edib ki, bu cür addımlar ölkədə qadağa və məhdudiyyətlərin çoxalması ilə bağlı fikirlərin daha da geniş yayılmasına səbəb olur:
“Bu isə iqtisadiyyat üçün heç də yaxşı hal deyil”.

