Emosional vəziyyətin genlərə təsiri
3-10-2026, 10:34

İnsan beynində canlandırdığı hər bir fikir orqanizmdə müəyyən kimyəvi proseslərin yaranmasına səbəb olur. Sevgi, qorxu və stress kimi emosiyalar zamanı beyində müxtəlif maddə və hormonlar ifraz edilir.
Bizimyol.info xəbər verir ki, sevgi zamanı dopamin və oksitosin kimi maddələr ön plana çıxır. Qorxu və stress zamanı isə orqanizm stress hormonlarının ifrazını artırır.
Bu kimyəvi dəyişikliklər qanın tərkibinə və hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Fərqli emosional vəziyyətlərin orqanizmdə yaratdığı dəyişikliklər genlərin fəaliyyətinə də təsir göstərə bilər.
Emosional vəziyyət genlərin fəaliyyətinə təsir edə bilərmi?
Bizimyol.info xəbər portalına danışan genetik mütəxəssis, Phd. candidate Jalə Nəsibova bildirib ki, emosional vəziyyət genlərin fəaliyyətinə dolayı yolla təsir göstərə bilər. Lakin bu, düşüncələrimizin birbaşa DNT ardıcıllığını dəyişdirməsi demək deyil.
Jalə Nəsibova deyir: “İnsan orqanizmində emosional vəziyyət, sinir, endokrin və immun sistemləri arasında mürəkkəb bioloji qarşılıqlı əlaqələr yaradır. Məsələn, uzunmüddətli stress zamanı hipotalamus–hipofiz–böyrəküstü vəzi (HPA) oxu aktivləşir və kortizolun ifrazı tənzimlənir. Kortizol hüceyrədaxili qlükokortikoid reseptorlarına bağlanaraq müəyyən genlərin transkripsiyasına təsir göstərə bilər. Bu proses immun cavabın, metabolizmin və iltihabi reaksiyaların tənzimlənməsində iştirak edir”.
Jalə Nəsibova vurğulayır ki, bu mövzuda mühüm anlayışlardan biri epigenetikadır: “Epigenetik mexanizmlər DNT-nin nukleotid ardıcıllığını dəyişdirmədən gen ekspressiyasının tənzimlənməsində iştirak edir. DNT metilləşməsi, histon modifikasiyaları və bəzi qeyri-kodlaşdırıcı RNT-lər bu mexanizmlərə nümunədir”.
Genetik mütəxəssisin sözlərinə görə, müsbət emosiyalar da neyroendokrin sistemə təsir göstərə bilər: “Elmi tədqiqatlar göstərir ki, xüsusilə xroniki stress və ağır psixososial təcrübələr müəyyən toxuma və hüceyrələrdə gen ekspressiyası və epigenetik dəyişikliklərlə əlaqəli ola bilər. Lakin bu dəyişikliklərin xarakteri fərdin bioloji xüsusiyyətlərindən, stressin müddətindən və digər ətraf mühit amillərindən asılıdır.
Müsbət emosiyalar və sosial münasibətlər də neyroendokrin sistemə təsir göstərə bilər. Bununla belə, yalnız müsbət düşünməklə genetik xəstəlikləri aradan qaldırmaq və ya DNT-dəki patogen variantları dəyişdirmək mümkün deyil”.
Jalə Nəsibova əlavə olaraq deyib: “Düşüncələrimiz və emosional vəziyyətimiz fizioloji mexanizmlər vasitəsilə müəyyən genlərin fəaliyyətinə təsir göstərə bilər. Ancaq gen ekspressiyasının tənzimlənməsi ilə DNT ardıcıllığının dəyişməsi bir-birindən fərqli bioloji proseslərdir”.
Günel Həsənova, Bizimyol.info

