Ukrayna Krım körpüsünə niyə zərbə endirmir? Ekspert səbəbi açıqladı
7-10-2026, 09:24

Ukraynanın Krım körpüsünə zərbə endirməməsinin əsas səbəbi hədəfin sıradan çıxarılması üçün çoxlu sayda bahalı raket tələb olunmasıdır.
Bizimyol.info xəbər verir ki, bunu hərbi ekspert, hərbi qulluqçu və Ukrayna Quru Qoşunlarının Ehtiyatda olan Hərbçilər Şurasının rəhbəri İvan Timoçko bildirib.
Onun sözlərinə görə, körpülər mürəkkəb və dayanıqlı hədəflərdir. Onları tamamilə sıradan çıxarmaq üçün çoxsaylı dayaqları məhv etmək lazımdır. Yalnız körpünün aşırımlarının vurulması isə onun fəaliyyətini müvəqqəti dayandırır və sonradan həmin hissələrin bərpası mümkündür.
Timoçko bildirib ki, Krım körpüsünə zərbə endirmək üçün yalnız çoxlu sayda raket deyil, həm də onları eyni vaxtda buraxmaq üçün kifayət qədər buraxılış sistemi tələb olunur. Bundan əlavə, körpü Rusiya hava hücumundan müdafiə sistemləri və aviasiya tərəfindən qorunur.
Ekspert hesab edir ki, hazırda Ukrayna üçün bahalı və qıt raketləri Krım körpüsünə sərf etmək prioritet deyil.
“Raketlərlə bağlı bizim həmişə problemimiz olub. Sual yaranır: Rusiyanın hərbi-sənaye müəssisələrini və neft emalı zavodlarını sıradan çıxarmaq, yoxsa bu gün artıq strateji əhəmiyyət daşımayan körpünü vurmaq daha vacibdir?” – deyə Timoçko bildirib.
Onun sözlərinə görə, Krım körpüsü hazırda daha çox sərnişin daşımalarında istifadə olunur. Bu səbəbdən Ukrayna üçün Rusiyanın hərbi sənayesinə, raketdaşıyıcılarına və Krımda hərbi logistikanı təmin edən obyektlərə zərbələr endirmək daha məqsədəuyğundur.
"Zərbə endirdiyimiz Çonqar körpüsü isə tamamilə fərqli məsələdir. O, ətrafdakı bataqlıqlardan irəliləməyin qeyri-mümkün olduğu dar bir dar bir keçiddə yerləşir buna görə də o, prioritet hədəfdir, çünki onun məhv edilməsi düşmənin logistikasına çətinlik yaradır. Eyni şey Arabat adlanan bəndə endirilən zərbələrə də aiddir", - deyə hərbi ekspert vurğulayıb..
Timoçko bildirib ki, körpülər "Taurus", "Tomahawk", ATACMS və "Storm Shadow" kimi raketlərlə vurula bilər. Lakin Ukraynanın "Taurus" və "Tomahawk" raketlərinə sahib olmadığını deyən ekspert bu variantı potensial imkan kimi qiymətləndirib.
Onun sözlərinə görə, Ukraynanın “Palyanitsa”, “Neptun”, “Sapsan” və digər zərbə vasitələri də var. Lakin effektiv nəticə üçün müxtəlif tipli raket və dronlardan kompleks şəkildə istifadə edilməlidir.
Məlumata görə, Rusiya işğal altındakı Krımda Krım körpüsünün mühafizəsini gücləndirib. Körpünün ətrafında çoxsəviyyəli müdafiə zonası yaradılıb.
Müdafiə xətləri körpünü Ukrayna qüvvələrinin mümkün suüstü və sualtı pilotsuz katerlərinin hücumlarından qorumağa hesablanıb. Bundan başqa, körpünün yerləşdiyi akvatoriyada Rusiya Federal Təhlükəsizlik Xidmətinin gəmiləri patrul edir.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk isə bildirib ki, Rusiya Krım körpüsündən hərbi texnika və yanacaq daşımağa risk etmir.

