Düşüncələrimiz hormonlarımıza necə təsir edir?
3-10-2026, 00:08

İnsan beynində yaranan düşüncələr və yaşadığımız emosiyalar orqanizmdə bir sıra kimyəvi və hormonal dəyişikliklərə səbəb olur. Sevgi, qorxu, həyəcan və stress zamanı bədəndə fərqli hormonlar ifraz edilir. Bizimyol.info xəbər verir ki, bu proseslər təkcə əhvalımıza deyil, yuxumuza, immun sistemimizə və ümumi sağlamlıq vəziyyətimizə də təsir göstərə bilər.
Xüsusilə uzunmüddətli stress zamanı kortizol və digər stress hormonlarının səviyyəsində dəyişikliklər baş verir. Emosional vəziyyətlə hormonal sistem arasındakı bu əlaqə orqanizmin gündəlik fəaliyyətində mühüm rol oynayır.
Stress hormonlara nə qədər müddət təsir edə bilər?
Bizimyol.info xəbər portalına danışan endokrinoloq Mehri Məmmədzadə bildirib ki, adrenalin hormonunun stress səbəbindən yüksəlməsi bir neçə saat davam edə bilər: “Stress hormonlarına adrenalin və kortizolu misal göstərə bilərik. Adrenalin stress vəziyyətində sürətlə yüksəlir və təsiri bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Daha sonra isə normaya düşür. Kortizol isə bir qədər gec yüksəlir. Məsələn, güclü stress yaşadıqda onun səviyyəsi saatlarla, bəzən həftələrlə və aylarla yüksək qala bilər. Davamlı stress altında olan insanlarda kortizol ritminin pozulması müşahidə oluna bilər”.
Endokrinoloqun sözlərinə görə, stressi həyatınızdan götürsəniz belə kortizoloun əlaməti tamaməm keçmir: “Bunun əlamətləri yorğunluq, halsızlıq, gərginlik, yuxusuzluq və əsəbilik kimi özünü göstərə bilər. Başqa bir tərəfdən, stress aradan qalxsa və hormon səviyyəsi normaya düşsə belə, kortizolun yaratdığı bu əlamətlər tamamən yox olmur”.
“Orqanizmin bərpa olunması üçün müəyyən vaxt lazımdır və yorğunluq, gərginlik, əsəbilik, yuxu pozğunluğu kimi əlamətlər tədricən normallaşa bilər,” - deyə Mehri Məmmədzadə vurğulayıb.
Günel Həsənova,

