Nəvəsi ilə bağlı etirafı eşidən baba və qızı kürəkənini ölüdürdü - TƏFƏRRÜAT

18-09-2026, 11:26           
Nəvəsi ilə bağlı etirafı eşidən baba və qızı kürəkənini ölüdürdü - TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini öldürməkdə təqsirləndirilən Nəcəf Qafarov və onun qızı Nuranə Məhərrəmovanın cinayət işinin bəzi detalları açıqlanıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, hadisə ailədaxili münasibətlər və azyaşlı ilə bağlı əvvəlki araşdırma ətrafında yaranmış mübahisədən sonra baş verib.

İstintaqın versiyasına əsasən, Nuranə Məhərrəmova keçmiş evliliyindən olan övladı ilə bağlı müəyyən məlumatları öyrəndikdən sonra əri, zərərçəkmiş Ədil Məhərrəmovu öldürmək qərarına gəlib, atası Nəcəf Qafarov isə sonradan bu prosesə qoşulub.

Belə ki, Ədil Məhərrəmov 2019-cu ildən Nuranə Məhərrəmova ilə rəsmi nikah münasibətlərində olub. Qadının əvvəlki evliliyindən olan 2008-ci il təvəllüdlü övladı S.S. (adı, soyadı şərtidir) ilə bağlı 2023-cü ildə hüquq-mühafizə orqanlarına müraciəti əsasında istintaq araşdırması aparılıb.

Müraciətdə Ədil Məhərrəmovun təxminən 2022-ci ilin fevral ayının ortalarında yetkinlik yaşına çatmayan qızın iradəsi əleyhinə dərman verməklə cinsi əlaqədə olması barədə məlumat verilib. Bununla bağlı Cinayət Məcəlləsinin 149.2-1.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb. Lakin istintaq nəticəsində Ədil Məhərrəmovun həmin cinayəti törətməsinə dair kifayət qədər sübutların toplanmasının mümkün olmadığı qeyd olunur və o, bu epizod üzrə cinayət məsuliyyətinə cəlb edilməyib.

Bununla belə, ittihamda bildirilir ki, Nuranə Məhərrəmova Ədil Məhərrəmovun hadisə ərəfəsində həmin məsələ barədə məlumatlı olduğunu və onunla qızı arasında münasibətlərin davam etdiyini düşündüyündən ona qarşı mənfi münasibət bəsləyib.

Qətl hadisəsindən əvvəl Nuranə Məhərrəmova bir neçə günlüyə başqa övladının yanında yaşayan şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərinə gəlməsini istəyib.

S.S. 2025-ci il tarixdə saat 19:40 radələrində məişət işləri ilə əlaqədar həmin evə gəlib. Lakin bu zaman Nuranə Məhərrəmova evdə olmayıb. Ədil Məhərrəmov S.S.-ə evdə əsəbi olduğunu və içəri keçəcəyi təqdirdə onu döyəcəyini deyib. Bundan qorxan qız anasının işdən qayıtmasını gözləmək üçün yaxınlıqdakı mağazalarda vaxt keçirib.

Ailə üzvləri tərəfindən tapıldıqdan sonra S.S. saat 22 radələrində evə gətirilib.

İstintaqın məlumatına görə, Nuranə Məhərrəmova onun özbaşına hərəkət etməsinə əsəbiləşərək yumruq və sillə zərbələri vurub. Nəticədə S.S.-in burun və sağ gicgah nahiyələrində qançırlar yaranıb.

İttihamda qeyd olunur ki, S.S. əslində vaxtında evə gəldiyini, lakin Ədil Məhərrəmov tərəfindən geri qaytarıldığını deyib. Bundan sonra Nuranə Məhərrəmova Ədil Məhərrəmovdan qızının doğru danışıb-danışmadığını soruşub. Ədil Məhərrəmov bunu təsdiqləyərək “yaxşı eləmişəm, əvvəlki sənin bildiyini də mən eləmişəm” ifadəsini işlədib.

