Süni intellekt beyin üçün "fast food"dur
16-09-2026, 15:18

Süni intellekt e-poçt yazmaqdan təqdimat hazırlamağa qədər gündəlik işlərin getdikcə daha böyük hissəsini üzərinə götürür. Bu, vaxta qənaət etsə də, mütəxəssislər süni intellektdən davamlı istifadənin insanların müstəqil düşünmə, qərarvermə və problem həll etmə bacarıqlarını zəiflədə biləcəyi barədə xəbərdarlıq edirlər.
Valyuta.az xəbər verir ki, məqalədə neyroliderlik üzrə mütəxəssis, “NeuroLeadership Institute”un həmtəsisçisi və baş direktoru Devid Rok süni intellekti beyin üçün “fast food”a bənzədib. Onun fikrincə, fast food insanların rahatlığa meylindən istifadə etdiyi kimi, texnologiya şirkətləri də düşünmə prosesini süni intellektə həvalə etməyi getdikcə asanlaşdırır.
Müəllif qeyd edir ki, generativ süni intellekt artıq istifadəçinin kömək istəməsini gözləmədən e-poçt yazarkən, təqdimat hazırlayarkən, şəkil yaradarkən və hətta biznes strategiyası üzərində işləyərkən öz köməyini təklif edir. Nəticədə süni intellektdən istifadə etmək bir çox rəqəmsal platformada faktiki olaraq standart seçimə çevrilir.
İllərlə formalaşan bacarıqlar zəifləyir
Məqalədə istinad edilən araşdırmalar göstərir ki, müəyyən işi süni intellektə həvalə etmək həmin bacarığın nisbətən qısa müddətdə zəifləməsinə səbəb ola bilər. Məsələn, süni intellekt alətlərinin həkimlərin iş prosesinə daxil edilməsindən sonra onların müəyyən tibbi göstəriciləri müstəqil aşkar etmək bacarığının azaldığı bildirilir. Digər araşdırmada isə hətta illərlə təcrübəsi olan şəxslərdə süni intellekt köməyindən sonra proqramlaşdırma bacarıqlarının zəiflədiyi qeyd olunur.
“Boston Consulting Group”un araşdırmasına görə isə generativ süni intellektdən geniş istifadə zamanı itirilməsi riski ən yüksək olan bacarıqlar arasında mühakimə və qərarvermə, eləcə də problemi anlama və düzgün formalaşdırma yer alır. Maraqlısı odur ki, məhz bu bacarıqlar süni intellektdən nə vaxt istifadə etməyin və onun verdiyi cavabın doğru olub-olmadığını müəyyənləşdirmək üçün lazımdır.
Süni intellekt özünəinamı artırır, amma doğruluğu yox?
Məqalədə diqqət çəkən başqa bir araşdırmanın nəticələri də təqdim olunur. 2026-cı ildə 3 min nəfər arasında aparılan araşdırmada süni intellektdən istifadə edən iştirakçıların yalnız 3%-i “bilmirəm” cavabını verib. Süni intellektsiz cavab verənlərdə isə bu göstərici 44% olub.
Süni intellektdən istifadə zamanı insanların verdikləri cavablara inamı 30%-dən 76%-ə yüksəlib. Bununla yanaşı, müəllifin təqdim etdiyi nəticələrə görə, faktiki düzgün cavab göstəricisi 27%-dən 9%-ə düşüb.
Müəllif hesab edir ki, problem süni intellektdən ayrı-ayrı tapşırıqlarda istifadə etmək deyil, ona davamlı şəkildə arxalanmaqdır.

