“Ailə iki insanın bir-birinə qalib gəldiyi yer deyil”
3-10-2026, 00:10

Professor, psixiatr Nevzat Tarhan ailə münasibətləri ilə bağlı deyir: “Ailəni məhv edən iki mühüm virus var. Biri eqoizm, yəni özünü düşünməkdir. Eqolar o qədər yüksəlib ki, insanlar “əvvəlcə mən” deyirlər: “Mənim haqqım, sənin haqqın”, “Mənim anam, sənin anan”, “Mənim pulum, sənin pulun”. Kişi qadını, qadın isə kişini domine etməyə çalışır. Qadın və kişi münasibətləri qlobal mədəniyyətdə rəqabətə çevrilib. Halbuki qadın və kişi münasibətləri bir-birini tamamlayan münasibətlər olmalıdır.
İkinci isə dünyəvilik, yəni sekulyarizmdir. İnsan sanki hesab gününün olmadığını düşünərək yaşayır.
Müasir ailələrdə tərəflərin bir-birini tamamlaması əvəzinə rəqibə çevrilməsinin psixoloji səbəbləri nələrdir?
Psixoloq Almara Ağaqızı Bizimyol.info xəbər portalına bildirib ki, müasir ailələrdə qadın və kişinin bir-birini tamamlayan iki tərəf olmaq əvəzinə bəzən rəqib mövqeyinə keçməsinin arxasında tək bir səbəb dayanmır: “Burada həm fərdi psixologiyanın, həm uşaqlıqdan gətirilən münasibət modellərinin, həm də müasir həyatın yaratdığı sosial dəyişikliklərin rolu var”.
Psixoloq deyir: “Sağlam münasibətdə “mən” və “sən” yox olmur, amma onların yanında güclü bir “biz” anlayışı formalaşır. Problem o zaman başlayır ki, münasibətdə hər iki tərəf daim “kim daha çox verir?”, “kim daha çox qazanır?”, “kimin sözü keçməlidir?”, “kim haqlıdır?” hesabı aparmağa başlayır. Bu zaman ailə emosional əməkdaşlıq məkanından tədricən güc mübarizəsi meydanına çevrilə bilir.
Münasibətlərin keyfiyyətini müəyyən edən mühüm amillərdən biri tərəflərin bir-birini təhlükə və rəqib kimi deyil, emosional təhlükəsizlik mənbəyi kimi qəbul etməsidir. Bağlanma nəzəriyyəsi baxımından, insanın tərk edilmək, dəyərsiz qalmaq və ya nəzarəti itirmək qorxusu güclü olduqda o, münasibətdə daha çox müdafiə mövqeyinə keçə bilər. Bəzən “mənim sözüm keçsin” ehtiyacının arxasında güclü xarakterdən daha çox, incinməkdən və dəyərsiz hiss etməkdən qorunan bir insan dayanır”.
Almara Ağaqızının sözlərinə görə, sağlam sərhədlə emosional ayrışmanı bir-birinə qarışdırmaq olmaz: “Başqa mühüm məsələ münasibətlərdə hesabçılığın artmasıdır. “Mən bunu etdim, sən nə etdin?”, “mənim ailəm, sənin ailən”, “mənim pulum, sənin pulun” kimi sərt bölgülər çoxaldıqca emosional yaxınlıq zəifləyə bilər. Əlbəttə, sağlam sərhədlər, şəxsi hüquqlar və maddi müstəqillik vacibdir. Ancaq sağlam sərhədlə emosional ayrışmanı bir-birinə qarışdırmaq olmaz. Ailə fərdiliyin məhv edilməsi deyil, iki fərdin ortaq həyat qurma bacarığıdır”.
Almara Ağaqızının fikrincə, psixoloji problem insan öz ehtiyacını qoruyarkən qarşı tərəfin ehtiyacını görməməyə başladıqda yaranır: “Öz praktik müşahidələrimdə də görürəm ki, bir çox ailə münaqişəsinin görünən səbəbi pul, qohumlar, məişət və ya uşaqlar olsa da, dərinlikdə tərəflərin əsas ehtiyacı çox vaxt eynidir: “Məni gör, mənə dəyər ver, mənim fikrimi eşit və mənim bu münasibətdə önəmli olduğumu hiss etdir.
Burada eqoizm məsələsini də yalnız “özünü düşünmək” kimi sadələşdirməzdim. Sağlam özünüdəyər və şəxsi sərhədlər münasibət üçün vacibdir. Psixoloji problem insan öz ehtiyacını qoruyarkən qarşı tərəfin ehtiyacını görməməyə başladıqda yaranır. Münasibət “mən qalib gəlim” prinsipi ilə idarə olunursa, nəticədə çox vaxt qalib olmur; münasibətin özü uduzur”.
Psixoloq deyir ki, sekulyarlaşma məsələsinə psixoloji baxımdan daha geniş yanaşmaq lazımdır: “Ailənin davamlılığı yalnız dini inancdan deyil, eyni zamanda ortaq dəyərlərdən, məsuliyyət hissindən, vicdandan, sədaqətdən və münasibətə məna verən prinsiplərdən asılıdır. Dini inanc bəzi ailələr üçün bu mənanı və məsuliyyət hissini gücləndirən mühüm mənbə ola bilər; başqa ailələrdə isə eyni funksiyanı ortaq etik və mənəvi dəyərlər daşıya bilər.
Məncə, müasir ailənin ən böyük ehtiyaclarından biri yenidən “biz” dilini öyrənməkdir. “Kim haqlıdır?” sualından əvvəl “Bizim münasibətimiz üçün nə faydalıdır?” sualını vermək lazımdır. Çünki qadınla kişinin eyni olması tələb olunmur; əsas məsələ fərqliliklərin hakimiyyət mübarizəsinə deyil, qarşılıqlı tamamlanmaya, hörmətə və əməkdaşlığa çevrilməsidir”.
Almara Ağaqızı əlavə edib: “Ailə iki insanın bir-birinə qalib gəldiyi yer deyil. Ailə iki fərqli insanın öz fərdiliyini qoruyaraq eyni tərəfdə dayanmağı bacardığı münasibətdir”.
Günel Həsənova

