Möcüzə adı ilə yayılan uydurmalar: İslam bu məsələyə necə yanaşır?

12-11-2026, 12:24           
Möcüzə adı ilə yayılan uydurmalar: İslam bu məsələyə necə yanaşır?
Dini şəxsiyyətlərin adları ilə əlaqələndirilən, lakin tarixi və dini mənbələrlə təsdiqlənməyən əhvalatlar cəmiyyətdə yanlış dini təsəvvürlərin formalaşmasına səbəb ola bilər. Xüsusilə belə hekayələrin möcüzə və ya dini həqiqət kimi təqdim edilməsi insanların inancından sui-istifadə edilməsi məsələsini də gündəmə gətirir. Bəs din adı altında yayılan uydurma əhvalatların qarşısını almaq və dini həqiqətlə xurafatı bir-birindən ayırmaq üçün hansı meyarlar əsas götürülməlidir?
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, heç kimin dini şəxsiyyətlərin adından özündən əhvalat uydurmağa, baş verməmiş hadisələri onların adına çıxmağa haqqı yoxdur. İstər peyğəmbər, istər imam, istərsə də başqa bir din böyüyü olsun, onların adından danışılan hər bir hadisə müəyyən tarixi və dini mənbəyə əsaslanmalıdır.

“Təəssüf ki, bəzi din xadimləri insanların diqqətini cəlb etmək, özlərinə nüfuz qazandırmaq və dinləyicilərdə qeyri-adi təsəvvürlər yaratmaq üçün belə əhvalatlardan istifadə edirlər. Bir müddət sonra həmin əhvalatlar ağızdan-ağıza yayılır və insanlar onları dinin bir hissəsi kimi qəbul etməyə başlayırlar.

Mənim etirazım hər hansı məzhəbin nümayəndəsinə deyil, din adı altında yalan danışılmasına, xurafatın yayılmasına və insanların dini hisslərinin istismar edilməsinədir. Özünü hansı məzhəbə aid etməsindən asılı olmayaraq, dini təbliğ edən şəxs ilk növbədə danışdığı sözün məsuliyyətini dərk etməlidir”, – deyə o bildirib.

Əkrəm Həsənov deyib ki, İslam dini insanı möcüzə axtarmağa deyil, həqiqəti axtarmağa, düşünməyə və elm öyrənməyə çağırır. Peyğəmbərimizin (s.ə.s.) «Kim elm öyrənmək üçün bir yola çıxarsa, Allah onun üçün Cənnətə gedən yolu asanlaşdırar» məzmunundakı hədisi də elmin və öyrənməyin İslamda hansı dəyərə malik olduğunu göstərir (Səhih Muslim, 2699).

İlahiyyatçı vurğulayıb ki, cəmiyyətdə dini maarifləndirmə işi məhz bu istiqamətdə aparılmalıdır. İnsanlara hər eşitdikləri qeyri-adi əhvalata inanmağı deyil, araşdırmağı, müqayisə etməyi və məntiqlə düşünməyi öyrətmək lazımdır. Dinin nüfuzunu qorumağın yolu onu uydurma əhvalatlarla bəzəmək deyil, həqiqətə və elmi biliyə söykənərək izah etməkdir: “Allahın qüdrətinə inanmaqla insanın uydurduğu hekayələrə inanmaq eyni şey deyil. Bunları bir-birindən ayırmağı bacarmalıyıq”.

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]