Nuranə Məhərrəmova bu sözlərdən Ədil Məhərrəmovun S.S. ilə cinsi əlaqədə olduğunu etiraf etdiyi qənaətinə gəlib və ondan qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Qadın ərinə hücum edərək onu yumruq zərbələri ilə vurmağa başlayıb. Bu zaman qadının atası Nəcəf Qafarov da Ədil Məhərrəmovun həmin etirafını eşidib və qəzəblənərək qızının hərəkətlərinə qoşulub. Ata və qız birlikdə Ədil Məhərrəmovun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurublar.

Zərbələrdən sonra Ədil Məhərrəmov mətbəxdəki çarpayının üzərinə yıxılıb. Daha sonra ayağa qalxaraq özünü müdafiə etmək məqsədilə qab-qacaq dolabının altında bərkidilmiş divar rəfindən bıçaq götürməyə çalışıb. Lakin Nəcəf Qafarov onun qarşısını alaraq geri çəkib və mətbəx bıçağını özü götürüb. Ardınca Nəcəf Qafarov Ədil Məhərrəmova yumruq və təpik zərbələri vurub. Nəticədə zərərçəkmiş müvazinətini itirərək divara dəyib.

Daha sonra Nuranə Məhərrəmova yenidən Ədil Məhərrəmova hücum edib, onu divara sıxaraq müqavimət göstərmək imkanını məhdudlaşdırıb. Nəcəf Qafarov həmin vaxt əlindəki bıçaqla Ədil Məhərrəmovun ürək nahiyəsinə bir zərbə vurub. Nəticədə onun döş qəfəsinin ön səthinin sol yarısında, IV-V qabırğalararası sahədə döş boşluğuna nüfuz edən və ürəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara aldığı göstərilir.

İttihamda göstərilir ki, Nəcəf Qafarov Ədil Məhərrəmova ikinci dəfə bıçaq zərbəsi vurmağa çalışıb. Bu zaman S.S. buna mane olmaq üçün bıçağı tutub və nəticədə sol əlin I barmağında kəsilmiş yara yaranıb.

Daha sonra Nəcəf Qafarov nəvəsinin qarnından təpiklə vuraraq kənarlaşdırıb və Ədil Məhərrəmova yenidən bıçaqla zərbə endirməyə çalışıb. Bu zaman Nuranə Məhərrəmova bıçağı atasının əlindən alıb.

Qadın Ədil Məhərrəmovu evdən çıxarıb və onu divara sıxaraq əlindəki bıçaqla boynunun ön səthinin sağ yarısına zərbə vurub.

Ekspertiza həmin xəsarəti sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirib.

İş materiallarında həmçinin Nuranə Məhərrəmovanın yumruq zərbələri nəticəsində özünün də sağ əlinin II barmağında qançır, IV və V barmaqlarının əsas oynaqları nahiyəsində sıyrıqlı qançırlar aldığı göstərilir. Bu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilib.

Nuranə Məhərrəmova Ədil Məhərrəmovun müqavimət göstərdiyini və onların niyyətini həyata keçirmək üçün kifayət qədər güclərinin çatmadığını görüb. Zərərçəkmiş yaranmış fürsətdən istifadə edərək onların əlindən qurtulub və evdən qaçıb. Lakin aldığı xəsarətlər nəticəsində çoxlu qan itirdiyi üçün yaxınlıqdakı küçədə park edilmiş avtomobilin arxasında yerə uzanıb.

Hadisədən xəbərsiz olan qonşular onu yaralı vəziyyətdə aşkar edərək kömək göstərmək məqsədilə hadisənin baş verdiyi ünvana gətiriblər.

İş materiallarında Ədil Məhərrəmovun ürək və boyun nahiyəsindən aldığı xəsarətlər nəticəsində öldüyü göstərilir.

İttihama əsasən, bu xəsarətlər Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın birlikdə həyata keçirdikləri hərəkətlər nəticəsində yaranıb.

Beləliklə, istintaq hər iki şəxsin bir qrup halında Ədil Məhərrəmovu qəsdən öldürdüyünü hesab edib və onların əməllərinə müvafiq hüquqi qiymət verilib.

Məhkəmə istintaqı zamanı ata və qızı elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova 14 il 6 ay azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]