Beynimizi müsbət düşünməyə öyrətmək mümkündür - Psixoloq
2-10-2026, 11:24

Ağlınızda nə zaman bir şeyi canlandırsanız, beyniniz bunu tamamlayıcı bir kimyaya çevirir. Əgər zehninizdən eşq keçirsə, beyniniz qana möhtəşəm maddələr buraxır.
Zövq üçün dopamin, başqaları ilə bağ qurmaq üçün oksitosin. Bədən böyümə hormonunun ifrazı üçün lazım olanı edir. Aşiq olduğunuz zaman canlılığınızı artıran bu böyümə hormonunu ifraz edirsiniz. Məhz buna görə insanlar deyirlər: “Aşiq olanda necə də sağlam və parlaq görünürlər!”
Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, bunun səbəbi qanın kimyasıdır. Bu kimyəvi dəyişikliklər hüceyrələrin davranışına təsir edir.
Əgər sizi qorxudan şeyləri zehninizdən keçirirsinizsə, o zaman sevgi kimyasını ifraz edə bilməzsiniz. Stress hormonlarını ifraz etməyə başlayırsınız və bu zaman immun sisteminə təsir edən amillər ortaya çıxır.
Bunlar fərqli kimyalardır. Eynilə fərqli yemək mədəniyyətləri kimi, fərqli kimyəvi proseslər də fərqli genetik aktivliyə səbəb olur.
Deməli, genetikamı dəyişmək istədikdə, hüceyrəni dəyişmək yox, etməli olduğumuz tək şey düşüncəmizi dəyişdirməkdir.(mənbə:seldakanat)
İnsan beynini müsbət düşünməyə öyrədə bilərmi? Necə öyrədə bilər?
Bizimyol.info xəbər portalına danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, beynimiz həyat boyu öyrənmək, dəyişmək və yeni vərdişlər formalaşdırmaq qabiliyyətinə malikdir: “Beynimizin bu xüsusiyyəti neyroplastiklik adlanır. Yəni düşüncə tərzimizi və davranışlarımızı təkrar vasitəsilə zamanla dəyişə bilərik”.
Zeynəb Əyyubova deyir: “Əgər insan daim mənfi hadisələr haqqında düşünürsə, beyni problemlərə və təhlükələrə daha çox diqqət yetirməyə alışa bilər. Buna görə də ilk növbədə düşüncələrimizi müşahidə etməyi öyrənməliyik. Mənfi fikir yarandıqda özümüzdən soruşaq: “Bu, həqiqətən belədir, yoxsa mən sadəcə qorxuram?” Unutmayaq ki, ağlımızdan keçən hər fikir həqiqət deyil.
Beynimizi müsbət düşünməyə öyrətmək üçün diqqətimizi həyatımızda yaxşı olan şeylərə yönəldə bilərik. Hər gün bizi sevindirən üç şeyi xatırlamaq, özümüzlə mehriban danışmaq və səhvlərimizə görə özümüzü günahlandırmamaq faydalı vərdişlərdir. “Mən bacarmıram” əvəzinə “Mən öyrənə bilərəm” demək özümüzə münasibətimizi dəyişməyə kömək edə bilər”.
Psixoloqun sözlərinə görə, müsbət düşünmək heç vaxt kədərlənməmək demək deyil: “Keyfiyyətli yuxu, fiziki hərəkət, təmiz havada gəzmək və sevdiyimiz insanlarla vaxt keçirmək də əhvalımıza müsbət təsir göstərir. Həmçinin hər gün bir neçə dəqiqə sakit oturmaq, nəfəsimizə diqqət yetirmək və özümüzü rahat bir vəziyyətdə təsəvvür etmək stressi azaltmağa kömək edə bilər.
Ən vacibi, müsbət düşünmək heç vaxt kədərlənməmək və qorxmamaq demək deyil. Bütün hisslərimizi qəbul etməli, özümüzə zaman tanımalı və çətin anlarda özümüzə qarşı mərhəmətli olmalıyıq. Düşüncələrimizi dəyişməklə bütün xəstəlikləri sağaltmaq və ya genlərimizi istədiyimiz kimi dəyişmək mümkün olmasa da, düşüncə tərzimiz emosional vəziyyətimizə təsir edə bilər”.
Zeynəb Əyyubova əlavə edib: “Unutmayaq ki, beynimizi dəyişmək üçün səbir və davamlılıq lazımdır. Hər gün özümüzə xatırladaq: “Mən hər düşüncəmi seçə bilməsəm də, ona necə yanaşacağımı öyrənə bilərəm. Mən dəyişə, öyrənə və inkişaf edə bilərəm.” Bəzən həyatımızı dəyişmək üçün hər şeyin dəyişməsinə ehtiyac yoxdur; özümüzə münasibətimizi dəyişməklə başlaya bilərik”.
Günel Həsənova, Bizimyol.info

