"Flydubai" reysi ilə bağlı yeni şok detallar: Pilot təyyarəni qaçırmaq planlarından danışdı

5-10-2026, 11:44           
"Flydubai" reysi ilə bağlı yeni şok detallar: Pilot təyyarəni qaçırmaq planlarından danışdı
Sentyabrın 30-da "FlyDubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan reysində baş vermiş insidentlə yeni detallar müəyyən edilib. İkinci pilot təyyarəni ələ keçirdikdən sonra onu İsrailin Ben-Qurion hava limanının terminalına çırpmağı planlaşdırıb.

Bu barədə İsrailin 12-ci telekanalı məlumat verib.

Kanalın məlumatına görə, ikinci pilot dindirilmə zamanı təyyarəni paytaxt Təl-Əvivə çatdıraraq son anda istiqamətini dəyişib terminala çırpmağı planlaşdırdığını bildirib.

Məlumata görə, pilot təyyarəni İsrailə adi qaydada endirməyi, yalnız qarşısının alınmasının mümkün olmayacağı son anda onu terminala yönəltməyi planlaşdırıb. Lakin kapitanın, aldığı yaralara baxmayaraq, kabinənin qapısını aça bilməsi bu planın qarşısını alıb.

İtaliyanın "Corriere della Sera" qəzeti isə ikinci pilotun insident zamanı "Boeing 737" təyyarəsinin hər iki mühərrikini söndürməyə çalışdığını yazıb. Qəzet bunu sərnişinlərin çəkdiyi videoda salonda qəza işıqlarının yanması ilə əlaqələndirib.

Sözügedən işıqlar təyyarənin əsas elektrik təchizatını itirməsi və akkumulyatorlara keçməsi zamanı işə düşə bilər.

Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Tabuk şəhərinin hava limanına məcburi eniş edib. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi oktyabrın 1-də hadisənin ikinci pilotun kapitana hücumu nəticəsində baş verdiyini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]