Seyidin toxunuşu ilə maşın işə düşə bilərmi? – Dini baxış
12-11-2026, 11:23

Gündəlik həyatda baş verən və ilk baxışdan izahı çətin görünən hadisələrin möcüzə kimi təqdim edilməsi cəmiyyətdə dini yanaşmalarla bağlı müxtəlif müzakirələrə yol açır. Xüsusilə texniki və təbii səbəblərlə izah oluna biləcək halların ilahi müdaxilə kimi yozulması inanc, xurafat və elmi düşüncə arasındakı sərhədi gündəmə gətirir.
Bəzən insanlar gündəlik həyatda baş verən, adi məntiqlə izah etməkdə çətinlik çəkdikləri hadisələri Allahın möcüzəsi və ya ilahi müdaxilə kimi təqdim edirlər. Məsələn, avtomobildə benzin olmadığı halda mühərrikin işə düşməsi kimi hadisələrə dini baxımdan necə yanaşmaq lazımdır?
Hər hansı qeyri-adi hadisəni Allahın möcüzəsi və ya bir işarəsi kimi qəbul etmək nə dərəcədə doğrudur? Bunun dini meyarları varmı?
İnsanlar bəzən təsadüfləri və texniki səbəblərlə izah oluna biləcək hadisələri ilahi müdaxilə ilə əlaqələndirirlər. Möcüzə ilə təsadüfü bir-birindən necə ayırmaq olar?
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam dini insanı düşünməyə, araşdırmağa və eşitdiyi hər bir xəbərə dərhal inanmamağa çağırır. Təəssüf ki, bəzi din xadimləri insanların dini biliklərinin azlığından istifadə edərək müxtəlif uydurma və ya həqiqətə uyğunluğu təsdiqlənməmiş əhvalatları dini hadisə kimi təqdim edirlər. Daha təəccüblüsü isə budur ki, bəzi insanlar belə söhbətləri heç bir araşdırma aparmadan qəbul edir və başqalarına da həqiqət kimi danışırlar:
“Məsələn, bir avtomobilin benzini bitdiyi halda hansısa seyidin maşına yumruq vuraraq onu işə salması, yaxud müəyyən bir şəxsin toxunuşu ilə xarab olmuş texnikanın düzəlməsi kimi əhvalatların dini möcüzə kimi təqdim edilməsi doğru yanaşma deyil. Əvvəlcə hadisənin həqiqətən baş verib-vermədiyi, sonra isə onun hansı səbəblərlə izah oluna biləcəyi araşdırılmalıdır. Avtomobilin mühərrikinin işləməsi üçün texniki və fiziki şərtlər mövcuddur. Bu şərtləri nəzərə almadan hadisəni dini qüdrət kimi təqdim etmək elmi düşüncəyə də, dini təfəkkürə də uyğun gəlmir”.
Birinci məsələ: Hər qeyri-adi hadisə möcüzədirmi?
İlahiyyatçı bildirib ki, İslamda möcüzə anlayışının konkret dini məzmunu var. Möcüzə, əsasən, peyğəmbərlərin peyğəmbərlik iddiasını təsdiqləyən, adi insan imkanlarını aşan və Allahın izni ilə baş verən fövqəladə hadisədir. Peyğəmbərlərdən başqa, saleh insanlarda baş verə bilən fövqəladə hallara isə İslam alimləri kəramət deyirlər. Lakin hər qeyri-adi hadisəni kəramət adlandırmaq da düzgün deyil.
“Burada mühüm bir məqam var: Kəramət insanın özündən asılı olan, istədiyi zaman nümayiş etdirə biləcəyi xüsusi bir güc deyil. Heç bir insanın seyid olması, din xadimi kimi tanınması və ya hansısa müqəddəs şəxsə nəsil bağlılığının iddia edilməsi ona qeyri-adi güc sahibi olmaq haqqı vermir.
Qurani-Kərimdə buyurulur: «Haqqında məlumatın olmayan bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək, bunların hamısı sorğu-sual olunacaqdır» (əl-İsra, 17:36).
Başqa bir ayədə isə Allah-Təala eşidilən xəbərlərin araşdırılmasını əmr edir (əl-Hucurat, 49:6).
Deməli, dini baxımdan da bizə təqdim olunan hər bir qeyri-adi hadisəni araşdırmadan qəbul etmək doğru deyil. Allahın qüdrətinə inanmaq ayrı məsələdir, insanların danışdığı hər əhvalatı Allahın möcüzəsi kimi qəbul etmək tamam başqa məsələdir”, – deyə o bildirib.
İkinci məsələ: Möcüzə ilə təsadüfü və adi hadisəni necə ayırmaq olar?
İlahiyyatçı bildirib ki, insan bəzən səbəbini bilmədiyi hadisə ilə qarşılaşdıqda onu dərhal ilahi müdaxilə kimi qiymətləndirir. Halbuki bizim bir hadisənin səbəbini bilməməyimiz həmin hadisənin səbəbsiz baş verməsi demək deyil: “Məsələn, avtomobilin mühərriki işə düşürsə, bunun texniki səbəbləri araşdırılmalıdır. Yanacaq sistemində qalan ehtiyat, elektrik dövrəsindəki nasazlıq, kontakt problemi və digər texniki amillər nəzərə alınmalıdır. Hadisənin səbəbi müəyyən edilmədən onu möcüzə adlandırmaq elmi baxımdan əsaslandırılmış nəticə deyil”.
Əkrəm Həsənov vurğulayıb ki, İslam dini də səbəbləri inkar etmir. Əksinə, Allah kainatı müəyyən qanunauyğunluqlar əsasında yaradıb. İnsan bu qanunları öyrənməli və onlardan istifadə etməlidir. Hər şeyi fövqəltəbii hadisə kimi təqdim etmək insanın araşdırma və düşünmə qabiliyyətini zəiflədir.
İslam alimləri də bu məsələyə ciddi yanaşıblar: “İbn Teymiyyə kəramət anlayışını qəbul etməklə yanaşı, qeyri-adi hadisələrin hər birinin Allah yanında üstünlük və mənəvi məqam göstəricisi olmadığını izah edib. İmam Nəvəvi də saleh insanlarda kəramətin mümkünlüyünü qəbul edir, lakin bu anlayışı peyğəmbər möcüzəsi ilə eyniləşdirmir.
Burada bir hədisi də xatırlatmaq yerinə düşər. Peyğəmbərimiz (s.ə.s.) buyurub: «Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdəki yerini hazırlasın» (Səhih əl-Buxari, 110; Səhih Muslim, 3).
Bu hədis yalnız peyğəmbərin adına deyilən yalanların nə qədər ağır məsuliyyət daşıdığını göstərir. Ümumiyyətlə, dini şəxslərin adından əsassız məlumat yaymaq da ciddi mənəvi məsuliyyətdir”.
İradə Cəlil, Bizimyol.info

